SƏNƏTİNİ ƏSGƏR SALAMI İLƏ ŞƏRƏFLƏNDİRƏN AKTYOR - Dəyirmançı ocağından sənət məbədinə uzanan 41 illik Səməndər yolu

Baxış sayı:
3828

Yenə də fikirlərim Ağsu dolayları kimi dolaşıq düşüb, nədən başlamağı bilmirəm. 75 il qabaq - 1945-ci ilin yanvarın 2-də dəyirmançı Mənsim kişinin indi qapısından qıfıl asılan Ağsudakı ocağında dünyaya göz açmasından, ilk addımlarını atmasından, birinci sinifə getməsindən, Ağsu çayının qırağında ilk teatr oyunlarından (və dərslərindən) - ilk məhəbbətindən, ya Bakıda Teatr İnstitutunda ilk addımlarını atmasından, son kursda oxuyanda - 1968-ci ildə - rejissor  Tofiq Kazımovun çağırışı ilə Akademik Milli Dram Teatrında oynadığı  “Hamlet”dəki ilk Horatsio rolundan? Yoxsa 1974-cü ildə - 29 yaşı olanda ilk və son fəxri “əməkdar artist” adını almasından? Bəlkə 1980-ci ildə - 35 yaşında dövlət mükafatına layiq görülməsindən?
Bilmirəm, fikirlərim dolaşır, heç onu da bilmirəm, teatrda hansı şahın, kralın obrazında olub, amma Ağsudan uşaqlıq-gənclik dostlarından birinin  tamaşa salonundan “şah oğlunun” dəyirmançı oğlu olmasını bağırtı ilə “yadına salması”nın “şah” Səməndəri səhnə arxasına keçib, dostunu inzibatçının əlindən alması olayını tamaşaçı ağsuluların tanınmış yerliləri haqqında sağlığındakı  xatirələrindən bilirəm.
“Sağlıqdan” söz düşmüşkən,  “Bulaq dədə”nin “sağlıq tostları”nı bir çox “araq dostları” şişirdir. O dönəmin çox kişiləri, çox aktyorları kimi, Səməndər bəy də içən olub, amma bunu qabardıb , sənət eşqinin badəsini başa qaldırmasını arxa plana çəkmək, ən azı, nadanlıqdır.
On il bir sinifdə oxuduğum uşaqlıq, gənclik dostum, 1976-80 -ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində təhsil alan İsabala Musa oğlunun  illər öncəsi danışdığı bir olay bu gün də bir pritça kimi yaddaşımdadır: “Azdrama”nın qarşısında, təbii ki, ön oturacaqda Səməndər bəy olmaqla İsabalagil bir taksiyə əyləşib yol gedəndə,  sürücü qısa yolun qayda pozuntusu olduğunu bildirib, lakin Səməndər Rzayev tələsdiyindən, “Qai” saxlayarsa, suçu boynuna götürəcəyini deyərək, yola davam etməyi təkid edib. Bir az gedəndən sonra dövlət avtomobil müfəttişi taksini saxlayıb və cərimə yazmaq istəyəndə, sürücü ön oturacaqda oturan şəxsin göstərişilə hərəkət etdiyini vurğulayıb. Milis işçisi yaxınlaşıb və o çağlar “əməkdar artist” adını daşıyan Səməndər Rzayevdən kim olduğunu soruşub. “İNSAN-MƏĞRUR SƏSLƏNİR “ pafosu ilə Səməndər bəy “MƏN AKTYORAM” deyəndə milis əlini başına aparıb ƏSGƏR SALAMI ilə böyük aktyoru yola salıb! Fikir verin, nə titullarını vurğulayıb, nə vəsiqəsini çıxarıb, sadəcə SƏNƏTİNİ ƏSGƏR SALAMI İLƏ ŞƏRƏFLƏNDİRİB “MƏN AKTYORAM”deməklə.
İndi özünüz deyin, bu gün elə bir aktyor, sənətçi, aydın varmı, özünü sənəti ilə təqdim etsin? Elə bir xalq artisti varmı ki, özünü “MƏN AKTYORAM” deyə tanıtsın və  ƏSGƏR SALAMI alsın? Fikrimcə,  Səməndər Rzayevə verilən ən böyük qiymət elə ƏSGƏR SALAMI olub! Heç bir orden-medal, fəxri ad bu ŞƏRƏF SALAMINDAN üstün ola bilməz!
75 yaşın qutlu olsun, “MƏN AKTYORAM!” hayqıran BÖYÜK AKTYOR!
 
Məğrur BƏDƏLSOY

P. S. Koronavirus rejimi anımla bağlı Ağsuya gedən yolumu bağladı.  “Qai”nin varisi yol polisi, nə müharibə veteranı, nə də jurnalist olmağımı saydı. Səməndər Rzayevin qapısı bağlı ata ocağının şəklini çəkmək yolum da belə bağlandı. Hər kəsin də hünəri deyil axı sənəti ilə, işi  ilə bağlı qapıları açsın!