Düşüncədən başladılan işğal – SƏRDAR CƏLALOĞLU YAZIR

Baxış sayı:
136

Qurani-Kərimdə Allah-təala buyurur: “Dərilərinizin və dillərinizin müxtəlifliyi Onun dəlillərindəndir”. Bu ayə sübut edir ki, dil və dillərin müxtəlifləşməsi Allahın varlığının bir sübutudur. Məhz buna görədir ki, Allahın tək bir doğru yolu olan İslam dini müxtəlif dillərdə danışan xalqlara müxtəlif dillərdə - “Tövrat” və “Zəbur” qədim ivrit dilində, “Quran” ərəb dilində nazil edilmişdir.
Bu gün xristianlar iki dildə - katoliklər latın, protestantlar və digər təriqətlər ispan dilində ibadət edir. Buradan da sual doğur: dilin nə kimi əhəmiyyəti var ki, İslam dini məhz bu dillərdə nazil edilmişdir?
Psixolinqvistika elmi sübut edir ki, dillə o dildə danışanın düşünçəsi və davranışları arasında sıx əlaqə vardır. Yəni insan hansı xalqın dilində danışırsa, həmin xalqın nümayəndəsi  kimi düşünür və ictimai-siyasi həyatda da o xalqın nümayəndəsi kimi davranır. Buradan da  aydın olur ki, dil həm də çox ciddi sosial idarəetmə vasitəsidir və sosial təşkilatlanma üçün müstəsna rol oynayır.
Qurani-Kərimin ərəb dilində nazil olmasının bir çox səbəblərindən biri də məhz dilin bu funksiyası - ümmət yaratmaq funksiyası ilə bağlıdır. Hansı ki, müsəlman ümməti ərəb dili əsasında yaranır...
Dillərin xüsusiyyətləri bu dildə danışanların düşüncə tərzini müəyyən edir. İslam dininin müsəlmanlara ərəb dilində nazil edilməsi ərəb dilinin bu dildə danışana azadlıq verməsi ilə bağlıdır. Ərəb dilində danışan söz kökü ilə məhdudlaşmır və eyni bir əsasdan müxtəlif sözlər düzətmək mümkün olur ki, bu, danışanın fleksiyası ilə şərtləniş azadlığını təmin edir. Bu cür flektiv dildə danışan insan öz davranışlarında da eynilə azadlığa meyl edir. Bunun əksinə, rus dili rus dövlətinin təşəkkülü ilə meydana çıxmışdır, hansı ki, 200 il rus təhkimçilik sisteminin formalaşması bu dillə bağlıdır. Buna görə, rus dili insanlarda təhkimçi pisixologiyası formalaşdırır.
Dil həm də siyasi alətdir. Müstəqil dövlətlərin konstutisiyalarına dillə bağlı bəndin salınması da dilin siyasi funksiyası ilə bağlıdır.
Dillə siyasətin nə kimi əlaqəsi vardır? Məlumdur ki, dillərlə bu dillərdə danışan xalqların mövcudluğu arasında ciddi rabitə vardır. Dil öləndə  xalq, xalq öləndə dil ölür.
Bu gün dünyada 7 minə yaxın dil mövcuddur və bu dillər iki həftədə bir dil olmaqla, itmə prosesini yaşayır. Dillərin itməsinin bir çox səbəbləri vardır ki, bunların hamısı siyasi səbəblərdir. Bura xalqın müstəqilliyi, qloballaşma prosesinə daxil olması, iqtisadi-siyasi inkişafı, xalqın təbii artımı, o cümlədən digər endo və exsodemoqrafik proseslər aiddir.
Dilçilik elmində uşaqların 70  faizindən azının danışdığı  dil itməkdə olan dil kimi təyin olunub. Bu gün dünyada ən çox sayda insanın danışdığı səkkiz dil mövcuddur. Bununla yanaşı, dörd ümumi dil - fransız, ispan, putunxua və ərəb dili dünyada müxtəlif xalqların ən çox danışdığı dil kimi mövcuddur. Bu siyahıda rus dili yoxdur.
Azərbaycanda dövlət dili kimi Azərbaycan türk dili hələ sovet dönəmində - 1956-cı ildə Konstutusiyada təsbit edilmişdir. Azərbaycanlıların öz dillərində danışması öz dilində danışan digər bir neçə keçmiş sovet resbublikalarının vətəndaşları kimi insanlarımızın azadlığa meylli olmasını, öz kimliyini bu günə kimi qoruyub saxlamasını təmin etmişdir. Azərbaycanda türk dilinin dövlət dili olması bizim həm də cənublu qardaşlarımızdan ayrılmağa imkan verməmiş, dil parçalanmış coğrafiyada xalqımızın birliyini təmin edən tək bir vasitə olmuşdur.
Unitar dövlətdə dövlət dili siyasi, diplomatik dil kimi müəyyən olunur. Dövlətin bütün müəssisələri, xüsusən məhkəmə, hüquq-mühafizə, təhsil və səhiyyə, idraəetmə, eləcə də rəsmi yazışmalar və dövlət başçısının rəsmi çıxışları  dövlət dilində həyata keçirilir. Dil həm də  vətəndaşlıq institutunun formalaşmasında, xalqın azadlıq və müstəqilik ruhunun saxlanılmasında tək bir siyasi vasitə kimi çıxış edir. Heç də təsadüfi deyil ki, Mahatma Qandi Hindistanda apardığı dinç demokratik mübarizədə “imperialistlərlə əməkdaşlıqdan imtina” siyasətində birinci olaraq ingilis dilli məktəblərdə təhsildən, ingilis dilində danışmaqdan imtinadan başlamışdır. Mustafa Kamal Atatürk də Türkiyəni Qərb eksponsiyasından xilas etmək üçün türk dilinin saflaşdırılması, yad sözlərdən xilas edilməsi ilə bağlı dövlət proqramı hazırlayıb həyata keçirmiş və Türk dil qurumu yaradaraq, türk dilini məhv olmaqdan xilas etmişdir. Qardaş Türkiyədə bu gün də türk dilinin qorunması, saxlanılması, zənginləşməsi istiqmətində proses davam edir.
Bizim ərazimizdə rusların yaratdığı Ermənistan dövlətində nəinki rus dilində məktəb yoxdur, hətta orada rus belə, yaşamır. Gürcülər çoxdan  işlək dil  kimi rus dilində danışmaqdan imtina etmişlər...
Dünya təcrübəsi göstərir ki, milli azadlıq hərəkatları dilin  statusu uğrunda mübarizədən başlayır və dilin ölməsinə paralel olaraq, dövlətçilik də ölür.
60-cı illərdə ABŞ-da sayca çoxluq təşkil edən İspan dilli vətəndaşlar bu dilin işlənməsi ilə bağlı mitinq keçirdilər və demokratiyanın beşiyi olan bu ölkədə həmin mitinq iştirakçılarına qanlı divan tutdular. Çünki amerikalılar yaxşı bilirdilər ki, ikinci bir dilin dövlət dili statusu alması öz arxasınca ABŞ-ın parçalanmasını gətirəcəkdir. Çoxdilli ölkələrin siyasi təcrübəsi də bunu sübut edir.
Milli şüur yalnız milli dillə yaranır və inkişaf edir. Dil milli mənliyin - milli mədəniyyətin, tarixin, əxlaqın və digər dəyərlər sisteminin ifadə forması və yeganə etibarlı saxlanc yeridir.
Bəs Azərbaycanda dövlət dilinin vəziyyəti necədir? Bu gün Cənubi Azərbaycanda onlarla fəal ana dili uğrunda apardığı mübarizəyə görə ya öldürülüb, ya da həbs edilərək işgəncələrə məruz qalıb. Bu gün öz ana dilində danışmaq azadlığına malik Şimali Azərbaycan vətəndaşları isə bu nemətin qədrini bilmir və başqa dillərdə danışmağa meyllənirlər. Bu, bəzilərində yarımçıqlıq kompleksinin olması ilə bağlıdır. Öz ata-anasından utananlar heç vaxt öz ata-analarının danışdığı dildə danışmaz.
Bu gün Bakıda hamının şahidi olduğu reklam sənayesində Azərbaycan dili təmamilə sıxışdırılmış, bütün reklamlar xarici dillərdə və brendlər xarici adlarla təbliğ olunur. “Klepatro”, “Kral Lir”, “Monte Kristo”, “Mono Liza” və s. kimi xalqa yad adda şadlıq saraylarında ailə quranlar öz əziz tarixlərini məhz bu adlarla əbədiləşdirirlər. Hətta Bakının mərkəzində latın əlifbasını erməni əlifbasına uyğunlaşdırmaqla reklam həyata keçirən restoran-kafe fəaliyyət göstərir. Bu da onu göstərir ki, Azərbaycanın paytaxtı Bakı şəhərində reklamçılıqda Konstusiyanın dövlət dili haqqında bəndinə məhəl qoyan yoxdur və rəsmi dövlət orqanları bu antikonstitusion fəaliyyətə göz yummaqdadır.
Bu azmış kimi, son günlər “5-ci kolon”un - rus maraqlarının Azərbaycandakı təmsilçiləri, müasir qarayevlər, ayna sultanovalar, musabəyovlar  aktivləşməyə və Azərbaycanı yenidən Rusiyanın boyunduruğu altına salmaq üçün ciddi cəhdlər etməyə başlamışdır. Ölkənin daxildən rus mühasirəsinə alınması istiqamətində proses başladılmışdır. Bu, rus dilinin Azərbaycanda işlənmə arealının genişləndirilməsində özünü göstərir. Son  rəsmi statiskaya görə, Azərbaycanda əhalinin sayı 9 milyon  822 min nəfərdir. Bu insanlardan 141 687 nəfəri (1,78 faizi) rusdur. Azərbaycan türkcəsində danışanlar 8.253196, rus dilində danışanlar 122 449 nəfər olmuşdur. Azrəbaycanda cəmi  2840  orta təhsil məkətəbi var və onlardan 329-u Bakı şəhərində fəaliyyət göstərir. Son illər Bakıda 450 məktəbin rus dilində təhsil verməsi ilə bağlı məlumat yayılıb. Bu da Azərbaycanın orta ümumtəhsil məkətblərinin 16 faizini təşkil edir. Buradan da sual doğur: əhalinin 1,78 faizinin dilində orta məktəblərin sayı neçə 16 faiz təşkil edir? Buna baxmayaraq ki, Azərbaycan vətəndaşı olan ruslar da Azərbaycanda yalnız Azərbaycan dilində təhsil almağa borcludurlar. Bu, onu göstərir ki, bu məktəblərdə  nəinki ruslar,  hətta Azərbaycan türkləri də rus dilində təhsil alır.
Bakıda 329 məktəb olduğunu və bunların da hamısının rus dilində təhsil vermədiyini nəzərə alsaq, aydın olacaq ki, nəinki paytaxt məktəblərinin, hətta rayon məktəblərinin də çoxu artıq rus dilində təhsil verməyə başlayıb.
Bununla yanaşı, dövlət idarələrində işə qəbul zamanı rus dilini bilməyin əsas şərt kimi götürülməsi ilə bağlı məlumatlar meydana çıxmaqdadır. Şəhərdə rus dili ilə Azərbaycan dilinin qarışığından  ibarət, hər iki dilin qol-qabırğasını sındıra-sındıra danışanların sayı əvvəlki dövrlərə nisbətən xeyli artıb. Ənənəvi antimilli elita rus dilində danışmağa üstünlük verir. Məktəblərdə Azərbaycan uşaqlarının rus sektoruna oxumağa istiqamətləndirilməsi ilə bağlı ciddi işlər aparırlar. Bu azmış kimi, Qırğızıstandan nümünə götürüb, Azrbaycanda rus dilində dərs verən müəllimlər az olduğundan, Rusiyadan rus müəlimlərinin Azərbaycana dəvət edilməsi ilə bağlı kampaniya başladılmışdır. Bütün bunlar nə deməkdir?
(Ardı var)
Sərdar CƏLALOĞLU