​Təhlükə: ilan bulvara necə gəlib? - İki variant

Baxış sayı:
3718

Ərazidə ilanın olması qeyri-adi hal deyil. Çünki bulvar əvvəllər ilanın yaşaması üçün əlverişli ərazi olub.
Bu sözləri  açıqlamasında AMEA Zoologiya İnstitutunun işçisi, biologiya üzrə fəlsəfə doktoru Təvəkkül İsgəndərov deyib. O bildirib ki, bəzi əlamətlərə görə ilan gürzəyə bənzəyir:
“Görüntülər uzaqdan çəkildiyi üçün ilanın gürzə və ya su ilanı olmasını dəqiq bilmək mümkün deyil. Amma quyruğunun qısa, gövdəsinin yoğun olması gürzəyə xas əlamətdir. Su ilanına oxşarlığı azdır. Hərəkətinin ağır olması və bədəninin arxa hissəsini çətinliklə çəkməsindən hiss olunur ki, ilan yumurtalıdır və yumurta qoymaq üçün yer axtarır”.
T.İsgəndərov bulvar ərazisinə ilanın necə gəlməsi haqqında da danışıb:
“Birinci variant odur ki, həmin ərazi bulvar halına salınmamışdan əvvəl ilanların təbii yaşayışı üçün əlverişli ərazi olub. İlan həmin ərazidə uzun müddət özünü saxlaya bilib. Yaşamağı üçün yemək və gizlənmə yeri olub. Amma sonradan anbarlar ləğv edilib, bulvar ərazisi olması üçün tikinti işləri gedəndə həmin ilanların əksəri məhv olub. Digərləri isə özünü müdafiə etmək üçün gizlənib. İkinci varianta görə isə bulvara yaxın qum karxanası var. Oraya maşınlarla qum, tikinti materialları daşınıb və ilan qum, tikinti materialları ilə birgə gəlib”.
Alim onu da qeyd edib ki, indiki halda həmin ərazi ilanların yaşaması üçün əlverişli deyil:
“Orada ilanlar üçün nə yem resursu, nə qışlamaq yeri, nə də yumurta qoyması imkanı var. Havaların isti keçməsi ilə əlaqədar görünür ki, ilan gizlənmə yerini tərk edib və yumurta qoymaq üçün yer axtarır. İnsanların ilanlarla rastlaşdığı zaman aqressivlik göstərməməsi məsləhətdir. Onu öldürmək və tutmaq istəyi təhlükəlidir. Belə olan halda imkan yaratmaq lazımdır ki, ilan özünə yer axtarıb tapsın”.
Qeyd edək ki, müğənni Emma Ələkbərzadə ötən gün İnstaqram hesabında Dənizkənarı Parkın yeni salınmış Bayıl ərazisində gəzərkən ilanla qarşılaşması anının görüntülərini paylaşıb.