MEDİAYA VAHİD YANAŞMA... - Media və Yayım Şurası nə üçün yaradılır?

Hələ 44 günlük müharibə günlərində bir ölkənin informasiya siyasətinin və bu siyasəti reallaşdıran media qurumlarının, eləcə də müstəqil medianın fəaliyyətinin nə qədər böyük əhəmiyyət daşıdığının bir daha şahidi olduq. Azərbaycan həmin günlərdə təkcə cəbhədə, səngərdə deyil, informasiya məkanında da savaş aparırdı. Bu zaman bir daha əmin olduq ki, xüsusilə də taleyüklü dönəmlərdə İnformasiya siyasətinə dövlətin vahid institusional yanaşması, ölkənin informasiya məkanını çirkləndirmə cəhdlərinin, habelə dezinformasiyaların qarşısının alınması birgə və böyük səylər tələb edir...
Əslində, hələ Qarabağdakı tarixi qələbəmizlə yekunlaşan Vətən müharibəsinin başa çatmasından az sonra ölkə başçısı media sahəsində islahatların dərinləşməsi təşəbbüsü ilə çıxış etmişdi. Artıq həmin vaxt bu zəruri addımın atılması medianın inkişafının dövlətimiz üçün mühüm əhəmiyyət kəsb etdiyinin göstəricisi oldu. Bu, həm müharibə ilə paralel aparılan informasiya savaşından çıxan təcrübənin yaratdığı zərurət, həm də medianın cəmiyyətin hərtərəfli inkişafında oynadığı mühüm rolun ən yüksək səviyyədə təşviqi idi.
Azərbaycan bu gün də xaricdən dezinformasiya, feyk xəbərlər, qərəzli və saxta statistika və analizlər kimi alətlərdən istifadə edilməklə ölkəmizə qarşı neqativ gündəlik formalaşdırılması cəhdlərilə qarşılaşır. Bununla mübarizə aparmaq, eyni zamanda Azərbaycan mətbuatının daha müasir, iqtisadi cəhətdən müstəqil və effektiv fəaliyyətini təmin etmək üçün qanunvericiliyin bütün bu çağırışlara adekvat və çevik reaksiyasına ehtiyac var. Bu baxımdan Azərbaycan Respublikası Media və Yayım Şurasının yaradılması ilə bağlı “Media haqqında” Qanuna təklif olunan dəyişikliklər məhz çevik yanaşmanın göstəricisi sayıla bilər...
Azərbaycanda media sahəsinə münasibətdə də digər sahələrdə olduğu kimi, optimallaşmaya, daha çevik və kollegial mexanizmə keçid zərurəti yaranıb. Bu kontekstdə Medianın İnkişafı Agentliyi (MEDİA) və Azərbaycan Respublikasının Audiovizual Şurasının fəaliyyəti bir-birini tamamlayan mexanizm üzərində qurulduğundan bu iki qurumun əsasında kollegial idarəetmə sisteminə malik Media və Yayım Şurasının yaradılması dövlətin vahid institusional yanaşma strategiyasının təzahürüdür.
Artıq müasir qlobal dəyişikliklər və trendlər sayəsində çap, onlayn və audiovizual media arasındakı sərhədlər faktiki olaraq silinib. Bu isə o deməkdir ki, informasiya təhlükəsziliyinə və mediaya vahid yanaşma zərurəti yaranıb. Bu, həm də mövzuya sistemli yanaşmanın göstəricisidir.
Daha bir maraqlı və mühüm məqam yeni yaradılan qurumun kollegial idarəetmə modelinə əsaslanmasıdır. Bu, medianın müstəqilliyinə və quruma münasibətdə ictimai etimadın yüksəlməsinə xidmət edəcək effektiv demokratik mexanizm ola bilər. Onu da qeyd edək ki, qanuna dəyişikliklər Media Reyestrilə bağlı da bəzi yenilikləri nəzərdə tutur. Belə ki, media subyektlərinə dair məlumatları sistemləşdiriən Media Reyestrinə jurnalistlərin daxil edilməsi və onların müvafiq vəsiqə ilə təmin olunmaları qanuna dəyişikliklərdən sonra ödənişsiz olacaq.
Bu arada media sahəsində tənzimləmə və inkişaf funksiyalarının vahid, yaxud əlaqələndirilmiş institusional çərçivədə həyata keçirilməsi beynəlxalq təcrübədə də var. Məsələn, media sahəsində ən demokratik ölkələrdən olan Böyük Britaniya və Fransada da medianın fəaliyyətinin tənzimlənməsilə məşğul olan bu cür qurumlar fəaliyyət göstərir. Bunlar Fransada CSA (hazırda ARCOM), Böyük Britaniyada isə Ofcom-dur.
Bu dəyişiklik təkcə media mühitimizin, cəmiyyətimizin xarici neqativ təsirlərdən qorunması deyil, həm də daxili informasiya məkanmızın təhlükəsizliyini təmin etməyə, öz daxili media resurslarımızın önə çəkilməsinə, yerli medianın inkişafına töhfə verəcək. Bu isə o deməkdir ki, Azərbaycanın həqiqətləri daha çox ilkin və obyektiv mənbələrdən dünya ictimaiyyətinə çatdırılacaq və bununla da xarici maraqlı qüvvələrin ölkəmiz barədə yaratmağa çalışdığı neqativ gündəmin qarşısının alınması işi gücləndiriləcək.
Beləliklə, qanuna müvafiq dəyişiklik edildikdən sonra media subyektlərinin daha effektiv və çevik fəaliyyəti üçün yeni imkanların açılacağına ümid edirik. Milli mediamız isə hər zaman olduğu kimi, ona yaradılan şəraitdən yalnız ölkəmizin, xalqımızın maraqlarına xidmət etmək üçün yararlanacaq.




















