Vüqar Məmmədovun məhkəmə prosesi keçirilib

Baxış sayı:
3436

Bu gün “Hürriyyət” qəzeti və “Hurriyyet TV”-nin baş redaktoru Vüqar Məmmədovun (Tofiqoğlu) məhkəmə prosesi keçirilib. Hurriyyet.az xəbər verir ki, saat 10:15-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə baş tutan hazırlıq iclasında ilk öncə anket məlumatları dəqiqləşdirilib.

Daha sonra Baş redaktorun vəkili Aqil Layıcın vəsatətləri təmin edilməyərək, cinayət işi məhkəmə baxışına verilib və baxış iclası mayın 18-nə təyin edilib.

Məlumat üçün bildirək ki, vəkilin vəsatətlərindən biri V.Məmmədovun ev dustaqlığına buraxılması ilə bağlı olub. Digər vəsatətə gəldikdə isə, Aqil Layıc bildirib ki, Cinayət Məcəlləsinin 182.2.2-ci və 182.2.4-cü maddələri ilə hüquqi şəxslərin müraciəti əsasında hansısa fiziki şəxsə cinayət işi açılması aşkar qanunsuzluq olmaqla yanaşı, Azərbaycan məhkəmə tarixində ilk faktdır. Bu baxımdan, o, məhkəmədən V.Məmmədovun barəsində açılan qondarma cinayət işinin ləğv edilməsini tələb etmişdir.

O cümlədən, əsassız yerə ittiham olunan Vüqar Məmmədovun özü də sifariş əsasında həbs olunduğunu elan etmiş və əməllərində heç bir cinayət tərkibi olmadığını bildirmişdir.

Məhkəmə fasiləyə getdikdən sonra hakim Elmin Rüstəmov qeyd olunan vəsatətlərin qəbul olunmadığını elan etmiş və baş redaktor barəsində açılan cinayət işi üzrə məhkəmə baxışının vaxtını elan etmişdir.

Xatırladaq ki, Vüqar Məmmədov ötən ilin oktyabrın 29-da DTX-nin "Hürriyyət" qəzeti və "Hürriyyət TV"də keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Məhkəmənin qərarı ilə Vüqar Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 182.2.2-ci (Hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə) və 182.2.4-cü (Hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə yekun ittiham elan olunub.

“Hürriyyət” V.Məmmədovun qanunsuz və sifariş əsasında azadlıqdan məhrum edildiyini və baş redaktorun hüquqlarının müdafiəsi istiqamətində bütün zəruri addımlar atacağını bildirir.