​Tunisdə qadınlara qeyri-müsəlmanlara ərə getmək icazəsi veriləcək

"The Guardian" yazır ki, Tunis daxildəki və xaricdəki müsəlman çevrələrindən göstərilən təzyiqlərə baxmayaraq ölkənin nikah və varislik barədə qanunlarına inqilabi dəyişikliklər etməyə hazırlaşır.
Ötən ay prezident Beji Caid Essebsi bəyan edib ki, ölkə qadınlarına qeyri-müsəlmanlara ərə getmək icazəsi veriləcək. Belə qadınların valideyn ailəsindəki varislik hüquqları da saxlanacaq.
Hazırda Tunisdə müsəlman qadınların qeyri-müsəlmanlarla evlənməsi qadağandır. Əksinə kişilər qeyri-müsəlman qadınlarla evlənə bilərlər və bu qadınlardan dinlərini dəyişmələri tələb edilmir.
Digər tərəfdən İslam qanunlarına görə kişilər vərəslik bölgüsü zamanı qadınlardan iki dəfə çox pay alırlar.
"Bütün müsəlman aləmində ən mütərəqqi konstitusiyadan" misal gətirən prezident deyib: "Dövlətimiz qadın və kişilər arasında tam bərabərliyə nail olmalıdır kİ, biz hamıdan bərabər məsuliyyət tələb edə bilək".
Tunis hazırda bütün müsəlman ölkələri arasında qadın hüquqları sahəsində çempionluq edir.
Ölkə parlamenti qadınlara qarşı zorakılığa son qoymalı olan qanunu qəbul edib. Kişiləri zorladığı qadınla evlənərsə, cinayət məsuliyyətindən azad edən qanun isə ləğv olunub.
Prezidentin bəyanatından az sonra Afek Tunes partiyasından millət vəkili Rim Məhcub radio ilə çıxşında bu təşəbbüsləri "mütərəqqi və inqilabi" adlandırıb.
Xanım millət vəkili deyib ki, o, bu debatlarlın başlanmasından çox məmnundur.
Bu xəbəri Human Rights Watch təşkilatının Tunis və Əlcəzair üzrə nümayəndəsi Amna Guellali də alqışlayıb.
O deyib ki, qadın azadlıqları uğrunda mübarizə təkcə Tunisdə yox, bütün regionda gedir. Bu mübarizənin uğurla başa çatıb-çatmayacağı isə başqa məsələdir.
Mənuba Universitetindən alim-feminist Dalenda Larguèche deyib ki, bu qanunlar Tunisi onun istədiyi bir ölkəyə çevirəcək.
"Nə üçün də müsəlman kişi qeyri-müsəlman qadınla evlənə bilər, amma tunisli qadın qeyri-müsəlmana ərə gedə bilməz?" - deyib alim.
O həmçinin bildirib ki, müasir Tunisdə tabular yoxdur. Alim əlavə edib ki, yeni Tunis bütün Ərəb dünyasına və müsəlman ölkələrin qadınlarına nümunədir".
"The Guardian" yazır ki, Tunis prezidentinin təşəbbüsləri beynəlxalq müsəlman təşkilatları tərəfindən müqavimətlə qarşılanır.
Müxalif Ən-Nəhda partiyasından Cəmilə Ksiksi deyib ki, prezident ölkənin daha ciddi problemləri ilə məşğul olmalıdır.
Onun sözlərinə görə, Tunisdə işsizlik və yaşayış qiymətləri durmadan artır.
Ölkənin bir sıra nüfuzlu keçmiş hökumət üzvləri də islahat təşəbbüslərini tənqid edirlər.
Tunis prezidentinin qadın azadlıqları və vərəsəlik haqları barədə təşəbbüslərini Misirdəki Əl-Əzhar Dini Universitetinin rəhbərliyi də kəskin tənqid edir.
Bu qurum bütün sünni müsəlman aləmində ən nüfuzlu dini təşkilatdır(bbc).