“Avropa Birliyinə alternativ olaraq İslam Birliyi yaratmalıyıq” - SƏRDAR CƏLALOĞLU

“Dünyada 57 müsəlman dövləti var, Türkiyə istisna olmaqla, heç birində demokratiya yoxdur”
 
“Əgər bir insan bizim bölüşdüyümüz ortaq dəyərlərə görə öldürülürsə, biz də bir insan kimi həmin dəyərlərin müdafiəsində durmalıyıq”

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu “Hürriyyət”ə müsahibələrinin birində “Bu gün modern xilafətin yaranmasını müsəlman dövlətlərinin başlıca vəzifəsi hesab edirəm” – deyə, açıqlama vermişdi. ADP sədrinin bu müsahibəsi sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrildi. Təbii ki, S.Cəlaloğlunun islam xilafətinin yaradılması ilə bağlı fikrini təqdir edənlərlə yanaşı, partiya sədrinin bu açıqlamasını tənqid edənlər, hətta təhqirə yol verənlər də oldu. Sonuncuların əsas ittihamı isə ondan ibarətdir ki, “İŞİD də xilafət qurmaq istəyir, Sərdar Cəlaloğlu da”. ADP sədri isə bu ittihamları tamamilə absurd hesab edir:
- Əvvəla onu deyim ki, mən siyasətçi olmaqla yanaşı, həm də həkiməm. Bilirəm ki, insanlarda innovasiya xəstəliyi deyilən bir vəziyyət var. Yəni bir çox insanda yeniliyi qarşılamaq, yeniliklə bağlı bir kompleks olur. Məsələn, təzə paltar alanda, təzə evə köçəndə, evində bir dəyişiklik olanda, o cümlədən yeni bir ideya gələndə özünü narahat hiss edir. Mənim verdiyim ideyaya ən mənfi reaksiyanı göstərən insanlar da məhz innovasiya xəstəliyi olanlardır. Hansı ki, onlar bütünlükdə həyat tərzində baş verən hansısa yeniliyi çox ağrılı qarşılayırlar. İkincisi, ideyanın özünün əleyhinə olanlar bunu dərindən mənimsəməmiş, hərtərəfli düşünməmiş insanlardır ki, xilafət adı gələn kimi dərhal İŞİD-lə assosiasiya yaradıblar və belə hesab edirlər ki, İŞİD də xilafət istəyir, Sərdar Cəlaloğlu da, deməli Sərdar Cəlaloğlu söyülməlidir. Əgər belədirsə, onda İŞİD-dən min il qabaq Məhəmməd Peyğəmbər xilafətin əsasını qoyub, onda biz gərək İŞİD-in bu günkü fəaliyyətinə görə Məhəmməd Peyğəmbərin xilafət yaratmasını ittiham edək. Halbuki heç bir normal müsəlmanın ağlına belə bir fikir gəlmir.
Əslində, ən gözəl ideyalar belə, pis adamların əlində pis məqsədlərə xidmət edə bilər. Xilafət ideyası pis ideya deyil. Sadəcə olaraq Bağdadinin, İŞİD-in əlində xilafət ideyası doğrudan da müsəlmançılıq üçün bir ləkə, müsəlman xalqları üçün başaşağılığı, insanlıq üçün böyük bir cinayətə çevrilir. Yəni söhbət İŞİD-in istədiyi bir xilafətdən getmir ki, orda insanlar özlərinin subyektiv fikirləri ilə şəriət müəyyən edirlər, Qurana zidd addımlar atırlar və s. Digər tərəfdən, bu yaxınlarda mətbuatda da çıxmışdı ki, İŞİD-in rəhbərliyində bir nəfər də olsun müsəlman yoxdur. İŞİD-in əsas rəhbərləri xristianlardır. Bu cür təşkilatlar da müsəlmanların özlərinin ən müqəddəs ideyalarından imtina etmələri üçün yaradılır. Məsələn, kimsə Quran adından axmaq bir fikir deyir, kimsə islam adından hansısa bir addım atır və bunun əksi olaraq insanlarda öz kitabına, öz dininə, öz peyğəmbərinə, öz yoluna mənfi bir münasibət formalaşır. Bu, dünyada aparılan ideoloji mübarizənin üsullarından biridir. Mən özümü sənin tərəfdaşın kimi aparıram, sonra isə sənin müdafiə etdiyin ideyalara zidd addım atıram və səni də həmin ideyalardan iyrəndirirəm. Bu baxımdan İŞİD-in xilafəti müdafiə etməsi ilə mənim xilafətlə bağlı dediyim fikirlərin arasında yaxından-uzaqdan heç bir əlaqə yoxdur...
- İŞİD xilafəti güc yolu, qan tökməklə qurmaq istəyir, Siz bunun yolunu necə görürsünüz?
- İŞİD xilafətin nə olduğunu anlamır. İŞİD dövlət yaratmaq istəyir. Xilafət dövlət deyil. Xilafət BMT, Avropa Birliyi kimi dövlətlərüstü bir qurumdur. Məhəmməd Peyğəmbər və ondan sonrakı bir dövr ərzində islam xilafəti yaradıldı və xilafətin tərkibində imperiyalar, dövlətlər və s. var idi, onların hamısı da müstəqil fəaliyyət göstərirdi. Sadəcə, xilafət, hansı dövlət olmasından və sərhəddindən asılı olmayaraq, müsəlman xalqlarını vahid islami dəyərələr ətrafından birləşdirir və islamı qoruyurdu. Bu gün Arakanda, Qəzzada və digər ölkələrdə müsəlmanlar məhz müsəlman olduğuna görə qırılır, insanlar konkret olaraq bu dinin təmsilçisi olduğuna görə məhv edilir. Bu baxımdan, əgər bir insan müsəlman olduğuna görə heç bir günah etmədiyi və ya düşmənçilik etmədiyi insanlar, yaxud bir cəbhə tərəfindən öldürülürsə, onda məntiqlə müsəlmanlar həmin adamı müdafiə etməlidir. Çünki bu artıq Arakan müsəlmanına, Qəzza müsəlmanına qarşı düşmənçilik deyil. Dünyanın harasında olursan ol, həmin düşmənçilik müsəlmana qarşıdır.
Heç də təsadüfi deyil ki, əsrin əvvəllərində ermənilərlə bizim aramızda gedən müharibənin adı “erməni-müsəlman davası” idi. Ermənilər təkcə türkləri öldürmürdü ki. Harda müsəlman görürdülər, öldürürdülər. Ona görə, Qubada elə kütləvi məzarlıq aşkar olunub, ləzgilər, yəhudilər və bu qəbildən olan insanlar da öldürülüb. Bakının özündə talışlar, kürdlər və s. etnik qrupların nümayəndələri məhz müsəlman olduğuna görə öldürülürdü. Bu baxımdan, əgər bir insan bizim bölüşdüyümüz ortaq dəyərlərə görə öldürülürsə, biz də bir insan kimi həmin dəyərlərin müdafiəsində durmalıyıq. Bu mənada xlafət dövlətüstü bir qurum kimi bütün dünyada müsəlmanların ehtiyaclarını ödəmək üçün yaradılmalıdır. Bu gün Avropa Birliyi əslində bir xilafətdir. Sadəcə olaraq “xilafət” ərəb sözü olduğuna görə, onlar bunun adını Avropa Birliyi qoyublar. “Xilafət” sözündən xoşları gəlmirsə, biz də bunun adını İslam Birliyi qoyaq. Sadəcə olaraq xilafət Məhəmməd Peyğəmbərin bir vərəsəsi kimi müsəlmanlara qalıb. Yəni peyğəmbərimiz tərəfindən Allahın əmri ilə yaradılan bir sosial institutdur. Baxın, bu gün xristian Avropa ölkələri sosial dövlət, hüquqi dövlət olmalarına görə fəxr edirlər və bu baxımdan digər müsəlman dövlətlərindən özlərini çox-çox üstün hesab edirlər. Dünyada 57 müsəlman dövləti var, Türkiyə istisna olmaqla, heç birində demokratiya yoxdur, hamısı totalitar bir rejimdədir. Bu isə cəmiyyətləri geri aparır, inkişafın qarşısını alır, iqtisadiyyatın inkişafına, şəxsiyyətin çiçəklənməsinə imkan vermir. Ən vacibi də müsəlman xalaqlarını, müsəlman dövlətlərini xarici güclərin qarşısında tərksilah edir. Hara baxırsan, münaqişələrin bir tərəfində müsəlmandır və məğlub olan tərəf müsəlmandır.
- Deyirsiniz ki, islam xilafəti Allahın əmri ilə Məhəmməd Peyğəmbər tərəfindən yaradılan bir sosial institutdur. Belə anlaşılır ki, bu, həm də islamın tələbidir...
- Biz tarixə baxanda görürük ki, sosial dövlət ideyasını Məhəmməd Peyğəmbər irəli sürüb. İnsanların ehtiyacının dövlət tərəfindən, bir başqa müsəlman tərəfindən ödənilməsi –islamda bir yoldur, ədalətli cəmiyyətin prinsipidir. Və yaxud da hüquqi dövlət anlayışı, hamı şəriət qarşısında bərabərdir... Əvvəla onu deyim ki, adamlar şəriət haqqında çox yanlış fikirlərdədir. “Şəriət” deyən kimi hər kəs əl kəsmək, qol kəsmək, daşqalaq etmək, ağacdan asmaq və s. kimi cəza növləri başa düşür. Allah-təala Quranda da bəyan edir ki, mənim iki qanunum var: sərt, möhkəm, sarsılmaz təbiət qanunu, bir də sərt, möhkəm, sarsılmaz cəmiyyət qanunu. Cəmiyyət qanunlarını Allah-təala Qurani-Kərimdə “şəriət qanunları” adlandırıb. Nə deməkdir şəriət qanunları? Ədalətli, sosial nizam şəriət deməkdir. İstəyirsən bunu dini anlayışlarla ifadə et, istəyirsən dünyəvi anlayışlarla, heç bir şey dəyişmir. Məsələn, şəriət deyir ki, adam öldürmə. Dünyəvi qanun da deyir ki, adam öldürmə. Şəriət deyir ki, oğurluq etmə. Dünyəvi qanun da deyir ki, oğurluq etmə. Şəriət deyir ki, yalan danışma. Dünyəvi qanun da deyir ki, yalan danışma və s. Bu baxımdan, uzun illər müsəlmanları öz dinindən, öz mədəniyyətindən, öz kökündən qoparmaq üçün şəriətin özünə də bir mənfi münasibət yaradılıb və təbii ki, burda həm də başqa qüvvələr rol oynayıb. Məsələn, islamda “şəriət” adı altında oğurluq etməyə görə əl kəsmək deyilən bir şey yoxdur. Belə bir əmr yoxdur ki, mütləq əlini kəsməlisən. İslamda zina etməyə görə daşqalaq kimi cəza yoxdur. Quranda elə bir şey yazılmır ki, mütləq daşqalaq etməlisən. Mütləq deyilən bir şey yoxdur. Əksinə, bütün cəzaların axırında Qurani-Kərimdə deyilir ki, Allah bağışlayandır, siz də bağışlasanız, ədalətli olarsınız. Yəni Allah-təala Quranda belə sərt, amansız cəzalar verilməsini heç kəsə əmr etməyib. Yalnız adam öldürməklə bağlı onu deyir ki, qisas alın. Bunu da açıq şəkildə deyir ki, niyə biz qisası sizə əmr etdik: qisas sizin cəmiyyəti adam öldürmək cinayətindən təmizləyər. Yəni bir adam bilsə ki, o kimisə öldürsə, onun qohumları qisas alacaq, heç vaxt adam öldürməz. Qisas cəzasızlıq duyğusunu insanlardan götürmək üçündür. İnsanlar bilsinlər ki, mütləq cəza olacaq. Yəni şəriətin, xilafətin nə olduğunu bilməyənlər və bu günkü “din xadimləri” o qədər şəriəti təhrif edir, şəriətin praktikaya tətbiqində o qədər yanlış yollar gedilir ki... Məsələn, İranda daşqalaq etmək, Ərəbistanda adamın başını kəsmək... Bunların şəriətə, Qurana nə aidiyyatı var?! Bu ayrı-ayrı mollaların Qurandan yanlış nəticələr cıxarıb, insanlıqla bir araya sığmayan cəzalar tətbiq etməsi ilə bağlıdır. Bunun Qurana, islama aidiyyatı yoxdur.
- Siz iki dövləti misal çəkdiniz – İranı və Ərəbistanı. Dolayısı ilə belə anlaşılır ki, bu dövlətlərin islama heç bir aidiyyatı yoxdur. O halda bu dövlətlərin İslam Birliyində təmsil olunması müsəlmanlara nə verə bilər?
- Bu dövlətlərin İslam Birliyində təmsil olunması onları belə bir fakt qarşısında qoyacaq ki, ya Quranın əmri ilə yaşamalıdır, ya da müsəlman dövləti olmadığını etiraf etməlidir. Əgər xilafət yaranacaqsa, xilafətin qanunları o vaxtlar – peyğəmbərin vaxtında da ümumi olub. Yəni istər Yaxın Şərq, istər Qafqaz, istər də Avropa müsəlmanı və s. olsun, hamı eyni qanuna tabe olur.
- Xilafətin dağılma səbəbi haqda nə deyə bilərsiniz?...
- Bax, müsəlmanların xəbəri yoxdur ki, xilafət nə vaxt səhnədən çıxdı. Birinci dünya müharibəsində 35 ölkə Türkiyəyə hücum etdi... Həmin vaxt Türkiyə həm xilafətin başında dururdu, həm də Osmanlı İmperiyası kimi mövcud idi. Əslində, Osmanlı İmperiyasını süqut etdirmə adı altından 35 xristian dövlətinin məqsədi xilafəti məhv etmək idi. Və doğrudan da xilafəti məhv etdilər. Bu xilafət tarixi inkişaf prosesində öz-özünə yox olub getməyib ki, biz deyək, yanlış sosial institut idi, tarixin sınağından çıxmadı. Bunu bizim düşmənlərimiz, bu gün müsəlmanların qanını tökən dövlətlər birləşib yıxıblar. Bu gün həmin dövlətlərə qarşı durmaq üçün biz yenidən onu bərpa etməliyik. Bu elementar məsələdir.
- Bir halda ki, 35 dövlət birləşərək Osmanlı kimi nəhəng imperiyanı süquta uğratdı, bu gün onlar yeni bir xilafətin yaranmasına imkan verərlər?
- Əgər biz düşmənlərimizin, bizə qarşı qəsdi olan insanların imkanına görə hərəkət etsək, onların istədiyi budur ki, bütün müsəlmanlar məhv olsun, yer üzündən silinsin, onda gərək hamımız gedək özümüzü asaq. Əlbəttə, mane olacaqlar. Əslində, bu gün xilafətin yaradılması ideyama görə məni söyənlər, “anlamadan banlayanlar” elə onların özünü məhv edən qüvvələrə xidmət edirlər. Yəni Qərbdə xilafətin yaradılması ilə bağlı çox böyük narahatçılıq var, müsəlmanlar da xilafətin yaranmasını istəmirlər. O halda bu ideya kimə ziyandır? Əgər müsəlmana ziyandırsa, tutaq ki, müsəlmanlar istəməsin. Bəs onda xristianlar niyə bunu istmir?!İslamın düşmənləri islama ziyan olan şeyi istəyərlər. Amma xilafəti məhv ediblər, heç cür də onun yenidən yaranmasına razılıq vermirlər. Məsələn, Səddam Hüseynin, Hafiz Əsədin, Camal Əbdül Nasirin, o cümlədən Qəddafinin əsas ideyalarından biri də xilafətdən daha kiçik bir ideya - ərəb birliyinin yaranması idi. Baxın, o liderlərin hamısı öldürüldü, başları kəsildi, amma Səudiyyə kralının, Kuveyt əmirinin, başqa bir islam liderinin başını kəsmədilər. Səddam Hüseyn, Qəddafi niyə öldürüldü? Bunların məqsədi ərəb birliyinin yaradılmasına cəhd idi. Bunlar açıq-açığına bu şüarı irəli sürürdülər. Sadəcə olaraq, bu adamların xarakteri, dünya görüşü o birliyin yaradılmasına imkan vermirdi. Çünki bunlar, məsələn Səddam Hüseyn, Hafiz Əsəd Rusiyanın əlinin altında idi. Sən xristianla dostluq edə-edə necə xilafət, ərəb birliyi yarada bilərdin? Yəni gözəl bir ideyaya yanlış yolla çatmaq istəyirdilər, heç kəs də çatmadı.
- Bəs Sizin düzgün bildiyiniz yol hansısıdır?
- Mən deyirəm ki, düzgün yolla gedək, modern, demokratik bir xilafət yaradaq. Avropa Birliyinə alternativ olaraq İslam Birliyi yaradaq. Həmin Avropa Birliyi hansı dəyərləri bölüşürsə, biz də o dəyərləri bölüşək və bu zaman müsəlman cəbhəsini, müsəlman xalqlarını, müsəlman cameəsini müsəlmançılığa görə yaranan təhlükələrdən qoruyaq. Mən demirəm ki, dövlət maraqlarını önə çəkək. Tutaq ki, bu gün Azərbaycanın dövlət maraqlarına görə Rusiya ilə arasında bir münaqişə var. Xilafət buna qarışmamalıdır. Çünki beynəlxalq hüquqa görə dövlətlərarası münaqişə beynəlxalq hüquq çərçivəsində həll olunmalıdır. Amma biz müsəlmanıq deyə, 3-4 xristian birləşib bizi məhv etmək istəyirsə, xilafət burda işə qarışmalıdır. Bu gün arakanlıları niyə ancaq Türkiyə xilas etməlidir?! Niyə Türkiyə Suriyadan 3 milyon qaçqın qəbul edir?! Banqladeşdə yüz minlərlə Arakan qaçqını var, onlara ancaq Türkiyə dəstək verir, eləcə də Bosniyaya, Somaliyə, Nigeriyaya... Bəs 57 islam dövləti? Bunlar islam dövləti deyil? Bunlar Allahın Quranına əməl etmirlər? Şəriətlə yaşamırlar? Dinin tələblərini niyə yerinə yetirmirlər? Bunların vəzifəsi dünyanın hansısa guşəsində bir müsəlmana məhz müsəlman olduğuna görə düşmənçilik varsa, onun qarşısını almaqdır.
- Təklif etdiyiniz xilafət ideyasının müsəlmanların digər dinlərə qarşı güc formalaşdırmaq ehtiyacından yarandığını deyə bilərik?    
- Biz xilafətin yaradılmasına xristian dünyasına, buddist dünyasına və yaxud yəhudilərə qarşı bir cəbhə, güc formalaşdırılması kimi baxmırıq. Biz xilafətə müsəlmanların, islam dövlətlərinin qorunmasının müasir mexanizmi kimi baxırıq. Bunun adının xilafət olması insanları çaşdırmamalıdır. Bu peyğəmbər tətəfindən qoyulub, peyğəmbərin xatirəsinə də adı xilafət olmalıdır. Amma bu ad kimisə qıcıqlandırırsa, İslam Dövlətlərinin Birliyi də adlandırmaq olar.
- Sizə qarşı çıxanlar belə bir fikir də ortaya qoyurlar ki, Ərdoğan da xilafət uğrunda mübarizə aparır, bu gün Türkiyə parçalanmaq ərəfəsindədir... 
- Əvvəla, onu deyim ki, Türkiyənin parçalanma ideyası Ərdoğan hələ orta məktəbdə oxuyandan vardı. Yəni hamı bilir ki, PKK 30-40 il bundan qabaq yaradılıb. Onda da Ərdoğanın 20 yaşı vardı. Bunun Ərdoğana nə aidiyyatı var? Rokfeller özü dedi ki, biz Türkiyəni 8 dövlətə parçalamaq üçün 50 il, 100 il bundan qabaq plan cızmışıq, onda da hələ Ərdoğan anadan olmamışdı. Lap Krılovun təmsilinə oxşayır... Ərdoğan anadan olmayıb, Türkiyəni parçalamaq istəyirlər... Birinci dünya müharibəsində 35 ölkə Türkiyəyə hücum edəndə Ərdoğan Türkiyənin prezidenti idi? İkinci dünya müharibəsində Türkiyəyə bir çox dövlətlər hücum etdi, onda Ərdoğan Türkiyənin prezidenti idi? Sonrakı dövrlərdə Türkiyni zəiflətmək üçün PKK yaratdılar, Türkiyə Kommunist Partiyasını qızışdırdılar, yunanları qaldırdılar... Onda Ərdoğan Türkiyənin prezidenti idi? Əksinə, Ərdoğanın dövründə Türkyənin parçalanma təhlükəsi azalıb. Ərdoğan Atatürkdən sonra yeganə liderdir ki, Türkiyəni parçalamaq istəyən qüvvələrin kim olduğunu, bu parçalanmanı necə həyata keçirmək istədiklərini açıq şəkildə ifadə edib və həmin qüvvələrə qarşı mübarizə aparır. Bu gün Almaniyanın, Fransanın və digər ölkələrin Ərdoğana olan münasibəti Ərdoğanın şəxsiyyəti ilə deyil, onların planlarının suya düşməsi ilə bağlıdır. Onların Türkiyəni parçalamasına, Yaxın Şərq böhranını genişləndirməsinə Ərdoğanın mane olması ilə bağlıdır. Xristian ölkələrinin Afrika siyasətinin qarşısında bir güc kimi durması ilə bağlıdır. Ərdoğan nə deyir? Somali problemini qaldırır... Orada uzun illər avropalılar nefti çıxardı, bu gün Somali dünyanın ən dəhşətli humanitar fəalkət zonalarından biridir.
Qəzza. 1947-ci ildə BMT-nin İsrail dövləti ilə Fələstinin yaradılması ilə bağlı qərarı olub. Bir tərəfdə dövlət yaranıb, digər tərəfdə yaranmayıb və xristian ölkələri də beynəlxalq hüququ çiyniyə-çiyniyə gedirlər.
Arakan. Qoca demirlər, uşaq demirlər, əliyalın insanları buddistlər qırır və neçə yüz min adamı da öz ölkəsindən getməyə məcbur ediblər. Bunların hamısına qarşı çıxan Ərdoğandan başqa müsəlman lider yoxdur? Əksinə, Ərdoğanın hakimiyyətə gəlməsi ilə həm Türkiyənin özü qısa müddətdə dünyanın ən inkişaf etmiş dövlətləri sırasına çıxmağa başlayıb və baxacaqsınız, qısa müddətdə Türkiyə dünyanın iqtisadi güclərindən biri olacaq, həm də Türkiyə milli gücdən regional gücə çevrilməyə başlayıb. Artıq Türkiyəsiz nə Suriya, nə İraq, nə Fələstin, nə Azərbaycan, nə Yunanıstan və s. başqa bir problem həll oluna bilməz. Bu baxımdan, bəzi adamlar siyasətin nə oldğunu bilmədən, dünyada gedən prosesləri aydın şəkildə təsvir etmədən, hadisələrin mahiyyətinə varmadan, özlərinin subyektiv münasibətlərindən çıxan fikirlər irəli sürürlər.
Baxın, dünyanın 50 ölkəsinin ombudsmanı, bunların içərisində xeyli sayda xristian ölkəsi də var, Ərdoğanı Nobel mükafatına təklif ediblər. Çünki Ərdoğan dünyada yeganə liderdir ki, dünyanın harasında olmasından asılı olmayaraq, insan hüquq və azadlığının pozulmasına dözümsüz münasibət bəsləyir və dərhal ora yardıma cəhd edir, cox da böyük nəticəsi olan işlər görür. Dediyim kimi, Türkiyə 3 milyon suriyalı qaçqını təkbaşına neçə illərdir saxlayır. Əgər o qaçqınlar Türkiyə tərəfindən qəbul olunmasaydı, nəhəng bir humanitar fəlakət olardı, milyonlarla insan məhv olardı. Siz necə gəlib uydurma ittihamlarla deyirsiniz ki, Ərdoğan, xilafət ideyası Türkiyəni parçalayır?!...

(Ardı var)

Ayxan İLDIRIMTÜRK