RUSİYADA BİZİ NİYƏ ƏZİRLƏR… – Və yaxud rus polisi tərəfindən vəhşicəsinə kötəklənməsinə başqa hansı millət dözərdi?!

Baxış sayı:
1948

Bir rus görəndə oluruq xar yanında 

M.Ə.Sabir

Azərbaycanlıların rus polisi tərəfindən vəhşicəsinə kötəklənməsini gördük. Daha sonra hamısının da əllərini qandallayıb üzü-üstə yerə sərdilər. Mən təsəvvür edirəm, ruslar əllərinə fürsət düşəndə müsəlmanları qəsdən alçaltmaq üçün nə qədər ana söyüşü işlədiblər. Döyülüb yerə uzadılan, anası, əzizləri söyülən cavanların nələr çəkdiyini bir Allah bilir.

İllər boyu Rusiyada alverlə məşğul olanlar, ya da təhsil alanlar belə səhnələri  çox görüblər. Və hamı da bununla barışıb, qulaqlar dolub, üzlər bozarıb, təhqirlərə adətkərdə olub Omon Rusiya şəhərlərində reyd keçirəndə birinci özbəklərin, taciklərin, azərbaycanlıların üzərilərinə şığıyir. Yaxşı bilir ki, bu güruhun içindən müqavimət göstərən tapılmayacaq, o çoxdan qisməti ilə barışıb. İnsan kimi hüququnu qorumaq istəyənin başına min oyun açılır.

Bədbaxt azərbaycanlı da dözür, rezin dəyənəklə döyülür, söyülür, malı-zadı ayaq altında dağıdılır, pulu əlindən alınır. Kimə şikayət eləsin? 75 yaşında səhnədə çəyirtkə kimi atılıb düşən Polad Bülbüloğlu bir səfir kimi hansı dərdə dərman edib ki, durub alçaldılan soydaşlarının imdadına da çatsın. O, çoxdan ruslaşmış, indi də yavaş-yavaş ingilisləşən harın zümrənin qulluğundadır.

Dağıstanda baş verənləri izləmiş adamların rəylərini güc-bəla ilə öyrəndim, bir neçəsi “nırç-nırç” edib əlini yellədi, qalanı da “bizə nə edirlərsə yerində edirlər, il on iki ay rusun aftafasnı gəzdirəndə belə də olar”, – dedi.

Danılmayan bir həqiqət var, rus polisi, OMON-u min il də qalsa Şimali Qafqaz xalqlarının nümayəndələri ilə, ermənilərlə belə amansız rəftar eləməyə cürət etmirlər. Qanlı döyüşlərdə burunları xubca ovulmuş ruslar çeçenlərdən it kimi qorxurlar, insanlıq simasını itirmiş rus hərbçisi, polisi yaxşı bilir ki, çeçen heç vaxt təhqiri cavabsız qoymayacaq. Çeçen, inquş, osetin bizimkilər kimi əfəl və unutqan deyil.

Rusiyada beş-on erməni dəyənək altına salınsa, onların bütün nüfuzlu adamları, sərvət sahibləri, diplomatı və dövlət məmurları əl-ələ verib elə şivən qopararlar ki, Putinin özü erməni katolikasından üzr istəyər.

Adamsız, arxasız, köməksiz bizik. Rus şovinisti yaxşı görür ki, bizim rəsmilər belə, adam kimi hiddətlərini biruzə verməyə qorxurlar.

Nə qədər soydaşımız döyülür, alçaldılır, bizim Prezident sarayında oturmuş lakey xislətli məmurun ağzından ancaq bu çıxır: “Biz təəssüflənirik!”. Belə yerdə deyiblər, sənin təəssüfün təpənə dəysin!

Qurban olum yəhudinin təəssübkeşliyinə, ölkənin bir vətəndaşı qətlə yetiriləndə ərəblərin neçə-neçə kəndi yerlə yeksan edilirdi, ələ keçənləri də zindanda çürüdürdülər. İsrail hökuməti vətəndaşın həyatından, dövlətin şərəfindən söhbət gedəndə nə BMT-ni sayır, nə də onlarla qətnaməni. Elə bununla da İsrail ipə-sapa yatmayan Fələstin dəliqanlılarını ram edə bilib.

Bizim fəqirliyimzin, başımıza bəla gələndə “qismət belədir” deyərək, əllərimizi qoynumuza qoyaraq oturmağımızın tarixi uzaqdan gəlir. Azərbaycan işğal olunanda tətbiq edilən komendant üsuli-idarəsi, paqonlu məmurlara verilən fövqaladə ixtiyar və səlahiyyət nəinki adi rəiyyətin, hətta adlı-sanlı kübarların, xanzadə və bəylərin də nəfəslərini kəsmişdi.

Maraqlı bir ricət

Yazdıqlarımı oxuyandan sonra çox təəccüblənməyin. Çarizm dövründə  hər hansı dövlət idarəsində işləmək böyük şərafət sayılırdı. Maaş da əlverişli idi, karyera edib qabağa getmək də. Neçə min baş mal-qarası, ilxısı, qoyun sürüləri, əkin yerləri, kəndləri olan xanzadə və bəyzadə mahal, ya da qəza idarəsində adi dilmanc, yəni tərcüməçi işləməyi özünə şərəf bilərdi. Yüksək kokardalı furajka, düymələri qızılı rəngli sürtük, yaxası nişastalı ağ köynək, qalstuk, laklı tufli – belə uniforma geymək hər bir əsilzadənin arzusu idi.

Kəndistan yerində avam camaat belə şıq geyinmiş adi məmuru görəndə əmr filan gözləmədən diz çöküb yalvarardı: “Ay yaranal, amandır bizi qırma balalarımıza rəhm elə!” Bəli xalqın gözünün odunu almışdırar. Bizim buqələmun tarixçilər nə qədər ciddi-cəhd etsələr də ta 1920-ci ilə qədər əsl inqilabi hərəkatın izini-tozunu tapa bilmirlər.

Yəhudi, erməni, rus mənşəli sosial-demokrat, bolşevik təbliğatçıların fitnə-felinə uymuş bizim yerli “inqilabçıların” əlləri ilə xalqa ikinci zərbə vuruldu. Rus kazaklarının, jandarmların özlərinə rəva görmədikləri bütün rəzalətləri Əliheydər Qarayevlər, Çingiz İldırımlar, Həmid Sultanovlar və digər namərdlər bədbaxt millətin başına gətirdilər. Gəncə qətlamından sonra Bakıdakı mitinqdə təşəxxüslə “Gəncədə başı papaqlı da qalmadı!” sözünü dilə gətirən Çingiz İldırım idi.

Çox keçmədi ki, Moskva irticası öz doğma dininə, adət ənənəsinə, tarixinə asi kəsilən komsomolçu, firqəçi şair, yazıçı güruhunu formalaşdırdı. Və bununla da xalqın mənəvi aləminə dəhşətli zərbə endirdi.

Azərbaycanın yeraltı, yerüstü sərvətlərinin vəhşicəsinə talan edilib daşınmasını təşkil edən S.M.Kirov, daha o erməni, rus, vələdüzinası qalmadı ki, gətirib hakimiyyətin yuxarı eşalonuna yerləşdirməsin. Mədənlərdə isə Bakı fəhləsinin həyatı cəhənnəmə dönmüşdü, nə insan yaşayışı vardı, nə də əməlli başlı maaş.

İmperiya dövründə Bakının mərkəzində zənginlər, neftxudalar gözəl binalar ucaltmışdılar. Bütün bər-bəzəkli mənzillər Kirovun göstərişi əsasında rus, yəhudi və erməni məmurlara verildi. Mən bu mənfur boşevik məmurun bizim Nəriman Nərimanovun gününü necə qara əskiyə bükdüyünü demirəm.

1934-cü ildə Kirov aşnasının əri tərəfindən öldürüləndən sonra bizim gədalar özlərinə əl qatdılar. Hara gəldi Kirovun adı verildi, gül kimi Gəncənin adı murdarlandı, yüzlərlə şeir, hekayə, məqalə, dram əsəri yazıldı.

İllər keçəcək, Moskvada yaşayan bir qeyrətli ziyalımız Gəncənin əvvəlki adının özünə qaytarılması məsələsini qaldıranda ona qədər biqeyrət “Xeyr, biz kirovadablıyıq!” deyərək “Sov.Kultura” qəzetində şivən qoparacaq! Mən bu barədə iki dəfə mətbuatda çıxış edib bu rüsvayçılığı ifşa etdimsə Azərbaycanın bir titullu,orden-medallı “korifeyi” səsimə səs vermədi Anar ağa, bu həngamələri unutmamısan ki?

Soydaşlarımızın vəhşicəsinə döyülüb təhqir olunması barədə xəbər yayılanda hərə bir söz dedi, amma, tanımadığım bir əyalət siyasətçisinin milli qürurumuzun tapdanması məsələsini ortaya atması məni tutdu.

Yarım əsrdən çox Kirovun heykəli Bakı üzərində ucalırdı. O bolşevik qatili yox idi ki, adı bizdə “əbədiləşməyəydi”, yadınıza salın., şəhərimizin ən gözəl küçələri, prospektləri kimlərin adlarını gəzdirirdi. Milli qürur heç kimin yadına düşmürdü.

Mən həmişə demişəm, şərəf əzabı, milli qürur məsələsi bizim toplumda haradasa onuncu yerdədir. Neçə ildir müstəqillik millətin kübarı da rəiyyəti də əlləri dirsəyə qədər müsəlman qanına batmış Stepan Razindən əl çəkmir ki,çəkmir. Bunu rus şovinisti görür və nəticəsini də çıxarır.

İnsan doğrudan da nə qədər cahil olmalıdır ki, Allahın ona, doğma torpağında bəxş etdiyi suya “Slavyanka” adı versin.

Rus şovinisti kordur ki, bizim vəzifə sahiblərinin, özlərini ziyalı sayan güruhun hər hansı görkəmli şəxsin istər dəfni, istərsə yad edilməsi mərasimlərində özlərini necə aparmalarını görməsin?!

Bir yerdə ki, vəzifə sahibləri öz doğma valideynlərinin məzarları önündə salavat çevirməyi, “Fatihə” oxumağı özlərinə ar bilirlər, orada hansı mənəviyyatdan söhbət gedə bilər. Üzümü belələrinə tuturam, ağalar, indi ki, təzədən ruslaşmağa başlamısınız, onda Moskvadakı ağaların dövlət mərasimlərində, kilsələrində xaç çevirmələrindən, ikonaları öpmələrindən ibrət alın. Külli-aləm dinə imana gəlib sizdən başqa.

Bir rus görəndə oluruq xar yanında,

Quzu, keçiyik biz

Keçməz sözümüz bir pula sərdar yanında

Çünki nəçiyik biz

Tanrı buna şahid

Quzu keçiyik biz.  (M.Ə.Sabir)

(Ardı var)

Firuz HAŞIMOV