​ABŞ-a sərt mesaj: Putini özündən çıxaran – ŞOK SƏBƏBLƏR

Baxış sayı:
2923

Putinin “analoqu olmayan silah düzəltmişik” bəyanatı ən əvvəl diplomatiyanın, ABŞ-la aparılan qapalı danışıqların nəticəsiz qaldığını göstərir.
Muxalifət.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putinin ölkəsinin yaratdığı yeni silahlarla bağlı çıxışını şərh edən politoloq Şahin Cəfərli qeyd edib.
 “Yanvarın sonlarında Rusiyanın 3 kəşfiyyat orqanı - FSB, QRU və SVR-in rəhbərləri Bortnikov, Korobov və Narışkin Vaşinqtona səfər etmişdilər. Bu, indiyədək görünməmiş bir hadisə idi. İstər həmin səfər zamanı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ/CİA) direktoru Pompeonun ABŞ seçkilərinə müdaxilə etmiş haker qrupunun bağlı olduğu QRU-nun rəhbəri Korobov ilə görüşdən imtina etməsi, istər səfərdən sonra baş verənlər (məsələn, ABŞ-ın Suriyada rusiyalı muzdluları bombardman etməsi), istərsə də Putinin bugünkü qəzəbli tonu göstərir ki, sövdələşmə ya baş tutmayıb, ya da ABŞ “dərin dövləti” Trampın iradəsi xaricində bu prosesi baltalamaqla məşğuldur”, - politoloq bildirib.
Politoloq Putinin nitqini aşağıdakı bir sıra səbəblərlə də əlaqələndirib:
 “Amerikanın yeni milli təhlükəsizlik strategiyası və bunun əsasında hazırlanan yeni müdafiə və nüvə strategiyalarında Rusiyanın əsas hədəflərdən biri kimi göstərilməsi, 2019-cu maliyyə ili üçün 716 milyard dollar həcmində yeni hərbi büdcə müəyyənləşdirilməsi və Avropada Rusiyaya qarşı fəaliyyətlər üçün 6,3 milyard dollar ayırması, ABŞ-ın nüvə arsenalının modernizasiyasına başlaması və məhdud dağıdıcı gücə malik nüvə bombaları hazırlayacağını bəyan etməsi (bununla nüvə silahının tətbiqi riski artır), hətta asimmetrik təhdidlərə belə (kiberhücum) nüvə zərbəsi ilə cavab verə biləcəyini yeni strategiyada elan etməsi, Avropaya nüvə bombası daşıya bilən strateji bombardmançılar yerləşdirməsi, Rusiya sərhədlərində NATO hərbi infrastrukturunun yaradılması, Avropa və Asiyada ABŞ raket hücumundan müdafiə sisteminin qurulması, NATO-nun genişlənmə siyasətini davam etdirməsi, Rusiyaya qarşı sanksiyaların səngimək əvəzinə getdikcə daha da sərtləşdirilməsi və yeni qanun - CAATSA əsasında ABŞ-ın üçüncü ölkələri də Rusiya ilə iqtisadi, hərbi-texniki sahələrdə razılaşmalardan çəkindirməsi, Ukraynaya müasir silahların verilməsi barədə siyasi qərar, beynəlxalq məhkəmələrin Ukrayna ilə mübahisəli məsələlərdə Rusiya əleyhinə qərar verməyə başlaması və s. məsələləri qeyd etmək olar”.
Ş.Cəfərli bildirib ki, bütün bunlarla bərabər, Moskvanın cavab vermək məcburiyyəti hiss etməsində Rusiya kosmik sənayesinin ABŞ-ın özəl şirkətindən (SpaceX) geri qalması rol oynayır:
 “Putini hövsələdən çıxaran əsas amil isə son vaxtlar Rusiyaya təzyiqlərin müəyyən qədər alçaldıcı xarakter almağa başlaması oldu. Suriyada Rusiya vətəndaşlarından ibarət “Vaqner”qrupuna qeyri-proporsional şəkildə, yəni strateji aviasiyanın cəlb edilməsi ilə zərbə endirilməsi, Rusiya idmançılarının Olimpiya Oyunlarında ölkənin adı və bayrağı altında çıxışdan məhrum edilməsi, WADA-nın Rusiyanı bundan sonra beynəlxalq idman yarışlarına ev sahibliyi etmək hüququndan məhrum edəcək qərarın qəbuluna hazırlaşması, Argentinada Rusiya hakim dairələrinin əlinin olduğu narkotrafikin üzə çıxarılması, Tunisdə Rusiya silahı və hərbi texnikasını daşıyan gəminin saxlanılması bu qəbildən olan hadisələrdir”.
Politoloq qeyd edib ki, Putin ABŞ-ın konstruktiv niyyətlə masaya əyləşməsinə nail olmağa çalışır.
 “İndiyədək bizi eşitmirdiniz, artıq eşidin!” şəklində Vaşinqtona ünvanlanan emosional çağırışın mənası budur. Lakin Vaşinqtonda, xüsusən Konqres dəhlizlərində hökm sürən əhval-ruhiyyəni nəzərə alsaq, bu bəyanatın əks-effekt doğurması ehtimalının yüksək olduğunu söyləyə bilərik. Gərginliyin daha da artması, o cümlədən kiçik və orta mənzilli raketlərin ləğvinə dair 1987-ci il tarixli Qorbaçov-Reyqan müqaviləsinin pozulması, strateji hücum silahlarının ixtisarına dair müqavilənin (SNV-3) uzadılmaması, silahlanma yarışının başlaması tamamilə mümkündür. Bir sözlə, yeni “soyuq müharibə” başlayır”.
Qeyd edək ki, Vladimir Putin ötən gün Rusiyanın ən yeni və analoqu olmayan silahlarını qrafika ilə təqdim edib./axar/