RUSİYA ADLI BƏLAMIZ...- Nurəddin İsmayıl yazır

Baxış sayı:
185

Dövlətlərin ərazi bütövlüyü və ya ərazi toxunulmazlığı hüququ beynəlxalq hüququn əsas ana prinsiplərindən biridir və bu prinsip 1945-ci ildə BMT Nizamnaməsinin qəbul edilməsi ilə öz hüquqi təsdiqini tapıb.

Lakin təəssüflə qeyd etməliyik ki, son 30-40 il beynəlxalq hüququn prinsip və normalarının kobud şəkildə pozulduğu, dövlətlərarası qarşılıqlı faydalı əməkdaşlığa, hörmətə əsaslanan münasibətlərin, zor, qaba güc, təhdidlə əvəzləndiyi dövr kimi yadda qaldı.

Hazırkı dövrdə zora söykənən bir dövlətin başqa bir dövlətin ərazisini işğal etmək, ərazi bütövlüyünü, suveren hüququnu pozmaq, ilhaqa məruz qoymaq praktikası adi hala çevrilib. Təkcə postsovet məkanına nəzər salsaq görərik ki, Azərbaycan da daxil olmaqla, bir çox dövlətin ərazi bütövlüyü keçmiş SSRİ və onun varisi Rusiya tərəfindən kobud şəkildə necə pozulmuşdur.

SSRİ-nin dağılması və bu məkana daxil olan respublikaların ərazi bütövlüyü faktını təsbit edən Almata sammitinin yekdil qərarına baxmayaraq, Rusiya sonrakı onilliklərdə bu və ya digər qaydada həmin ölkələrin ərazi bütövlüyünü kobud şəkildə pozmuş, arxasında durduğu separatçı rejimləri təhrik edərək işğal, ilhaq siasətini davam etdirmişdir.

Azərbaycan 30 ildən artıq ərazi bütövlüyünə qarşı yönəlmiş bu işğal siyasətinin günahsız qurbanına çevrilsə də, sonda 44 günlük müharibə və keçirdiyi bir günlük anti-terror əməliyyatı nəticəsində ərazisində kök salan separatizmin kökünü kəsmiş, özünün ərazi bütövlüyü və suveren hüququnu tam bərpa etmişdir.

Rusiyanın imperiya ambisiyaları davam edir və onun növbəti işğal qurbanı, bir neçə il əvvəl ABŞ-nin qızışdırıb ortaya saldığı və hazırkı dövrdə sahibsiz buraxdığı Ukraynadır. Rusiya iki il öncə başlatdığı qanlı müharibə ilə bu ölkənin böyük bir ərazisini de-fakto işğal etməklə yetməyib, ini də işğalın de-yure tanınması istiqamətində hərəkətə keçib. İşğalın nəticəsindən bəhrələnən, Ukrayna məsələsində Avropa İttifaqı ilə Tramp administrasiyası arasında yaranmış fikir ayrılığından ustalıqla yararlanan Putin Rusiyası, Trampın barış missiyasını yalnız onun tutduğu ərazilərin de-yure tanınması şərti ilə qəbul edəcəyini önə çəkir və görünən odur ki, buna nail olunmağa az qalıb. Putinin dili ilə danışan Rusiya xarici işlər naziri S.Lavrov son açıqlamalarında ərazi bütövlüyü məsələsini beynəlxalq hüququn toxunulmaz prinsipi ilə uyğunlaşmayan yeni formatda şərh etməyə başlayıb. Onun “Kommersant” qəzetinə verdiyi müsahibəyə diqqət edək: “BMT Nizamnaməsində dövlətlərin ərazi bütövlüyü hüququ müəyyən edilsə də, bu prinsip Ukraynaya aid edilə bilməz, çünki Kiyevdəki rəhbərlik ölkənin bütün əhalisinin maraqlarını təmsil etmir”. Adamın nə deməsi bəlli. Harada, hansı ölkədə rus toplumu yaşayırsa, onlar sanki yaşadığı ölkənin qanunları ilə deyil, həmin ölkələri işğal hədəfinə çevirən Rusiyanın qanunları ilə idarə olunmalıdır. Kazaxıstanda, Moldovada, Gücüstanda və dünənə qədər rus kökənlilərin cəsus şəbəkəsi kimi yerləşdirildiyi Azərbaycanda olduğu kimi.

Rusiyanın xarici siyasət şefi başqa ölkələrin, konkret olaraq Ukraynanın ərazisində yaşayan rusların hüquqlarının qorunmasını, onların millətlərin öz müqəddəratını təyin etmə hüququ ilə əlaqləndirir və özünə sərf edən qaydada dövlətlərin ərazi bütövlüyü məsələsini arxa plana keçirir. Bu yanaşma əslində nə zamansa rus toplumunun yaşadığı istənilən qonşu əraziyə hərbi müdaxilə üçün zəmin yaratmaq məqsədi daşıyır.

Əhali sayısı, tutduğu bu qədər geniş ərazisi ilə uyğun gəlməyən Rusiya öz daxilində yaşayan rus insanının hüquqlarını kobud şəkildə pozursa, bu qədər zənginlik içində ona miskin həyat yaşadırsa, digər əraziləri işğal etmək məqsədi ilə onları zorən müharibə qurbanına çevirirsə, doğrudanmı başqa ölkələrdə məskunlaşan rusların müqəddəratı rus isteblişmenti üçün bu qədər önəm kəsb etsin?

Belə olmadığı hər kəsə bəlli. Ukraynaya qarşı başladılan bu qardaş qırğınının arxasında heç də orada yaşayan rus əhalisinin hüquqlarının pozulması faktı durmur. Bu, Ukraynanın qərbə yönümü, NATO-ya inteqrasiya olunma faktı ilə bağlı məsələdir ki, bu cəhdlər də imperiya ambisiyası tükənmək bilməyən Rusiyaya həmin ölkəni işğal etmək fürsəti verdi. Gürcüstan əraziləri də belə işğal olunub Abxaziya və Cənubi Osetiya kimi iki mühüm bölgəsi ondan qoparıldı. Bu xof Ermənistan üşün də yaşanır. Sadəcə mövcud beynəlxalq şərait, Ukrana ilə aparılan müharibə Ermənistan məsələsini müvəqqəti olsa da arxa plana keçirib.

Azərbaycan İkinci Qarabağ müharibəsi zamanı o ərazilərimizdə sülhməramlı kontingentlə yanaşı bir çox sayda rus insanının zorla yerləşdirilməsi və onlara qarşı Azərbaycan tərəfindən atılan hər hansı addımın Rusiyaya qarşı olacağı barədə səslənən fikirlərin nə məqsəd daşıdığını bildi və bu məkrli siyasətə qarşı önləyici panlarını qura bildi.

Nurəddin İSMAYIL