“4 il ərzində susmağımı zəiflik hesab etməyin!” - CƏLAL QURBANOVDAN SƏRT XƏBƏRDARLIQ

Bir neçə gün əvvəl müğənni Ruhiyyə Əliyeva ilə tanınmış jurnalist Aynurə Pənahqızı arasında baş verən qalmaqal haqda xəbər vermişdik. Hansı ki, vaxtilə R.Əliyevanın saytına rəhbərlik edən A.Pənahqızı özünün “Facebook” səhifəsində müğənninin ünvanına kəskin ifadələr səsləndirmiş, daha sonra yazısını silməyə məcbur olmuşdu. Buna baxmayaraq, bəzi saytlar sözügedən məqaləni öz səhifələrində dərc etmişdilər. Bu zaman tanınmış bəstəkar, AYB-nin üzvü, “Mənim Oğlum Qəhrəmandır!” və “Mənim Atam Qəhrəmandır!” layihələrinin rəhbəri Cəlal Qurbanovun həmin paylaşımın altından yazdığı status xüsusilə diqqət çəkmişdi. Hansı ki, Hurriyyet.info da həmin statusu olduğu kimi dərc etmiş, o cümlədən qarşı tərəfin mövqeyini dərc etməyə hazır olduğunu diqqətə çatdırmışdı...
Bu dəfə isə C.Qurbanov özünün “Facebook” səhifəsində geniş məqalə yazaraq, onun barəsində mətbuatda yalan məlumatlar yazdırmaqda ittiham etdiyi Ruhiyyə Əliyevaya, eləcə də bəzi saytlarda müğənninin əleyhinə dərc olunan yazıları sildirən vəzifəli şəxslərə açıq şəkildə xəbərdarlıq ünvanlayıb. Həmin yazını olduğu kimi dərc edirik:
“BU MƏNİM SON XƏBƏRDARLIĞIMDIR!
Dörd ildir susuram…
Dörd ildir ki, mənə, ailəmə və fəaliyyətimə qarşı aparılan qarayaxma kampaniyalarına, sifarişli yazılara və böhtanlara səbr edirəm.
Amma siz artıq qırmızı xətti keçdiniz.
Mənə qarşı yazılanlara bəlkə də susmaq olardı. Amma şəhid analarının, şəhid xanımlarının və şəhid ailələrinin müqəddəs adına kölgə salınmasına susmaq olmaz.
Üstəlik, mənim adımı da bu kampaniyalara qataraq, öz çirkin niyyətinizi həyata keçirməyə çalışdınız.
Mənə və ailəmə qarşı səsləndirilən böhtanlar, təhqirlər və qarayaxmalarla bağlı əlimizdə olan faktlar və sübutlar əsasında vəkilimiz vasitəsilə məhkəməyə müraciət etmişik. Bu gün qəbul edilən qərarlar bir daha göstərdi ki, həqiqət gec-tez ortaya çıxır və Azərbaycanda qanun da, ədalət də öz məqamında həllini tapır.
Mən, ilk növbədə işimə ədalətli və obyektiv yanaşdıqlarına görə Xətai Rayon Məhkəməsinin və Apellyasiya Məhkəməsinin hakimlərinə təşəkkür edir, Azərbaycan məhkəmələrinə olan inamımı bir daha ifadə edirəm.
Mən 20 ildən artıq dövlət qulluğunda xidmət etmiş, gömrük xidməti polkovniki rütbəsinə qədər yüksəlmiş, III, II və I dərəcəli “Qüsursuz xidmətə görə” döş nişanları ilə təltif olunmuşam və Prezident təqaüdçüsüyəm.
2023-cü ildə isə öz seçimimi etdim və öz ərizəmlə xidmətdən ayrıldım. Çünki şəhid ailələrinin yanında olmaq, onların xidmətində dayanmaq mənim üçün istənilən vəzifədən daha şərəfli və daha müqəddəs bir amaldır.
Artıq altı ilə yaxındır ki, “Mənim Oğlum Qəhrəmandır!” və “Mənim Atam Qəhrəmandır!” layihələrinin ailəmlə və övladlarımla birlikdə könüllüsüyəm.
Rəhmətlik atam Cavanşir Qurbanovun son vəsiyyətlərindən biri də mənim daim şəhid ailələrinin, şəhid analarının və şəhid övladlarının yanında olmam idi.
Bu gün mən həm şəhid qardaşlarımın əmanətinə, həm də atamın müqəddəs vəsiyyətinə şərəflə əməl edirəm. Şəhid ailələrinin daim diqqətdə saxlanılması, onların qayğı ilə əhatə olunması dövlətimizin siyasəti və cənab Prezidentin xüsusi diqqətinin nəticəsidir. Mən isə bu müqəddəs missiyanın sadəcə könüllülərindən biriyəm.
Bu gün susub, çəkmədiyim adlar var.
Mənə qarşı sifarişli yazılar yazdıranları da, bu işi təşkil edənləri də, dəstəkləyənləri də tanıyıram.
Mən heç vaxt qadınlarla mübarizə aparmamışam və bu gün də eyni mövqedəyəm.
Amma, əgər doğrudan da mənimlə bağlı bir narazılığınız, iradınız və ya sualınız varsa, bunu dolayı yollarla deyil, açıq şəkildə deyin.
Sözümü həmin xanımlara deyil, onların güvəndiyi və arxalandığı şəxslərə ünvanlayıram. Mənimlə bağlı böhtanlar yayıb, sifarişli yazılar yazdırmaqda məqsədiniz nədir?
Və!!! bir incə nüansı unutmayın:
Mənə qarşı deyilənləri bəlkə görməzlikdən gəlmək olardı. Lakin şəhid analarının, şəhid xanımlarının və şəhid ailələrinin adını bu məsələlərdə hallandırmağa heç kimin haqqı yoxdur!
Bir məqamı da xüsusilə qeyd etmək istəyirəm. Üzümü bəzi qurumların mətbuat xidmətlərinin rəhbərlərinə tuturam. Mən başa düşmürəm, siz dövlət qurumunun nümayəndəsisiniz, yoxsa hansısa “topçu qəhrəman” müğənninin prodüsseri və yaxud müdafiəçisi?
Mənim verdiyim sualların və açıqlamaların müxtəlif vasitələrlə saytlardan sildirilməsinə çalışmaq sizin vəzifə borcunuz deyil!
Bundan ziyadə, üzümü konkret olaraq daha bir səlahiyyət sahibəsinə tutaraq deyirəm: Əgər siz nəyisə sildirməyə bu qədər həvəslisinizsə, əvvəlcə öz ailənizdəki ağsaqqalın sinəsini müxtəlif medallarla dolduraraq müqəddəs məkanda sərxoş vəziyyətdə etdiyi çıxışların görüntülərini ictimaiyyətin yaddaşından silməyə çalışın. Yadda saxlayın ki, həqiqi orden və medallar bu Vətənin azadlığı uğrunda canından keçən şəhidlərimizin, qanı ilə tarix yazan qazilərimizin və döyüş meydanında qəhrəmanlıq göstərən hərbçilərimizin halal haqqıdır. O müqəddəs mükafatlar şəxsi şöhrət nümayişinə çevrilmək üçün verilmir.
Əgər doğrudan da belə imkanınız varsa, Qardaş Türkiyədən gələn Millət Vəkillərinin qarşısında sərxoş vəziyyətdə rəqs edərkən ətrafındakıların onu itələyərək kənara çəkməyə çalışdığı görüntüləri də sildirin. “Bu ordenlər, bu medallar heç kəsdə ola bilməz, bunları Nəcibulla verib mənə” deyə medalları ilə öyünən “təvazökar” ağsaqqalın adına və yaşına yaraşmayan videoları sildirin! Mənim müsahibələrimi və açıq şəkildə verdiyim sualları yox!”
Mən öz adımla danışmışam, öz adımla sual vermişəm və bu gün də həmin sualın cavabını gözləyirəm.
Və yenə də soruşuram:
Öz çıxışında Tərtər hadisələri zamanı “12-ci topu mən atmışam” deyən “qəhrəman müğənni” həmin topun hansı istiqamətdə atıldığını izah edə bilərmi? Bu addım hansı şəraitdə atılıb? Və buna kim icazə verib?
Dörd ildir bu sualın cavabını tək mən yox, həmin döyüşlərin əsl qəhrəmanları gözləyir.
İllərlə başqalarının nüfuzuna xələl gətirməyə çalışanlar bu gün öz yaxınlarının haqlı tələbləri ilə üz-üzə qalıblar. Həqiqəti mediadan sildirməyə çalışmaq əvəzinə, əvvəlcə haqqını yediyiniz insanların qarşısında məsuliyyətinizi yerinə yetirin. Həqiqət nə sifarişli yazılarla dəyişir, nə də məlumatları sildirməklə yox olur. Əgər doğrudan da ədalət tərəfdarısınızsa, əvvəlcə sizə etibar etmiş insanların haqqını bərpa edin. Başqalarının adına kölgə salmağa çalışanlar unutmamalıdır ki, bir gün ən ağır suallar məhz öz yaxınlarından gəlir. Medianı susdurmaq və mənim müsahibələrimi sildirməklə vicdanın səsini susdurmaq mümkün deyil. Haqqını yediyiniz insanların haqqını ödəyin, həqiqət özü danışacaq. Hörmət qazanmaq həqiqətləri sildirməklə deyil, cəmiyyət tərəfindən haqlı tənqid olunan fikirlərə görə məsuliyyət daşımaqla mümkündür. "12-ci topu kimə, hansı haqla və hansı vəzifə və səlahiyyətlə" atdığını anlamadan ifadə verənlər bu gün başqalarını öz çirkin şayələri ilə hədəf almağa çalışır. Ancaq görünür ki, artıq ən yaxın ətrafınız belə susmur və haqqını tələb edir.
Hələlik susuram…
Hələlik səbr edirəm…
Mən bir daha deyirəm. Bu dörd il ərzində onlar Mənim susmağımı zəiflik hesab etməsinlər. Mən öz tərbiyəmə, ailə dəyərlərimə və daşıdığım məsuliyyətə görə susurdum. Lakin bu çirkin kampaniya davam edərsə, bu işdə əli olan şəxslərin adlarını və faktları ictimaiyyətə təqdim edəcəyəm.
Çünki burada söhbət təkcə mənim adımdan getmir. Burada söhbət şəhid ailələrinin adına, onların etimadına və müqəddəs xatirəsinə hörmətdən gedir. Şəhid ailələri bizim qırmızı xəttimizdir! Bu xətti keçənlər isə gec-tez həm qanun, həm vicdan, həm də tarix qarşısında cavab verməli olacaqlar!
Hər kəs bilməlidir ki, şəhid ailələrinin adı və müqəddəs xatirəsi heç bir şəxsi marağın, çəkişmənin və ya kampaniyanın alətinə çevrilə bilməz. Bu, həm mənim, həm də bütün vicdanlı insanların qırmızı xəttidir.
Mən bu gün də qanuna, ədalətə və dövlətimizə güvənirəm. Həqiqətin gec-tez üzə çıxacağına inanıram. Susmağım zəiflik deyil, tərbiyəmin, dəyərlərimin və məsuliyyət hissimin göstəricisidir. Lakin heç kim bunu həqiqətdən geri çəkilmək kimi qəbul etməsin.
Şəhidlərimizin əziz xatirəsinə, qazilərimizin fədakarlığına və şəhid ailələrinin etimadına olan borcum məni hər zaman doğru bildiyim yolda qətiyyətlə addımlamağa vadar edəcək!!!”
Muxalifet.az




















