Vəkillər Kollegiyası məhkəmə qarşısında - MƏĞRUR BƏDƏLSOY YAZIR

Baxış sayı:
1227

Əlirza Həbilov xüsusi ittihama, Rəyasət Heyəti məhkəmə qərarını icra etməməyə cavab verəcək
 
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 67-ci – vəkilin prosesdə məcburi iştirakı maddəsinə görə, kassasiya və əlavə kassasiya şikayətləri , habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. 09.06.2023-cü il tarixli qanunla MPM-ə vəkilin prosesdə dövlət hesabına iştirakını doğrulayan 67-1 maddəsi əlavə edilib. Bu yeni maddə təkcə kassasiya instansiyasında yox, aşağı instansiyalarda da aztəminatlı şəxslərə vəkil ayrılmasını normativ hüquqi akt səviyyəsinə qaldırdığından məhkəmələrdə müdafiə işinin keyfiyyətini də qaldıracağını düşünənlər yanılırlar. Anadolu türkləri demiş, burası Azərbaycandır, məhkəmələrin də, vəkillərin də özlərinin  qeyri-prosessual “məcəllələri” var!(?)
Mülki işlərdə vəkilin prosesdə məcburi iştirakınıın aktlaşdırılmasının müdafiənin keyfiyyətinə heç bir yetkisi yoxdur. Əksinə, aztəminatlı şəxsləri yüksək keyfiyyətli hüquqi yardım adına məhkəmə təminatı hüququndan məhrum etməyə nədən olur. Nədən məhkəmələrin vəkil ayrılmasından qərəzli ayrı-seçkiliklə yararlanması, hətta imtinasından qaynaqlanır. Məhkəmə hakiminin başlıca keyfiyyəti isə qərəzsizlikdir. Aztəminatlı şəxsin hüquqi yardım almaq, vəkillə təmin olunmaq hüququ hakimin qərəz(sizliy)indən asılı olacaqsa, hansı peşəkar hüquqi müdafiədən danışmaq olar?  
Hüquqi yardımdan imtinada Vəkillər Kollegiyasının özünün də rolu az deyil. Gerçəkdə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun özünə maddə əlavə etmək gərəkir ki, MPM-in 67-1.4 maddəsində sadalanan aztəminatlı şəxslərin birbaşa müraciəti əsasında onlara pulsuz peşəkar hüquqi yardım edilsin. (Qanunun 20-ci maddəsi məhkəmədə vəkilin xidmətini ödəməyə kifayət qədər vəsaiti olmayan şəxslərə heç bir MƏHDUDİYYƏT qoyulmadan göstərilən vəkil xidmətinin haqqının dövlət hesabına ödənilməsini doğrulasa da, bu hüquqçuların “paykovoy” adlandırdığı hüquqi yardım xidməti də məhkəmə qərarı olmadan gerçəkləşmir) Düzdür, MPM-in 67-1.2 maddəsində  vəkil qurumunun ərizəsinə əsasən məhkəmənin yerləşdiyi yer üzrə rayon (şəhər) məhkəməsinin vəkil ayırması təsbit olunub, amma vəkil qurumları aztəminatlı şəxslərin müraciətlərinə baxmaqdan imtina edirlər. Vəkil ayrılmasını məhkəmənin boynuna qoyan müdafiə xidmətinin pulsuz vəkillikdən xoşlanmadığı da bəllidir. Gerçəkdə pulsuz vəkillik “xalaxətrin qalmasın” prinsipi ilə edilir. Belə “xalaxətrin” xidməti ilə isə peşəkar hüquqi yardımdan danışmaq yersizdir. Niyə uzaqdan gəlirik, elə VK rəhbərliyini götürək, hansının hansısa əlilə, imkansıza pulsuz , dövlət hesabına vəkillik etdiyini eşidib-görmüsünüz? Elə VK-nın sədri Anar Bağırovun özü kiməsə dövlət hesabına vəkillik edib?
VK-nın hətta məhkəmə qərarlarının icrasını təmin etməməsi də faktdır. Bu sətirlərin yazarının xüsusi icraat qaydasında hüquqi faktın müəyyən edilməsi haqqında maraqlı şəxs MN, DİN DQ-yə qarşı ərizəsi üzrə Nərimanov məhkəməsinin hakimi Ramin Quliyev 15 saylı vəkil bürosundan Azər Hüseynlini ərizəçiyə dövlət hesabına vəkil ayırıb. 03.04.2024-cü ildəki yekun akt çıxarılan işdə nə vəkil iştirak edib, nə maraqlı şəxslər. Belədə hansı müdafiədən danışmaq olar? Azər Hüseynli MPM-in 68.3 maddəsinə zidd olaraq apellyasiya şikayətini yazmaqdan da imtina edib ki, büronun müdiri icazə vermir. (?). Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13.08.2024 tarixli qərardadla ayırdığı vəkilin adını ( İrfan Əsədullayev) isə yekun akt çıxarılandan 8 gün sonra (?) VK-nın Hüquqi Yardım Mərkəzinin direktor müavini Afət Qazıyeva məhkəməyə bildirib. Qətnamə çıxarılandan sonra “vəkillik ediləcəksə” hansı peşəkar, qeyri-peşəkar yardımdan danışmaq olar? Həmin qətnamədən kassasiya şikayəti vermək üçün ərizəçinin dövlət hesabına vəkillə təminatı haqqında Bakı Apellyasiya Məhkəməsinin 15.11.2024 tarixli qərardadının icrası VK-ya tapşırılsa da, 15 gündür icra olunmur. 1-ci dərəcəli Qarabağ qazisi məhkəmə qərarının icra olunmamasından dəyən maddi-mənəvi ziyanın ödənilməsi tələbi ilə Nərimanov məhkəməsində Vəkillər Kollegiyasının Rəyasət Heyətinə qarşı iddia qaldırıb. İş hakim Səbinə Nuriyevanın icraatındadır.
VK rəhbərliyinin adı intizam komissiyasının üzvü, DİN-in saxta vəkili və nümayəndəsi Əlirza Həbilovun timsalında cinayət işində də hallanır. 1-ci dərəcəli Qarabağ əlilinin  məhkəmə təminatı, hüquqi yardım almaq hüququna VK -dakı intizam (?) komissiyasının üzvü vəzifəsindən sui-istifadə edərək  qadağa qoyan, dövlət hesabına ayrılan vəkillərin şikayəti yazmasına qeyri-prosessual ilişgi ilə yol verməyən vəkil xüsusi ittiham qaydasında şikayətlə  məhkəməyə çəkilib. Məhkəmə hakimiyyətinin səlahiyyətlərini mənimsəyib, saxta 15.02.2019 tarixli iddianın mümkün sayılmaması haqqında qərardad tərtib edən və bu qərardadı ölkənin bütün məhkəmə hüquq sistemində preyudisial akt, Konstitusiya qərarı kimi tətbiq etdirən vəkilin barəsində məlumatların  CPM-in 207.6 maddəsi əsasında prokurora göndərilməsi də Ali Məhkəmə Plenumunun 21.02.2014 tarixli 3 N-li Qərarının 13-cü bəndi ilə əsaslandırılıb. İş Nəsimi məhkəməsinin hakimi Solmaz Mustafayevanın icraatındadır.
İndi Vəkillər Kollegiyası ittiham , istintaq orqanına vəkillik edən həmkarını xüsusi ittihamdan müdafiə etməyə borcludur. Peşələrinin adı nədir? Qarabağ əlili, sosial müdafiəyə ehtiyacı olan şəxs deyil ki, pulsuz yardımdan imtina edilsin...
Məğrur BƏDƏLSOY