“Sizinlə gələn orqan nümayəndələri tapşırıqlarınızı icra etmirlər” - NEFTÇALA SAKİNLƏRİNDƏN BAŞ PROKURA MÜRACİƏT / VİDEO

Baxış sayı:
16171

Neftçala rayonu, Mürsəqulu kəndinin bir qrup sakini tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Şikayətçilər saytımız vasitəsilə Baş prokuror Kamran Əliyevə müraciət edirlər:
“Cənab Baş prokuror!
Bildiririk ki, SSRİ Ali Sovetinin deputatı, Respublika Kolxozlar Şurasının sədri, 20 il kənd sədri, 18 il bələdiyyə sədri işləmiş, korrupsionerlikdə və rüşvətxorluqda tayı-bərabəri olmayan Xol Qaraqaşlı bələdiyyəsinin sədri Səlimov Əlibala Xanəhməd oğlunun qanunsuz əməllərindən 2022-ci ildən bu günə qədər kollektiv olaraq 420 ədəd məktub və teleqramlarla dövlətin bütün orqanlarına müraciət etmişik.
Prezident Administrasiyasına 4 dəfə, DTX-ya 4 dəfə, DİN-ə 2 dəfə, Respublika Baş Prokurorluğuna 5 dəfə müraciət etmişik. Baş Prokuror Kamran Əliyevin (yəni Sizin) Biləsuvar, Salyan və Neftcalada qəbulunuzda olmuşuq. Amma bu günə kimi şikayətimizlə bir nəfər də gəlib maraqlanmayıb.
Qəbulunuzda olan zaman insanlar çox olduğundan, bizi tam dinləyə bilmədiyiniz. Ona görə Sizdən xahiş etdik ki, bizə əlaqə nömrəsi verəsiniz. Siz də həmin vaxt bizə Səməd adlı əməkdaşın əlaqə nömrəsini verdiniz. Həmin vaxtdan Səməd zənglərimizi açmır.
Cənab Baş Prokuror!
Siz bir şikayətçi ilə 2-3 dəqiqəlik görüşüb, onun dərdini bilə bilməzsiniz. Bu səbəbdən də nə özünüzün vaxtınızı almayın, nə də bizə ümid verməyin. Sizinlə gələn orqan nümayəndələri tapşırıqlarınızı icra etmirlər. Burdan da belə qənaətə gəlirik ki, “kimin pulu, malı var, o, yalan danışıb, qanunsuzluq etsə də haqlıdır”.
Əlibala Səlimov 47 il kənddə müxtəlif vəzifələrdə işlədi, kəndin varını-yoxunu, torpaqlarını satdı. 150 hektar torpağımızı heç bir hərrac keçirmədən, saxta sənədlərlə Salyan sakini olan Elşad adlı şəxsə satıb. Oğlu Səlimov Ozalın adına 3 yerdə torpaq götürüb. Belə ki, bələdiyyə sədri olanda oğlu Ozalın adına saxta sənəd hazırlayıb, 12 ha torpağı 9 ha kimi saxta yol ilə sənədləşdirib.
Sakinlərə məxsus 63 hektar ərazini 20 il əkib-becərdi, əldə etdiyi gəlirdən heç kəsə vermədi.
2019-20-ci illərdə telekanalları dəvət edib, biz kəndlilərin torpağında əkdiyi pambığı reklam etdirirdi. Adını da qoydular ki, guya Əlibala Səlimov respublikada qabaqcıl fermerdir.
Bu qədər qurumlara şikayət etməyimizə baxmayaraq, yenə də həmin yerləri qeyri-qanuni əkir. Əlibaba Səlimovun qanunları Azərbaycan Respublikasının qanunlarından öndədir. Arxasında kimlər durursa, gördükləri bütün qanunsuzluğa göz yumurlar.
İyulun 29-da, yəni iki ay əvvəl 161 qaynar xəttinə etdiyimiz şikayətə Təhqiqat İdarəsinin rəis müavini Kazım Həmzətov cavab verdi ki, “sizin şikayətinizə baxılmış, göstərdiyiniz xüsusiyyətlər öz təsdiqini tapmamışdır”.
Cənab Baş Prokuror!
Kazım Həmzətov bizim şikayətimizi harda, kimin iştirakı ilə yoxlayıb ki, belə cavab verir?! Onun kimilərin sayı-hesabı yoxdur, haqsızlığa göz yummaq dəb halına düşüb.
3 dəfə Sizin qəbulunuzda olmuşuq. Amma bir tapşırıq vermədiniz ki, bu iş ətraflı araşdırılsın. Özünüz fikirləşin, dövlətdən pul alan məmur torpağa möhtacdırsa, “qara camaat” neynəsin bəs?! Məmur doyana kimi bizim ömrümüz sona yetəcək.
Sizdən yenə xahiş edirik, adını çəkdiyimiz məmurlar barəsində araşdırılma aprılıb, ədalətli qərar çıxarılmasına göstəriş verəsiniz.
Bilirik ki, Sizə göndərdiyimiz məktublar ünvanına çatmır, elə bu səbəbdən də sayt vasitəsilə müraciət edirik ki, bəlkə bu dəfə səsimizə səs verəsiniz”.
Hazırladı: Jalə FAMİLQIZI
Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.