"Allahı varsa mənim borcumu gətirib qaytarsın" - Xalq artisti ilə bağlı İDDİA

Baxış sayı:
5647

"Rafael Dadaşovun 30 ildir mənə 2 min dollar borcu var.Əgər Allahı tanıyırsa mənim pulumu qaytarsın". 
Bunu BiG.AZ-a müraciət edərək adının Səid olduğunu iddia edən İran vətəndaşı bildirib. Həmin şəxs qeyd edib ki, hadisə 30 il əvvəl Ərdəbildə baş verib. O, məktubunda yazıb: 
"Rafael 30 il əvvəl İrana gəlmişdi. O vaxtlar onu burda tanıyan az idi. Mən onu görüb tanıdım və ona hörmət etdim. Onu evimdə qonaq etdim, mağazalardan mal aldı hamısını mən ödədim. Daha sonra Azərbaycana qayıdanda maşınımla sərhədə qədər yola saldım. Onda vəziyyəti yaxşı deyildi, amma indi imkanı var". 
Səid bəy həmçinin pulunun dalıyca Bakıya gəldiyini də məktubunda qeyd edib: 
"Daha sonra mən Bakıya gələrək, onun evinə getdim. Səhv etmirəmsə mikrorayonların birində qalırdı. Evində oturub onu gözlədim, daha sonra gəldi danışdıq. Dedi başıma iş gəlib, vəziyyətim çətindir. Pulu 10 günə qaytaracam. Lakin məni aldatdı pulumu vermədi, mən də geri İrana qayıtdım". 
Məsələ ilə bağlı xalq artisti Rəfael Dadaşovla telefon bağlantısı qurduq. Tanınmış aktyor Big.Az-a açıqlamasında bildirib ki, elə bir şəxs tanımır: 
"Təbii ki, yalandır. Mən bu şəxsi görmək istəyirəm axı kimdir bu məlumatı yayan? Həmin şəxs nə üçün özümü tapmır?! Amma əsassız iddiaları ilə sizə müraciət edir? Bakıda Rəfael Dadaşovu tapmaq olmurmu? Mən İranda müxtəlif səbəblərdən çox olmuşam. 90-cı illərdə gedəndə məni orda aktyor kimi tanıyırdılar deyə müxtəlif hədiyyələr verirdilər. Bu mənim sənətimə sevənlərim tərəfindən verilən qiymət idi. Hansı ki, onlar mənim üçün xatirə hədiyyələridir. Ola bilər ki, həmin şəxs də mənə nə isə hədiyyə verib, amma indi geri istəyir. İstənilən halda mənim heç kimə 2 min dollar borcum yoxdur. Sadəcə bu şəxs kimdir, niyə mənim üçün pul xərclədiyini deyir anlamıram". 
Qeyd edək ki, sənətçi həmin şəxslə canlı görüşməyə də hazır olduğunu bildirib. Biz də big.az saytı olaraq problemin həlli üçün hər iki tərəfin əlaqə nömrələrini bir-birilərinə təqdim etdik.