Əvvəlcə istifadəsində “maşın olduğu” deyildi, daha sonra… - UCAR SAKİNİ SOSİAL YARDIM VERİLMƏMƏSİNDƏN ŞİKAYƏTÇİDİR / Fotolar

Baxış sayı:
7999

Ucar şəhəri, Heydər Əliyev prospekti, bina 87, ev 7-də yaşayan Tağıyev Əli Əlövsət oğlu tərəfindən Muxalifet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“Hörmətli Prezident!
Sizə bildirirəm ki, biz aztəminatlı ailə olsaq da, sosial yardım ala bilmirik. Bunun üçün dəfələrlə müraciət etmişik. Lakin hər dəfə əsassız bəhanələrlə imtina verirlər.
Əvvəlcə müraciətimizə istifadəmizdə “maşın olduğu” bəhanəsi ilə imtina verildi. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin qəbuluna düşmək üçün bir neçə dəfə müraciət etdim. Nəhayət, Dövlət Sosial Müdafiə Fondunun rəsmi vəzifəli şəxsi məni onlayn qaydada qəbul etdikdən sonra, bu bəhanə aradan götürüldü. Və mənə bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən rəsmi qaydada cavab məktubuda gəlib(Həmin məktubuda bu müraciətimə əlavə edirəm).
7 avqust 2023-cü il tarixində ikinci müraciətimi etdim. Müraciətim, VEMTAS tərəfindən baxılması üçün 237768000306703 nömrəsi ilə qeydiyyata alındı. Lakin bu müraciətimə də əsassız və qanunsuz olaraq imtina verilib. Bu imtinada  «Azərsu» Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilən məlumata əsasən qeyd edilən subsicribercode  7999903300000 abonent kodunun aşkarlanmaması göstərilib. Bu imtina da, yuxarıda qeyd etdiyim kimi, tam əsassız və qanunsuzdur. Ona görə ki, yaşadığım evin sözügedən su sayğacının abonent koduna pulu kart vasitəsi ilə yükləyirəm. Yəni «Azərsu» Açıq Səhmdar Cəmiyyəti tərəfindən bizə verilmiş karta pul yükləyirik və həmin kart vasitəsi ilə pul sayğaca köçürülür.
İndi mən Sahil Babayevin rəhbərlik etdiyi Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriyinin yüksək vəzifəli şəxslərinə sual edirəm. Necə ola bilər ki, sayğacın kartına pul yüklənəndə və kartdan sözügedən su sayğacının abonent koduna yükləyəndə problem olmur, amma ünvanlı sosial yardımla bağlı müraciət edəndə VEMTAS sözügedən abonent kodunu aşkar edə bilmir? Nazirliyin imtinada göstərdiyi kimi, əgər həqiqətən bu abonent kodunu aşkar etmək mümkün deyilsə, onda pul karta yüklənəndə və ya kartdan sayğaca yüklənəndə niyə problem olmur? Bu necə olur? Əlbəttə, bütün problemlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin VEMTAS-ındadır. O VEMTAS-ı məqsədli şəkildə belə ediblər ki, sosial yardım üçün olunan müraciətlərə belə "əndrabadi" imtinalar versin.
Cənab Prezident!
Sizdən xahiş edirəm ki, məni Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babyevlə birlikdə şəxsən özünüz qəbul edəsiniz”.




Muxalifet.az
Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.