BAKI DİPLOMATİK QOVŞAĞA ÇEVRİLİR – Qələbə paradı ərəfəsində regionda nə baş verir?

Son günlərdə Azərbaycan diplomatiyasının fəallığı xüsusi diqqət çəkir. Belə ki, İran İslam Respublikasının Prezidentinin Bakıya uğurlu səfərindən dərhal sonra İsrailin Baş naziri və Türkiyə Prezidentinin Azərbaycana planlaşdırılan səfərlərinin tarixləri elan olunub.
Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov hesab edir ki, son günlərdə Azərbaycanın ev sahibliyi etdiyi və etməyə hazırlaşdığı yüksək səviyyəli səfərlər regionda geosiyasi vəziyyətin yeni mərhələyə keçdiyini göstərir. “Bu hadisələr, təsadüfi olmamaqla yanaşı, daha geniş beynəlxalq kontekstdə qiymətləndirilməlidir”, - o əlavə edib.
Keçmiş nazir vurğulayıb ki, 2025-ci ildə İkinci Dünya Müharibəsində qələbənin 80 illiyi münasibətilə Moskvada keçiriləcək parad öncəsi beynəlxalq təhlükəsizlik və siyasi sabitlik məsələləri aktuallaşıb. Onu sözlərinə görə, xüsusilə də Rusiya - Ukrayna müharibəsi şəraitində bu cür genişmiqyaslı tədbirin keçirilməsi üçün atəşkəsin əldə olunması vacib sayılır:
- Rusiya Prezidenti Vladimir Putin 3 günlük atəşkəs təklif edib;
- Ukrayna Prezidenti isə ən azı bir aylıq atəşkəsin zəruri olduğunu bildirib;
- ABŞ da, görünür, daha uzunmüddətli atəşkəsə üstünlük verir.
Bu məsələdə kompromisin əldə olunması, paradın keçirilməsi və yüksək qonaqların təhlükəsiz iştirakını təmin etmək baxımından həlledici rol oynayacaq.
T.Zülfüqarovun sözlərinə görə, belə bir məqamda Azərbaycan öz mövqeyinə görə diplomatik təşəbbüslər və siyasi kommunikasiyalar üçün unikal bir platformaya çevrilib. Onun sözlərinə görə, Bakı hazırda bir neçə paralel və bir-biri ilə əlaqəli geosiyasi xətt üzrə əlaqələndirici rola malikdir:
- “İsrail və ABŞ – İran xətti üzrə mümkün vasitəçilik;
- Türkiyə – İsrail münasibətlərinin normallaşması fonunda dialoq;
- Azərbaycan və İsrail liderlərinin Moskvadakı parada mümkün birgə iştirakı;
- Rusiya – Ukrayna atəşkəsi məsələsində dialoqun təşviqi;
- Ukrayna, ABŞ və Rusiya arasında sülh gündəliyinin formalaşdırılması.
Azərbaycanın bütün bu istiqamətlər üzrə fəallığı, regionda etibarlı tərəfdaş və balanslaşdırıcı güc rolunu daha da gücləndirir”.
Keçmiş nazir vurğulayıb ki, əgər yaxın günlərdə Rusiya ilə Ukrayna arasında atəşkəs razılaşması əldə olunarsa, bu, yalnız Moskva paradının təhlükəsiz keçirilməsinə deyil, həm də Azərbaycanın İsrail və digər tərəfdaş ölkələrlə birgə iştirakı baxımından yeni siyasi reallıqlar yarada bilər. “Bu vəziyyət Azərbaycanın beynəlxalq diplomatik arenadakı əhəmiyyətini artırmaqla yanaşı, onun regional sabitlik və əməkdaşlığa verdiyi töhfənin də göstəricisi olacaq”, - Tofiq Zülfüqarov bildirib.