Biləsuvar gömrük postu narkotik daşıyan TIR-ı buraxdı, Abşeron polisi yaxaladı... – ŞOK ƏMƏLİYYAT

Baxış sayı:
74

Xəbər verdiyimiz kimi, Abşeron polisi iki gün əvvəl növbəti dəfə uğurlu narkotik əməliyyatları keçirib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Stopnarkotik.az-a bildirlib ki, bu əməliyyatlar zamanı ümumilikdə 19 kiloqram narkotik vasitə və psixotrop maddənin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.
Qeyd edək ki, sözügedən əməliyyatlardan biri xüsusilə diqqət çəkir. Söhbət İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirən TIR sürücüsünün Abşeron polisi tərəfindən saxlanılmasından gedir. Hansı ki, məlum əməliyyat nəticəsində ölkələrarası yükdaşıma fəaliyyəti ilə məşğul olan 47 yaşlı Emin Əhmədov saxlanılıb. Onun idarə etdiyi iritonnajlı yük maşınından 8 kiloqrama heroin və 3 kiloqramdan çox psixotrop maddə metamfetamin aşkarlanıb.
Araşdırmalarla müəyyən edilib ki, E.Əhmədov aşkar olunmuş narkotik vasitələri şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə edərək qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirib. Saxlanılan şəxsin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir”, - deyə rəsmi açıqlamada vurğulanır.
**
Stopnarkotik.az-ın etibarlı qaynaqlardan əldə etdiyi məlumata əsasən, TIR sürücüsü Emin Əhmədov İrandan gətirdiyi 11 kq narkotik vasitəni Biləsuvar Gömrük Məntəqəsindən keçirib. Təbii ki, bu fakt yenə bir çox suallar doğurur. İlk sual isə budur ki, yük maşınında olan külli miqdarda narkotik gömrükçülərimizin “gözündən yayınıb”, yoxsa əvvəllər də olduğu kimi, bu məsələdə yenə rəsmi şəxslərin “barmağı” var? Hər halda, bu suala aidiyyəti qurumlar aydınlıq gətirsə, daha yaxşı olar. İlk növbədə də Dövlət Gömrük Komitəsinin (DGK) açıqlamasına ehtiyac var. Axı, cəmi bir neçə ay əvvəl Biləsuvar Gömrük Məntəqəsinin ölkəyə narkotik ötürməkdə ittiham olunan vəzifəli şəxsləri işdən azad olunmuş və barələrində cinayət işi açılmışdı. İndi "günah keçisi” kimlər olacaq? Yenə kimlərsə cəzalandırılacaq, yoxsa dəfələrlə olduğu kimi, “qurbağa gölünə daş atılacaq”? Bütün hallarda susmağın DGK-nın özünə də fayda verməyəcəyi bəllidir...
Xatırladaq ki, ötən il sentyabrın 27-də içərisində 50 milyon dollarlıq (200 kq) heroin olan İrana məxsus yük maşınının Biləsuvar Gömrük Məntəqsindən daxil olaraq, daha sonra “Sınıq Körpü” Sərhəd Keçid Məntəqəsindən Gürcüstana maneəsiz keçdiyi təsdiq olunmuşdu. Bu hadisədən bir ay keçməmiş – oktyabrın 23-də dəyəri 80 milyon dollar olan daha 250 kq heroin Azərbaycan üzərindən Gürcüstan daxil olmuş və qonşu ölkənin gömrükçüləri tərəfindən aşkarlanmışdı. Sözügedən narkotik də məhz Biləsuvar Gömrük Məntəqəsindən Azərbaycana gətirilmiş, “Sınıq Körpü” vasitəsilə də Gürcüstana ötürülmüşdü. Məlum biabırçı olaylardan sonra gömrük məntəqlərində nəzarət gücləndirilsə də, görünür, hələ də bizim rəsmi qurumlar beynəlxalq narkotik mafiyasının maraqlarından kənara çıxa bilmirlər. Əks halda, 11 kq narkotikin Biləsuvar gömrüyündə quraşdırılan müasir texnikanın “gözündən” və narkotik axtaran itlərin “burnundan” yayındığını düşünmək sadəlövhlük olar.
**
Əlbəttə, İrandan gələrək, ölkəmizdən tranzit keçən yük maşınlarında hətta yüzlərlə kiloqram narkotikin aşkarlanamaması belə, cəmiyyətimiz üçün çox da narahatedici fakt deyil. Ən azı ona görə ki, sözügedən narkotiklər bizim ölkəmizdə satışa çıxarılmır, bizim yeniyetmə və gənclərimizi zəhərləmir. Amma İrandan gələn TIR-ın içərisindəki külli miqdarda narkotikin gömrükdən sərbəst keçməsi və Abşeronda peyda olması olduqca ciddi problemdir. Çünki bu narkotikin hədəfi dövlətimizin gələcəyi olan yenyetmə və gənclərimizdir. Odur ki, Dövlət Gömrük Komitəsinin yarıtmaz fəaliyyətinə heç bir halda göz yummaq olmaz.
Stopnarkotik.az
P.S. Yenə yaxşı ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları sözügedən narkotikin “qara bazar”a ayaq açmasına imkan vermədi və yük avtomobilinin sürücüsü vaxtında saxlanıldı. Vəzifəsindən və tutduğu mövqedən asılı olmayaraq, bu işdə ləyaqətlə xidmət göstərən hər bir vətəndaşımıza yalnız və yalnız minnətdarlıq düşür.