“Azərbaycan diversantları o vaxt bizim bir postumuzu ələ keçirdi...” - KƏŞFİYYAT RƏİSİ OLMUŞ GENERAL KARAPETYAN

Baxış sayı:
9718

Ermənistanın 1in.am saytı Baş qərargahın kəşfiyyat idarəsinə 10 il başçılıq etmiş general Arşak Karapetyanın 2008-ci il 1 mart hadisələrinə dair istintaqa şahid qismində verdiyi ifadəni dərc edib.

Virtualaz.org xəbər verir ki, Ermənistan ordusunun 2016-cı ilin aprel döyüşlərində aldığı zərbələrə görə Serj Sərkisyan tərəfindən işdən çıxarılan, lakin hazırda baş nazir Paşinyanın müşaviri olan general Karapetyan həmin hadisələr zamanı Azərbaycanla cəbhə xəttindən qoşunların çıxarılıb Yerevana göndərilməsindən danışıb.

Karapetyan ifadəsində deyir ki, silahlı qüvvələrin komandanlığı 2008-ci ilin fevral-mart aylarında Azərbaycan Silahlı Qüvvələrinin cəbhənin müxtəlif istiqamətlərində, xüsusən də Qarabağda cəmləşdiyi bir vaxtda qoşunların Yerevana aparılmasını anlamırdı. Ordunun bəzi hissələri üçün isə bu yerdəyişmə qəbuledilməz idi. Generalın bildirdiyinə görə, nəinki Qarabağdan, hətta Ermənistan-Azərbaycan sərhədindən də qüvvələr çıxarılaraq Yerevana aparılıb.

Həmin günlərdə təmas xəttinin müxtəlif istiqamətlərində, xüsusən də Qarabağdakı müdafiə rayonlarında Azərbaycan Silahlı Qüvvələrinin cəmləşməsi müşahidə olunurdu. Bu cəmləşmənin nəticəsi olaraq bir müddət sonra düşmənin diversiya qrupu bizim müdafiə postlarımızdan birini ələ keçirdi”,-Arşak Karapetyan bildirib.

O, ifadəsində deyib ki, Ermənistan silahlı qüvvələri həmin postu tezliklə geri qaytarıb. Qarşı tərəf itki verib və meyitlər həmin postda qalıb.

“Mənim və komandan heyətindən bir çoxları üçün təəcüblü idi ki, regionda hökm sürən təhlükəli vəziyyətə baxmayaraq Yerevana üstəlik sərhəd korpusunun birləşmələrini də göndərmişdilər. Bu mənim üçün qəbuledilməz idi, çünki istənilən vaxt sərhəddə təxribat baş verərdi və əlavə qüvvələrə ehtiyac yaranardı Sərhəd korpusundan qoşunları çıxarıb Yerevana göndərməyin nə mənası vardı ki, oradakı mitinqləri başqa qüvvələrin köməyi ilə dağıtmaq olardı? Ən uzağı Yerevan qarnizonunun qoşunlarından istifadə oluna bilərdi. Aydın deyildi ki, nəyə görə 3-cü ordu korpusunun BMP-ləri Yerevana göndərilmişdi. Bu texnika orada nə etməli idi? Mənim fikrimcə bütün bunlara ehtiyac yox idi”,-Karapetyan bildirir.

Ermənistan ordusunun 3-cü korpusu Azərbaycanla sərhədin Qazax-Tovuz-Gədəbəy istiqamətlərinə cavabdehdir.

General Karapetyan Serj Sərkisyanı, Robert Köçəryanı və vaxtilə qulluq etdiyi komandanın digər üzvlərini istintaqa sataraq fevralın 23-də Yerevanda keçirilən müşavirə haqda da danışıb. Deyib ki, Köçəryan həmin müşavirədə ölkədə hərbi vəziyyətin elan olunduğunu bildirdi. Serj Sərkisyan isə hələ baş nazir statusunda təklif etdi ki, Yerevanda general Yuri Xaçaturovun rəhbərliyi ilə hərbi administrasiya yaradılsın.

Xatırladaq ki, bundan əvvəl BBC rus xidməti istintaq sənədlərinə istinadən Qarabağdan Yerevana göndərilən qoşunlara general Samvel Karapetyan-Ohanovskinin komandanlıq etdiyini bildirib. İstintaq materiallarına əsasən həmin qüvvələrin içərisindən nümayişçilərə güllə atmaq üçün 20 nəfərlik dəstələr yaradılıb, onlar prezident administrasiyasının zirzəmisində yerləşdirilib.