Türkiyədə qulağına əcaib səslər gəldi, Bakıya qayıdandan sonra anasını bıçaqla vurdu

Baxış sayı:
13129

Türkiyədə ali məktəbdə təhsil alan Vaqifin səhhətində birdən-birə ciddi dəyişiklər yaranmağa başlayıb. Qulağına əcaib səslər gəlməsi, kimlərinsə ardıcıl olaraq“özünü öldür, bundan sonra hər şey yaxşı olacaq” deməsi ona dinclik verməyib. Günlərlə, həftələrlə özünə qapanıb, heç kimlə ünsiyyət qurmayıb, dinib-danışmayıb.

Vaqifin  səhhətindəki dəyişikliklər – yuxusuzluq, halsızlıq, özünə qapanma yaşca özündən böyük qardaşının da diqqətini çəkib. Zəng vurub bu haqda valideynlərinə xəbərdar edib. Oğlunun səhhətində yaranan problemlərlə əlaqədar olaraq atası Elşən Rüstəmov Türkiyəyə gəlib, onu “Bahçelievlər” xəstəxanasına aparıb, üç ay müalicə olunub, psixoloji durumu bir qədər normallaşıb.

Lakin bir müddət sonra yenidən vəziyyəti gərginləşib. Atası Vaqiflə əlaqə saxladıqda sonuncu ona özünü öldürmək istədiyini bildirib. Ata yenidən Türkiyəyə gedərək Vaqifin təhsilini dondurub, onu özüylə Bakıya gətirib. Bakıya gəldikdən sonra valideynləri Vaqifi yenidən həkimə aparıblar. Müxtəlif klinikalarda müayinə olunan Vaqifə şizofreniya diaqnozu qoyulub, müvafiq müalicələr təyin edilib. Hətta həkim onlara Vaqifi Psixatriya Xəstəxasına yerləşdirməyi məsləhət görüb. Lakin valideynləri övladlarını ev şəraitdə müalicə etdirməyə qərar veriblər.

Bütün bunlar anasını öldürməyə cəhddə ittiham olunan Bakı şəhər sakini 21 yaşlı Vaqif Rüstəmovun cinayət işinin epizodlarıdır. İşə Bakı Ağır Cinayətlər Məhkəməsi baxır.

Virtualaz.org-un xəbərinə görə, hadisə bu il yanvarın 8-də paytaxtın Binəqədi rayonunun Xocahəsən qəsəbəsində baş verib. Qəsəbə sakini, Vaqif Rüstəmov yaşadığı evdə anası, 45 yaşlı Sevinc Əliyeva ilə mübahisə edib. Belə ki, anası bıçaqla oğlunun özünə xəsarət yetirdiyini görüncə onun qarşına keçib, bıçağı əlindən almağa çalışıb. Bundan əsəbləşən Vaqif bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib. Yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib və əməliyyat olunub. Onun həyatını xilas etmək mümkün olub. Vaqif də anası ilə birgə xəstəxanaya aparılıb, onun ayağına tikiş qoyulub.

Törətdiyi cinayət əməlinə görə, V.Rüstəmova qarşı Cinayət Məcəlləsinin 29,120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb. Binəqədi rayon məhkəməsi tərəfindən barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

İstintaq zamanı V.Rüstəmov barəsində məhkəmə psixiatrik ekspertizası keçirilib və hadisəni anlaqsız vəziyyətdə törətdiyi müəyyən olunub.

Təqsirləndirilən Vaqif Rüstəmov ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. İfadəsində deyib ki, orta məktəbin səkkizinci sinfini bitirdikdən sonra Türkiyənin İzmir şəhərindəki H.Əliyev adına liseydə 4 il təhsil alıb, sonrasa İstanbul Yıldız Texniki universitetinə qəbul olunaraq təhsilini davam etdirib. Son bir ildə qulağına gələn səslər onu heç cür rahat buraxmayıb, intihara sürükləyib: “Həmin səslər  mənə pislik arzulayır, hər şeyin pis olacağını deyirdilər. Mənimlə birgə Türkiyədə təhsil alan, bir yerdə yaşayan qardaşıma bu haqda dedim. Qardaşım psixi problemlərimin olduğunu söylədi. Bu səslər məni rahat buraxmırdı, kitab oxuya bilmirdim, çətinlik çəkirdim, dözə bilmirdim. Atam Türkiyəyə gəldi, məni Bakıya apardı”.

V.Rüstəmov hadisənin necə baş verdiyini xatırlamadığını, həmin gün yenə də qulağına “özünü öldür, hər şey yaxşı olacaq” kimi əmredici səslər gəldiyini deyib: “Bıçaqla ayağımdan vurdum. Sonradan nə baş verdiyini xatırlamıram. Yaddaşımı bərpa edə bilmirəm. Anamı vurmamışam. Özümü öldürmək istəmişəm”.

Zərərçəkmiş Sevinc Əliyeva ifadəsində müəllimə işlədiyini, hər üç övladının onun işlədiyi məktəbdə oxuduqlarını, orta məktəbi bitirdikdən sonra Türkiyədə ali məktəbə daxil olduqlarını göstərib: “Həyat yoldaşımın da, mənim də, övladlarımızla münasibətimiz həmişə ormal olub, aramızda narazılıqlar olmayıb”.

S.Əliyevanın ifadəsinə görə, son vaxtlar oğlu Vaqifdə çox oxuması səbəbindən psixoloji pozuntular yaranıb, depressiyalar başlayıb. Psixoloji vəziyyəti ağırlaşdığından nervpotoloq, psixiatr yanına aparıblar, bir neçə gün evdə müalicə alsa da, özünü küskün aparıb.

Hadisə baş verən gün anası Vaqifdən əhvalının necə olduğunu soruşub. Vaqif ona özünü yaxşı hiss etdiyini deyib: “Axşam saatlarınadək əhvalında heç bir dəyişiklik, qeyri-adi hal hiss etmədim. Axşam həkimin yazdığı dərmanı içdikdən sonra vəziyyəti ağırlaşdı. Özündə deyildi, gözləri qəribəydi. Qəfildən “mama, mən niyə bu həyatda yaşayıram “ deyib stolun üstündən götürdüyü bıçağı boğazına doğru aparıb kəsmək istədi.  Vaqifin üstünə atılıb bıçağı əlindən almağa çalışdım. Ağaya qalxıb mənə müqavimət göstərdi, bıçaq mənə dəydi, çətinliklə də olsa onu evin qapısından həyətə çıxardım. Əlindəki bıçağı aldım, pilləkənlardan yıxıldım, bıçaq qarnıma dəydi”.

Ətrafda qan ləkələri görən Vaqif anasından “nolub, niyə yerdəsən, buralar niyə belədi” deyə soruşub. Ana cavabında “nar ləkəsidir” deyib. Vaqif sakitləşsə də, uca səslə ağlamağa başlayıb. S.Əliyeva deyib ki, son bir ildə Vaqif depressiv durumdan əziyyət çəksə də, ailə üzvlərinə qarşı belə hərəkətlər etməyib, intihara cəhd göstərməyib: “Burda həkimə apardıqdan sonra dedi ki, mama, mən intihar etmək istəyirəm. Səbəbini soruşduqda isə dağınıq fikirlər səsləndirirdi”.

Məhkəmənin qərarına əsasən, Vaqif Rüstəmov barəsində məcburi müalicə təyin edilib.

İnarə Rafiqqızı