Afrika "sarı müstəmləkəçi" Çinin əlinə keçir - 3-cü Dünya Müharibəsinə meydan olacaq

Baxış sayı:
3526

Tarix boyu yaxşı və pis bir müstəmləkəçilik olmamışdır. Müstəmləkəçi - istər Amerika, istər Avropa, istərsə də Çin olsun - müstəmləkəçidir. Müstəmləkəçilər xeyriyyə təşkilatları deyil, başqasının sərvətinə sahiblənməyə çalışan canavarlardır. Tarixdə hər dəfə bir ölkə hansısa təbii resurslar tapanda dərhal həmin ölkəyə müdaxilə, istismar və müstəmləkə etmək  üçün hər şeyi etdi. Çin də istisna deyil.
Bir müddət əvvəl Çinin Şanxay Universiteti "Çinin Gələcək Missiyası" adlı konfrans keçirdi. Başqa sözlə, çinlilər müstəmləkəçi  kimi düşünməyi və artan kapitalı xaricdə sərmayə qoymağı düşünməyə başladılar. Missiya, əlbəttə, Çinin də müstəmləkə mesajının olmasını nəzərdə tutur. Hazırda Çinin Asiya və Afrikadakı bir çox ölkənin güzəştli kredit strategiyasının köməyi ilə müstəmləkə etməsinə başlaması heç kimə sirr deyil.

Çin kredit oyunu müflis olmuş, yoxsul və öz inkişaf layihələrini həyata keçirmək üçün maliyyə köməyinə ehtiyac duyan ölkələrə yönəlib. Çin dərhal bu ölkələrə üz tutur və onlara kreditlər verir, lakin borclu ölkələr layihələrini bitirdikdən sonra müflis olurlar və Çin əjdahasının borclarını ödəyə bilmirlər. Pullarını geri qaytarmaq üçün çinlilər bu layihələri ələ keçirir və bu yolla borclu ölkələr yavaş-yavaş yeni növ Çin müstəmləkəçiliyinin “cənginə keçirlər”. Zaman keçdikcə Pekin yoxsul dövlətlərin iqtisadiyyatını, pulunu və layihələrini əlinə keçirdiyi üçün tam hüquqlu bir müstəmləkə derjavasına çevriləcək.
"Araby Post" a görə, Çin digər ölkələrə və xüsusən də ABŞ-a nisbətən daha sərfəli şərtlərlə kredit təklif edir. Misirdəki Çin sərmayəsinin tempi və həcmi bəzi ekspertlərin narahatlığına səbəb olur. Aydındır ki, Pekin inkişaf etməkdə olan ölkələrə ABŞ-a nisbətən daha böyük həcmdə borc verir. Bu Çin səxavəti yalnız Misirlə məhdudlaşmır, həm də bir çox üçüncü dünya ölkələrində özünü göstərir.
Bu, Dünya Bankının məlumatları ilə təsdiqlənir - 2014-cü ildən 2017-ci ilə qədər Çinin digər ölkələrə verdiyi kreditlərin ümumi məbləği 394,6 milyard dollardan çox, ABŞ-ın bu dövrdəki kreditlərinin ümumi məbləği isə 354.3 milyard dollar təşkil etmişdir. Buna görə Çin Xalq Bankının (Mərkəzi Bank) bu ilin mart ayının sonunda milli valyutadakı yeni kreditlərin həcminin 131 milyard dollara bərabər olan 885.8 milyard yuana çatması barədə açıqlaması təəccüblü deyil. Bu rəqəm hər il təxminən 46.5 milyard yuan artır.
Xarici kreditlərin verilməsində Çinin liderliyi Pekinin digər dövlətlərə təklif etdiyi faiz dərəcəsinin mövcud variantlardan daha aşağı olması ilə əlaqədardır. Belə ki, bu nisbət beş il ərzində 10 ilə 15% arasında dəyişir (yəni ildə 2% -dən 3% -ə qədər), ABŞ-ın təklif etdiyi kreditlər üzrə faiz 25% -ə çatır (illik 5%).

Yuxarıdakı hesabatda deyildiyi kimi Çin səxavəti məsum deyil. Misiri Şri Lankanın və ya Cibutinin aqibəti gözləyirmi? Şri-Lanka keçmiş prezident Mahinda Rajapaksa hakimiyyətdə olduğu vaxt Hambantota limanı daxil olmaqla ölkədə infrastruktur layihələrinə investisiya qoymaq üçün “Bir qurşaq - bir yol» Çin təşəbbüsü çərçivəsində Pekindən 8 milyard dollar borc götürdü. Ancaq Şri Lanka Çinin borcunu ödəyə bilmədi və 2017-ci ildə Colombo limanın 70% payını 99 illiyə Pekinə verdi.
Çin bankları Cibutiyə 2016-cı və 2017-ci illərdə ölkəyə 1.4 milyard dollardan çox borc verdiyi zaman bu hekayə orada da təkrarlandı. Çinlilər Cibutidən Efiopiyanın paytaxtı Əddis- Əbəbəyə gedən dəmir yoluna  bir sıra infrastruktur layihələrini maliyyələşdiriblər. Bundan əlavə, Pekin öz pulu və Çin işçi qüvvəsinin köməyi ilə Doral limanında yeni azad ticarət zonası yaratdı. Maraqlıdır ki, Çin artıq Doral limanında hərbi baza inşa edib və üzərində tam, lakin qeyri-rəsmi nəzarət edir. Həmçinin qeyd etmək lazımdır ki, McKinsey-in məlumatına görə, Keniya və Nigeriya, 2014-cü ildən bəri Afrikanın Sahara bölgəsindəki layihələrin maliyyələşdirilməsinə ayrılan 19 milyard dolların 40% -ni aldı.
Bu vəsaiti afrikalılara verən çinlilərin məqsədi nədir? "Onlar Afrikanı Çin qitəsinə çevirirlər və müstəmləkə dövründəki Avropalılar kimi Afrikalıları istismar edirlər", bir Qərbli alimin sözləri deyil, Afrika lideri Maykl Satanın Zambiya prezidenti olmazdan əvvəl etdiyi elmi araşdırmanın nəticəsidir. ABŞ-ın Harvard Universitetində təqdim etdiyi bir məqalədə Sata qeyd edir ki, Çin istismarı Avropa müstəmləkəçiliyindən daha qəddardır. İş ondadır ki, eyni dərəcədə sərt iqtisadi istismara baxmayaraq, Avropa müstəmləkə hakimiyyəti infrastruktur və sosial xidmətlərə sərmayə qoyurdular.
McKinsey agentliyinin araşdırmalarına görə, Çin Afrika ölkələrinə maliyyə yatırımlarının köməyi ilə neft və digər təbii sərvətləri ələ keçirməyə çalışır. Onların arasında Nigeriya, Əlcəzair, Konqo və digər Afrika ölkələri var. Afrika ölkələrinin Çinə ixracının 90 faizinin neft, qaz və digər faydalı qazıntılar olması bunu təsdiqləyir. Çin artıq Afrika və Asiyadakı hər neft quyusunun ətrafında hərbi baza qurduğu üçün maliyyə müstəmləkəçiliyindən hərbi müstəmləkəçiliyə keçməyə başlamışdır. Beləliklə, o, Amerika müstəmləkəçisinin dəqiq nüsxəsinə çevrilir. Dünyada çox sayda hərbi bazası olan ABŞ-dır və bunlar o dövlətlərə nəzarət üçün istifadə olunur. Bu günkü Çinə baxsanız, eyni şeyi etməyə çalışacağını görərsiniz. Tezliklə "ağ müstəmləkəçilər"in yerinə "sarı müstəmləkəçi"lər gələcək.
inosmi.ru
Tərcümə etdi: Ülviyyə Şükürova
Muxalifet.az