ABŞ Əsədə qarşı savaşan müxaliflərə dəstəyini ləğv edir

ABŞ Prezidenti Donald Trampın ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən həyata keçirilən və Suriyada Bəşər Əsəd rejiminə qarşı savaşan müxalifləri tədris və silahla təmin edən proqramı ləğv edəcəyi açıqlanıb.
 
Tramp bu qərarı təxminən 1 ay öncə qəbul etmişdi.
D.Tramp Rusiya Prezidenti Vladimir Putin ilə Almaniyadakı görüşündən qısa zaman öncə Ağ Evdə Beynəlxalq Təhlükəsizlik məsləhətçisi H.R. Makmaster və MKİ-nin direktoru Mayk Pompeo ilə görüşüb və MKİ-nin gizli proqramının ləğv edilməsinə qərar verib. Bu qərarin ləğv edilməsini ən çox dəstəkləyən isə Rusiya rəhbərliyi olub.
Məsələ ilə bağlı Ağ Ev və MKİ hələ ki, heç bir açıqlama verməyib.
Trampın bu qərarı Bəşər Əsəd rejiminin sona çatmasında qətiyyətsiz və məhdud gücə sahib olması ilə bağlı verdiyi ehtimal edilir.
“Vaşinqton Post” qəzetində verilən xəbərə görə, MKİ-nin gizli proqramı haqqında danışan səlahiyyətli şəxs müsahibəsində “bu qərar bölgə üçün çox önəmlidir. Suriya məsələsində Putin qalib gəldi” ifadələrini işlədib.