Tariflər artır, qazi və şəhid ailələrinin təqaüdləri isə yerində sayır - MƏĞRUR BƏDƏLSOY YAZIR

Baxış sayı:
10300

Yeni ilin hər günü istehlak qiymətlərinin, tariflərin artması ilə tarixə düşür. Belə təsəvvür yaranır ki, istehlakçıların hüquqlarının müdafiəsi ilə məşğul olan qurum yoxdur. İqtisadiyyat Nazirliyi yanında Tarif Şurası heç bir sosial -iqtisadi əsaslandırma olmadan, dünya miqyasında qiymətlərin qalxmasını əsas tutub, poçt, teleqraf, rabitə və s. qiymətlərini qaldırmağı  qərara alır, həmin nazirliyin yanındakı Antiinhisar və  İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nə səsi çıxır, nə etirazı eşidilir. Eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmisinin. Belədə hansı obyektiv şura qərarından danışmaq olar? Görünən odur ki, qiymət artımı məsləhət-məşvərətlə yox, “yuxarıdan” diqtə edilən göstərişlə gerçəkləşir. Şuranın elə quruca adı şuradır.
Qiymət artımının kompensasiyası amacı ilə artırılan sosial ödənişlərin əhalinin cibinə girməsinin  gecikməsi isə hökumətin əhalinin sosial müdafiəsini təşkil etməkdə gecikməsini ortaya qoyur. Fikir verin, qiymətlər noyabrdan artıb, hansısa xidmət haqqının artması anında qüvvəyə minir, amma hələ də əməkhaqqılarının, pensiya və müavinətlərin, təqaüdlərin artımla verilməsi həyata keçirilməyib. Təqaüdlərdən söz düşmüşkən, hələ də Qarabağ qazilərinin və şəhid ailələrinin təqaüdlərinin artırılması barədə akt qəbul edilməyib. Milli Məclisin əmək və sosial siyasət komitəsinin başbilənləri, görəsən, qazi və şəhid ailələrinə bu diqqətsizliyi yenə iki il qabaqkı “saqqaldan kəsib bığa yapışdırmaq” siyasətilə izah edəcəklər? Xatırladırıq ki, şəhid və qazi ailələrinə “Əmək pensiyaları haqqında” qanunun 19-cu maddəsi ilə ayrılan əlavələrin iki il əvvəl həmin maddənin ləğv edilməsi nəticəsində verilməsindən imtina olunub. “Sosial yönlü” deputatlar bu ləğvetməni qazi və şəhid ailələrinin Prezident təqaüdlərinin artırılması ilə bağlayıblar. Amma unudulur ki, şəhid ailələrinə ayrılan toplam 500 manatlıq Prezident təqaüdü ailə üzvlərinin arasında bölünür . Şəhid ailələrinin hər bir üzvünə verilən 12 manatlıq kommunal,  nəqliyyat və digər xidmətlər üzrə sosial müavinətin verilməsindən isə ötən il imtina edilib. Maraqlıdır ki, Böyük Vətən (?) müharibəsi iştirakçılarına ayrılan dəfələrlə çox müavinət kəsilməyib . “Kəsilməzliyi” onların sayının azlığına bağlayanların diqqətinə 20 Yanvar şəhidlərinin cəmi 131 nəfər olmasını çatdıraq. Biz hələ çoxunun varisinin olmamasını demirik . Hökumət yüzə yaxın 20 Yanvar şəhidlərinin ailələrinin təqaüdünü artırmaqla çoxmu ziyana düşəcək ? Bəs Qarabağ qaziləri və şəhid ailələrinin təqaüdlərinin artırılması necə ? Dünya miqyasında qiymətlərin yüksəkliyini əsas tutub rüsumları, xidmət haqlarını qaldırmaq heç bir məntiqə sığmır. Axı dünya miqyasında əhalinin gəlirlərini də nəzərdən qaçırmaq olmaz. İnkişaf etmiş ölkələrdə xidmət haqları əmək haqlarının, pensiyaların ən çoxu 5-10 faizini təşkil edir. Bizdə isə. .. Əhali 300 manatlıq minimum əmək haqqının yarısından çoxunu qışda evi qızdırmağa xərcləyir. Bir sözlə, əhali hökumətin zorakı qiymət artımı ilə ölüm-dirim savaşındadır .
Məğrur BƏDƏLSOY