Saxta seçkilərə etiraz edənlər SAXLANILDI - Yenilənib

Baxış sayı:
2760

Bakıda Mərkəzi Seçki Komissiyasının qarşısında parlament seçkisinin nəticələrinə etiraz edərkən saxlanan etirazçıların aparıldığı avtobusu Bayıl yaxınlığında saxlayıblar.

Avtobusda olan bir etirazçının saxlanarkən xəsarət aldığı və hazırda vəziyyətinin ağır olduğu bildirilir, avtobusdakı digər etirazçılar deyir.

Avtobusdan düşən etirazçılar xəsarət alanın Müsavat partiyasının üzvü Ərzulla Buludlu olduğunu deyir. Onun qabırğasının sındığı deyilir. Dəfələrlə xahişdən sonra onun üçün təcili tibbi yardım çağrılıb.

Polis bu gün təxminən axşam saat 8 radələrində etirazçıları məcburi olaraq avtobusa mindirib.

Bir neçə jurnalistin saxlanarkən təzyiqə məruz qaldığı deyilir.

Canlı yayımlanan videolardan görünür ki, hazırda avtobusun yanında polis jurnalistlərin fəaliyyətinə mane olmağa çalışır, bir jurnalist həmkarlarına qarşı təzyiqi təsvir edərək ağlayır.

Daxili İşlər Nazirliyinin sözçüsü Ehsan Zahidov BBC News Azərbaycancaya deyib ki, bir qrup şəxs razılaşdırılmamış aksiya keçirməyə cəhd edib və ictimayi asayişi pozub.

Avtobusda kimlər var?

Jurnalist Aynur Elgünəş avtobusdan açdığı canlı yayımında döyüldüyünü deyib.

"Hazırda polislər bizi avtobusa yığıb aparır, amma hara aparır bilmirik. Polisdirlər, mülki geyimlidirlər, idmançıdırlar, bilmirəm, amma avtobusa yığıb aparırlar", etiraz aksiyada iştirak edən Vəfa Nağı avtobusdan açdığı canlı yayımında deyib.

Vəfa Nağının sözlərinə görə, avtobusda etirazçılarla birgə polislər də var. Görüntülərdə Vəfa Nağıdan bir neçə dəfə canlı yayımın dayandırılması istənilir.

Daxili İşlər Nazirliyi: "Narahatlığa heç bir əsas yoxdur"

"Ərazidəki polis əməkdaşları onlara dəfələrlə xəbərdarlıq etsə də, polisin qanuni tələblərinə məhəl qoymayıblar. Qanunsuz aksiyanın qarşısı alınıb", DİN-in sözçüsü Ehsan Zahidov deyib.

O, neçə nəfərin saxlanması barədə onda məlumatın olmadığını desə də, "narahatlığa heç bir əsas yoxdur" deyə qeyd edib.

O, polislərin etirazçılara və jurnalistlərə zor tətbiq edilməsi iddialarını təkzib edib.

Etirazçıların tələbi nədir?

9 fevral parlament seçkisinin bəzi keçmiş namizədləri və fəalları "seçki nəticələrinin ləğv olunmasını" tələb ediblər.

"Tələbimiz də budur ki, ölkə üzrə 125 dairənin 125-də də nəticələr ləğv olunmalıdır", 10 saylı Binəqədi 3-cü seçki dairəsindən müstəqil namizəd Rəbiyyə Məmmədova BBC News Azərbaycancaya bildirib.

"Ölkə üzrə total saxlaşdırılma, parlament seçisində saxtakarlığa görə etiraz aksiyası keçiririk. Oturaq aksiyaya keçmişik. 125 dairənin 125-də də biabırçılıqlar olub və bunlar sosial mediada neçə gündür dolaşır. MSK-nın sədri Məzahir Pənahov açıqlama verib ki, çox şəffaf seçki keçirilib, buna etiraz olaraq gəlmişik", o əlavə edib.

Eyni dairədən namizəd, Müsavat partiyasının rəsmisi Gülağa Aslanlı deyib: "Müsavat partiyası gənclərin bu cəsarətli addımını dəstəkləyir. Xalq artıq etiraz səsini qaldırıb. Bu proses ölkə boyu bölgələrdə də yeni parlament seçkiləri keçirilənədək davam edəcək".

22 saylı ikinci Nəsimi seçki dairəsindən namizəd olan Turqut Qəmbər MSK binası qarşısında jurnalistlərə deyib: "Seçkilərin nəticələri ləğv olunmalı, təzə seçki keçirilməli, yeni seçki qanunu qəbul olunmalıdır. Seçkilər total saxtakarlıq şəraitində keçib. Bu spontan başlamış aksiyaya, o cümlədən namizədlərin də qoşulması çox təqdirəlayiqdir."

"Etiraz etmək bizim haqqımızdır, çünki iki gün əvvəl keçirilmiş seçkilər zamanı Azərbaycan xalqının hüquqları pozulub - həm namizədlərin, həm də seçicilərin. Bura, bu aksiyaya dəstək verməyə namizədlər, müşahidəçilər könülllülər gəlib", 23 saylı Nəsimi-Səbail seçki dairəsindən namizədliyini irəli sürən Azər Qasımlı deyib.

Aksiya necə başlayıb?

Hadisə yerində olan müxbirimiz deyir ki, aksiya günorta saatlarından başlayıb və getdikcə keçmiş namizədlər və fəalların gəlməsilə etirazçıların sayı artıb.

MSK-nın nümayəndəsi oturaq aksiyaçıları söhbətə çağırıb, etirazçılar təklifi rədd ediblər.

MSK nümayəndəsi bütün təqdim olunan materialların 20 gün ərzində araşdırılacağını deyib.

Sonradan hadisə yerinə gələn və özünü 5 saylı polis məntəqəsinin rəisi kimi təqdim edən şəxs oturaq etirazçıları dağılmağa çağırıb və onlara bu aksiyanın icra orqanları ilə razılaşdırılmadığını qeyd edib.

Fevralın 9-da Azərbaycanda erkən parlament seçkisi keçirilib.

MSK sədri Məzahir Pənahov seçkinin "uğurlu" keçdiyini bildirib və ölkə üzrə ümumi seçki fəallığının 47,81 faiz olduğunu deyib./BBC