Trampı Kremllə bağlayan əlaqələr ortaya çıxa bilər - FOTOLAR

ABŞ prezidentinin kriminal şəxslər vasitəsilə Rusiya ilə biznes bağlantılarına malik olduğu iddia edilir
 
ABŞ-ın indiki prezidenti Donald Trampın başı vəzifədə olduğu 9 ay ərzində bir gün də olsun, özü ilə bağlı qalmaqallı xəbərlərdən ayılmır. Mətbuat daha ilk gündən onun Rusiyanın köməyi sayəsində Ağ Evə köçməsini yazır. Bununla bağlı hər həftə yeni sensasion faktlar üzə çıxarılır.
The Washington Post qəzeti ABŞ prezidentinin yaxın keçmişdə Rusiyada apardığı biznes fəaliyyəti ilə bağlı maraqlı yazı dərc edib.
Məqalədə Trampın yaxın adamı Maykl Koenin vaxtilə Vladimir Putinin mətbuat katibi Dmitri Peskova məktub yazaraq ondan Moskvada tikilməsi planlanan “Tramp qülləsi” ilə bağlı işin sürətlənməsinə kömək göstərməsini xahiş etdiyi qeyd olunub.
Məktubun 2016-cı ilin yanvarında yazıldığı ortaya çıxıb. Koen məktubda Peskovdan onunla əlaqə yaratmasını, o cümlədən lazımi adamlarla görüş təşkil etməsini istəyib. Məsələ ilə əlaqədar Konqres tərəfindən sorğu-suala çəkilən Maykl Koen Peskovdan cavab məktubu aldığını və layihə ilə əlaqədar Rusiya hökumətinin nümayəndələri ilə görüşdüyünü xatırlamadığını söyləyib.
Koenin bildirdiyinə görə, saziş lisenziya xarakterli olub. Buna görə tikintini həyata keçirən Moskvanın developer şirkəti “I.C. Expert Investment” Donald Trampa onun adından istifadə etdiyinə görə pul ödəməliymiş. Koen şirkətlə saziş imzalanması ilə bağlı Trampla 3 dəfə müzakirə apardığını söyləyib. Donald Tramp 2015-ci il oktyabrın 28-də şirkətlə niyyət protokolu imzalayıb. Lakin sonradan nədənsə layihəyə son verilib. Koenin sözlərinə görə o, həmin vaxt vasitəçi rolunu oynayan ABŞ biznesmeni Feliks Saterin tövsiyyəsinə görə elektron məktubu Peskova göndərib.
The Washington Post Maykl Koenin 2007-ci ildən bəri Donald Trampın biznes agenti rolunda çıxış etdiyinə, sonuncunun ona ailə üzvü kimi baxdığına diqqət çəkib. Mətbuat Koenin məhz Peskova məktub yazmasının da təsadüfi olmadığını düşünür. Rusiyalı məmur Putinin ən yaxınında olan şəxslərdən hesab olunur və bütün dövlət idarələrinə sözünü keçirə bilir.
“Əgər siz Putinin ətrafındakılardan birinə çıxış axtarırsınızsa Peskov ən yaxşı variantlardan biridir”, - MKİ-nin Rusiya üzrə əməliyyatlarına rəhbərlik edən Stiven Holl qəzetə bildirib.
Mətbuat bu gəlişmənin Tramp üçün əlavə başağrısı olacağını da vurğulayır. Belə ki, 2016-cı ilin iyulundan bu yana Tramp Rusiya ilə heç bir biznes əlaqəsinin olmadığında israr edir.
Qərb mediası yazıda adıçəkilən Feliks Saterin də fiquruna diqqət yetirib. Böyük Britaniyanın The Guardian qəzeti Saterin yuxarıda bəhs edilən “Tramp qülləsi”nin tikintisi ilə bağlı əsas vasitəçi rolunu oynadığını yazıb.
The Daily Beast saytının məlumatına görə, Feliks Sater Koenə Rusiyanın ən böyük banklarından, VTB-dən layihənin gerçəkləşdirilməsindən ötrü kredit alacağını söyləyib. Əgər Saterin dedikləri doğru çıxsa, bu, Trampla Kreml arasında əsas bağlantılardan birinin çözülməsi demək olacaq.
Saterin 2015-ci ilin noyabrında Maykl Koenə yazdığı məktubda bu cümlələr diqqəti cəlb edir: “Mən Putini bu proqrama cəlb edəcəm və biz birlikdə Trampın seçilməsinə nail olacağıq”.
Mətbuat Feliks Saterin atası Mixail Şeferovskinin vaxtilə Rusiyadan köçdüyünü və Nyu Yorkun Brayton Biç rayonunda kriminal avtoritetə çevrildiyini xatırladıb. Elə Sater özü də həmin rayonda yetişib. Burada o, uşaqlıq dostu Maykl Koenlə tanış olub.
Trampla Saterin yolları sonuncunun Qazaxstanlı iş adamı Tevfiq Ariflə gördüyü biznes işi zamanı kəsişib. F.Sater və T.Arif birlikdə Bayrock firmasını təsis edirlər. Sater həmin firmanın icraçı dirketoru vəzifəsini daşıyıb. Bu firma D.Trampla “Trump SoHo” otelinin tikintisi ilə bağlı əməkdaşlıq sazişi imzalayıb. 2007-ci ildə otelin təntənəli açılış mərasimində bu 3 şəxsin birlikdə fotosu da var.
Lakin sonradan Sater kriminal keçmişinin detallarının ortaya çıxması ilə əlaqədar kölgəyə çəkilməli olub. Belə ki, onun vaxtilə birja makleri işləyərkən sındırılmış qədəhlə bir adamı yaraladığı məlum olub. Bir il həbsxana həyatı keçirdkdən sonra Sater fond bazarında fırıldaqçılıq üstündə yenə də məhkumluq həyatı yaşamalı olub.
Mətbuat ABŞ kəşfiyyatının Saterin Rusiya xüsusi xidmət orqanları ilə əlaqələrindən şübhələndiyini yazıb. “Saterin Tramp üçün etdikləri D.Trampı Moskva ilə bağlayan mozaikanın bir hissəsidir”, məqalədə qeyd olunur.

Musavat.com