ADP Xocalıda ədalət mühakiməsinin qurulmasını tələb edir

Baxış sayı:
7476

Bu gün ADP İdarə Heyətinin (İH) növbəti həftəlik toplantısı keçirilib.
Partiyanın mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata əsasən, toplantıda ötən həftə baş verən ictimai-siyasi proseslərlə bağlı fikir mübadiləsi aparılıb və partiyanın həmin hadisələrə dair mövqeyi açıqlanıb. İlk növbədə qondarma “Dağlıq Qarabağ Respublikası”nın özünü buraxmasına dair qərarına diqqət yetirən partiya yetkililəri, bu hadisəni Azərbaycan diplomatiyasının uğuru kimi dəyərləndirib. Həmçinin qeyd edilib ki, Xankəndini tərk edən ermənilərlə bağlı dünyada qaldırılmış saxta hay-küy kampaniyasının da heç bir əsası yoxdur. İlk növbədə ona görə ki, bu adamların əksəriyyəti işğal dövründə xarici ölkələrdən və Ermənistandan ora qeyri-qanuni köçürülüb və onların heç zaman Azərbaycan vətəndaşlığı olmayıb. Digər tərəfdən isə Azərbaycan hökuməti köçənlərlə bağlı ardıcıl iş aparır və vaxtilə həmin ərazilərdə yaşamış erməniləri reinteqrasiya prosesinə cəlb etməyə çalışır və bu cür vəziyyətdə Azərbaycanı etnik təmizləmədə ittiham etmək olduqca absurddur. ADP ayrı-ayrı Qərb dövlətlərinin apardığı bu cür ədalətsiz təbliğat kampaniyalarını qətiyyətlə pisləyir və bunları qeyri-obyektiv, ədalətsiz olmaqla yanaşı həm də xristian təəssübkeşliyinin təzahürü kimi qiymətləndirir.
Azərbaycan ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra yaranmış yeni situasiyaya toxunan ADP İH üzvləri artıq Rusiya sülhməramlılarının orada olmasına heç bir əsas və bəhanə qalmadığını, həmçinin Azərbaycan Konstitusiyasına, ölkəmizin Qoşulmama Hərakatına üzv olmasına görə Azərbaycan ərazisində hər hansı xarici ölkənin silahlı qüvvələrinin yerləşdirilməsinin yolverilməz olduğunu və buna görə də qısa zamanda Rusiya hərbi kontigentinin ölkəmizi tərk etməsinin vacibliyini bildirib. 
ADP İH Azərbaycan hüquq mühafizə orqanları tərəfindən ölkəmizin ərazisində çoxsaylı müharibə və mülki cinayətlər törətmiş erməni millətindən olan canilərin bir qisminin həbs olunub istintaqa cəlb olunmasını alqışlayıb və dünya ölkələrini təkcə xalqımıza qarşı deyil, ümumilikdə insanlığa qarşı çoxsaylı cinayətlər törətmiş bu cür şəxslərin mühakimə olunaraq haqlı cəzalarını alması işində Azərbaycanla əməkdaşlıq etməyə çağırıb. Həmçinin toplantıda qeyd edilib ki, Xocalı genosidini və Qarabağda çoxsaylı müharibə cinayətləri həyata keçirmiş canilərin məhkəməsi Xocalı şəhərində keçirilməli, bütün dünyadan nümayəndələr dəvət olunmaqla xalqımıza, o cümlədən bəşəriyyətə qarşı həyata keçirilmiş bu ağır cinayətlər haqqında hamının məlumatlı olması təmin edilməlidir.  
“VoMa” erməni terror təşkilatının erməniləri Azərbaycan ərazisində partizan müharibəsinə çağıran bəyanatına münasibət bildirən İH üzvləri bu faktın özünü erməni terrorizminin daha bir sübutu kimi dəyərləndirib. Qeyd edilib ki, Azərbaycan dərhal bu təşkilatı terror təşkilatı kimi tanımalı, beynəlxalq təşkilatları da buna çağırmalı və bu təşkilatın rəhbərlərinin məsuliyyətə cəlb edilməsi istiqamətində hüquqi addımlar atmağa başlamalıdır.
Xankəndində ermənilərin reinteqrasiya prosesinə diqqət çəkən partiya yetkililəri bu proseslə eyni zamanda Qərbi azərbaycanlıların da Ermənistana reinteqrasiyasının həyata keçirilməsinin olduqca zəruri olduğunu qeyd ediblər. Eyni zamanda qeyd edilib ki, Xankəndinə, Xocalıya və ərazidəki yaşayış məntəqələrinə ilk növbədə həmin ərazilərdən 30 il əvvəl didərgin salınmış azərbaycanlılar köçürülməlidir. 
ADP İH üzvləri terrorçulardan azad edilmiş Azərbaycan ərazilərində ermənilərin saxtalaşdırdığı yer adlarının bərpa edilməsi, xalqımıza və həmin ərazilərə yad olan abidə və tikintilərin demontaj olunması ilə bağlı başladılan prosesi alqışlayıb və bu prosesin davam etdirilməsinin zəruriliyini bir daha vurğulayıblar.
İclasda həmçinin qeyd edilib ki, Xankəndi iqtisadi zonasının inzibati ərazi quruluşuna yenidən baxılmalı, keçmiş Dağlıq Qarabağa daxil olan yaşayış məntəqələrinin ətraf rayonların arasında bölünməklə yeni inzibati quruluş sistemi tətbiq edilməlidir.
Muxalifet.az