​300 nəfərin öldürüldüyü terrorun əsl hədəfi türk bazası olub - Kəşfiyyatçı DETALLARI AÇIQLADI

Oktyabrın 14-də Somalinin paytaxtı Moqadişuda 300-dən artıq insanın ölümü ilə nəticələnən terror aktının əsas hədəfi Türkiyənin bu şəhərdəki hərbi bazası olub.
Bu sözləri “Amerikanın səsi” radiosuna Somalinin Milli Kəşfiyyat və Təhlükəsizlik Bürosunun adını açıqlamayan rəsmisi deyib.
Kəşfiyyat zabiti qeyd edib ki, hücumdan əvvəl və sonra ortaya çıxan məlumatlar türk hərbi bazasının hədəf olduğunu təsdiqləyir.
Onun sözlərinə görə, bu baza Somalinin təhlükəsizlik qüvvələri üçün əsgər yetişdirir: “Buna görə də terrorçular məhz bu bazanı hədəf almaq istəyir”.
Somalili rəsmi terror aktının törədən “Əl Şebab” qruplaşmasının Türkiyə hərbi bazasına hücum edəcəyi haqda məlumatı əvvəlcədən əldə ediblər.
Lakin partlayıcı yüklənmiş avtomobil yol kənarında dayanıb. Polislər isə axtarış aparmaq istəyiblər. Terrorçular avtomobili sürətlə sürərək qaçmaq istəyəndə başqa avtomobillə toqquşub, nəticədə partlayış baş verib.
Qeyd edək ki, Türkiyənin Somalidəki hərbi bazası bu ilin 30 sentyabrında açılıb. Bazadakı 200 türk əsgəri 1500 somalili əsgərə təlim keçir. Bu bazada Somali ordusu 10 min əsgərin yetişdirilməsi planlaşdırılır. Somali Afrika Birliyi əsgərlərinin ölkədən çıxmamışdan öncə - 2018-ci ilin oktyabr ayına qədər 22 min əsgərdən ibarət ordu yaratmağı planlaşdırır.