Ağstafada əkinçilərə su dəyərindən 5 dəfə baha qiymətə satılır – PREZİDENTƏ VƏ KƏND TƏSƏRRÜFATI NAZİRİNƏ ŞİKAYƏT – “Əkinçilərin canını Zakir Mədətovdan qurtarın”

Baxış sayı:
11939

Ağstafa rayon Düz Qışlaq kənd sakini İsmayılov Vüsal Alı oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə prezident İlham Əliyevə, kənd təsərufatı naziri İnam Kərimova, eləcə də digər aidiyyatı qurumların rəhbərlərinə müraciət edən V.İsmayılov yazır:
“Hörmətli Prezident!
Biz əkinçilər Sizin kənd təsərufatının inkişafıyla bağlı verdiyiniz sərəncamlar və tapşırıqları yüksək qiymətləndiririk. Qeyri-neft sektorunun inkişafının ölkəmiz üçün nə olduğunu şəxsən mən çox gözəl dərk edirəm. Lakin, cənab Prezident, bəzi öz marağını düşünən məmurlar bu inkişafı əngəlləyir. Belə şəxslərdən biri də Ağstafa rayonu Kolxəlfəlı kəndində suvarma şefi Zakir Mədətovdur.
 Zakir Mədətov 1 hektarı 3 manata başa gələn suyu biz əkinçilərə 15 manata satır. Nə üçün su dəyərindən 5 dəfə artıq satılır biz əkinçilərə? Kənd təsərufatını bu cür inkişaf etdirmək olarmı? Torpağın canı sudur! Onu da belə edirlər.
Bu il mən torpaq sahəsini 6 dəfə suvarmaq əvəzinə, cəmi 2-cə dəfə suvara bilmişəm, onu da 2-ci suvarmada Zakir Mədətov suyu yarıda dayandırıb, piçənək sahəsinə verib.
Mən iyul ayının 23-də icra hakimiyyətinin 1-ci müavini Ramiz Tatarovun qəbulunda oldum. O, mənə söz verdi ki, səni suyla təmin edəcəyik. Şəxsən mənim yanımda Ramiz Tatarov Kolxəlfəli İcra Nümayəndəsi Yalçın müəllimə tapşırıq verdi ki, Vüsal İsmaylovu suyla təmin edin. Lakin Zakir Mədətov Ramiz Tatarovun da tapşırığına məhəl qoymadı.
Xüsusi qeyd etmək istəyirəm ki, 2016-2017-ci illərdə mən 40 hektar qardalı sahəsi əkən vaxt Zakir Mədətov mənə su vermədiyinə görə, həmin illər mən heç bir məhsul götürə bilmədim və demək olar ki, müflis vəziyyətinə gəldim.
Cənab Prezident!
Bu gün mən bütün əkinçilər adından Sizə müraciət edirəm. Vəziyyət çox acınacaqlıdır. Mənim səmimiyyətimə inanın! Konkret monopoliyadır. Çünki bütün əkinçilər mənim rastlaşdığım problemlərlə rastlaşır. Burada ayrı-seçkiliyi xüsusi vurğulamalıyam. Ağstafa rayonunda yüksək vəzifə tutmuş şəxslərin sahələri normadan biraz da artıq sulanır. Lazım gələrsə, onların hamısının adlarını və torpaq sahələrinin ağlasığmaz miqyasını geniş ictimayyətə təqdim edə bilərəm və edəcəyəm də. Qoy hər kəs Ağstafada nə baş verdiyini bilsin. Zakir Mədətova 3 manat əvəzinə, 15 manat yox, 25 manat verən şəxslərin torpaq sahələri də növbədənkənar, artıqlamasıyla suyla təmin olunur. Demək istəyirəm ki, bu gedişlə ölkəmiz qeyri-neft sektorunun ən önəmli olan sahəsi hesab edilən kənd təsərrufatını inkişaf etdirə bilməyəcəyik.
Hörmətli Prezident!
Mənim öncədən “Turanbank”ın kənd təsərufatı xəttiylə ayırdığı 50 min AZN borcum var. Onu ödəmək üçün mən yenidən 30 min manat fərdi şəxslərdən götürüb, 17 hektar kartof əkmişəm ki, həmin 50 min manatı ödəyim. Lakin illərdir Zakir Mədətovun mənə yaratdığı su probleminə görə, mən 30 min manatımı çıxara biləcəyimə inanmıram. Buna görə də cənab Prezident, Sizdən xahiş edirəm, Ağstafa rayonuna xüsusi diqqət ayırasınız. Əkinçilərin canını belə düşmənlərdən qurtarasınız.
Məhz belə problemlərə görə, bizim ölkə başqa dövlətlərdən kartof almağa məcbur olur. Zakir Mədətov, bildiyimə görə, suvarmada heç bir rəsmi vəzifəsi yoxdur. Maraqlısı odur ki, onun arxasında kim durur, kimdir əkinçilərin əsl düşməni? Aldığım məlumata görə, Ağstafa rayon hüquq mühafizə orqanlarında  Zakir Mədətovu himayə edən bir şəxs var. Həmin şəxs Zakir Mədətovu öz səlahiyyətlərindən istifadə edərək qoruyur.
Cənab Prezident!
Sizdən xahiş edirəm, Ağstafa əkinçilərinə və mənə  neçə illərdir zülm verən və müflis həddinə çatdıran Zakir Mədətovun əməllərinə hüququ qiymət verilsın və cinayət məsuliyyətinə cəlb edilsin”.


Muxalifet.az
Redaksiyadan: Mövzunu diqqətdə saxlayacağıq. Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.