Akif Çovdarov kimlərə mesaj göndərdi?

Bu günlərdə mühakimə olunan MTN-in keçmiş  zabiti Akif Çovdarov sensasion açıqlama ilə çıxış edərək AP-ın Yasamal təşkilatının sədri, Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun əmlakını,hansı yolla sərvət toplamasına aydınlıq gətirmişdi.
 
 Onun sözlərinə görə  Tağı Əhmədovun metro stansiyalarının çıxışlarında 1200 obyekt var:” Onlar 2007-ci ilə qədər Bakı Şəhər İcra Hakimiyyətinin balansında olub, sonradan Bakı Metropoliteninin balansına keçib. Həmin obyektlərin aylıq icarəsi 200 dollardan başlayaraq, 3 min dollara qədər olub. Yəni obyektin həcmindən, yerindən asılı olaraq. Onlardan 3 aylıq icarə haqqı əvvəldən alınıbmış. Yeni rəhbərlik də gələn kimi o obyektləri ləğv eləmişdi. Ona görə də adamlar pullarını tələb edirdilər. Həmin obyektlər də Tağı Əhmədovun hakim oğlu Rauf Əhmədovun yaxın dostları arasında bölüşdürülmüşdü. Tağı Əhmədov burada dindiriləndə deyir ki, ildə obyektlərin icarəsindən yığılan 120 min manat pulu verib dövlətə. Əgər 1200 köşkün icarəsi 120 min edirsə, belə çıxır ki, hərəsini 8 manat 50 qəpiyə icarəyə vermişdi? Halbuki adamlardan alınmış 3 aylıq icarə pulu 5 milyondan çox idi”. Bunun ardınca isə həbsdə olan MTN zabiti Elçin Quliyevdə hədələyici bəyanatla çıxış edərək çox şeyi danışacağını bildirdi. Maraqlıdır, gözlənilmədən həbsdə olan MTN zabitləri nədən taktikalarında dəyişiklik etdilər? 10may.az saytının araşdırmaları təsdiqləyir ki, əslində Akif Çovdarov Tağı Əhmədovu hədəfə almaqla digər məmurlara da xəbərdarlığını edir ki, əllərində kifayət qədər məlumatları var. Elçin Quliyevində məhz bu tonda açıqlama verməsi yuxarıdakı fikrin təsdiqidir. Güman etmək olar ki, keçmiş zabitlər hələ də gözləmə mövqeyindədirlər və onların maraqları nəzərə alınmazsa süni gərginlik yaratmağa çalışacaqlar. Bununla yanaşı həbsdəkilərin verdikləri açıqlamalar bu gün MTN-in keçmiş rəhbəri Eldar Mahmudovun azadlıqda qalmasını təmin edir.
10may.az