ABŞ kürdləri mükafatlandırdı: Türkiyə üçün…

Separatizm dalğasının növbəti mərhələsi Azərbaycanın yaxın qonşuluğunda da baş verə bilər.
Bu sözləri Axar.az-a analitik Elçin Mirzəbəyli dünyada baş verən referendum dalğasına münasibət bildirərkən deyib. O bildirib ki, referendum dalğası vahid bir mərkəzdən idarə olunmasa da, vahid bir prosesin tərkib hissəsidir:
“Kürd muxtariyyətinin meydana gəlməsi İraqa edilən müdaxilə nəticəsində baş verib. ABŞ kürdləri özünün “Orta Şərq layihə”sində müttəfiq, daha dəqiq desək, aktiv təsir müvəkkili seçmişdi. İndi isə onları milyonlarla insanın faciəsinə səbəb olan bir layihədə fəal iştirak etdikləri üçün "mükafatlandırır". Kürd muxtariyyətinin referendumu Birləşmiş Ştatların manipulyativ davranışlarına rəğmən Vaşinqtonun xeyir-duası ilə baş tutub. Beləliklə, ABŞ regiondakı proseslərin ikinci, daha qlobal hissəsi üçün əlverişli zəmin hazırlayıb. Etnik separatizm dalğası Türkiyə və İranın da prosesə cəlb edilməsinə yönəlib. Regionda ərəb-kürd qarşıdurması referendumun keçirilməsi və müstəqilliyin elanı ilə qaçılmaz olub. Referendumun nəticələri isə Türkiyə və İranın separatizm dalğasının genişlənməsi ehtimalına qarşı fəal addımlar atmasına zəmin yaradıb. Bu isə artıq ABŞ-a gərəkli olduğu təqdirdə regionda yeni münaqişə ocaqları yaratmaq imkanı verir. Kürd muxtariyyəti Türkiyə və İranın başı üzərindən asılmış Domokl qılıncıdır və elə bu məqsədlə də yaradılıb”.
E.Mirzəbəyli dünyada keçirilən ikinci referendum dalğasının baş verdiyi Kataloniyada isə məqsədin başqa olduğunu qeyd edib:
“Şübhəsiz ki, bu prosesə də zəmin yaradan faktorlar var. Kosovada keçirilən referendumun nəticələrinin bəzi dövlətlər tərəfindən tanınması, İrlandiyada oynanılan referendum tamaşası katalonları da ruhlandırıb. Ola bilsin ki, anqlosaks birliyi Avropanın sözə baxmayan dövlətlərini bu yolla ram etmək istəyir. Bildiyiniz kimi, Böyük Britaniya artıq Avropa İttifaqını tərk edib və ittifaqın mərkəzi qurumlarından hər hansı formada asılı deyil. Bu isə Böyük Britaniyaya həm Orta Şərqdə, həm də Avropada özünün və anqlosaks ittifaqının maraqlarından çıxış etməyə imkan verir”.
Xatırladaq ki, İraq Kürd Muxtariyyəti sentyabr ayının 25-də müstəqillik referendumu keçirib. Bu gün isə Kataloniyada müstəqillik referendumu keçiriləcək.