Rusiya və NATO generalları Aİ sərhədlərində təlimləri müzakirə edir

NATO Rusiyadan irəli gələn mümkün təhlükənin qarşısını almaq üçün Estoniya da daxil, Baltik ölkələr və Polşaya əlavə hərbi qüvvə göndərib.
 
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və NATO-nun Hərbi Komitəsinin sədri arasında görüş gələn həftə Belarusda keçiriləcək irimiqyaslı hərbi təlimlərdən əvvəl yer alır.
Rusiyanın Müdafiə Nazirliyi bildirir ki, ordu generalı Valeri Gerasimov general Petr Pavel-lə "beynəlxalq təhlükəsizliklə bağlı cari məsələləri müzakirə edəcək".
Moskva 14-20 sentyabrda keçiriləcək "Zapad 2017" təlimlərinin "sırf müdafiə" məqsədli olduğunu bildirir.
Lakin Rusiya ilə Belarusun müştərək manevrləri Polşada və Baltik ölkələrində narahatçılığa səbəb olub, AFP agentliyinin məlumatında deyilir.
Rusiyanın Müdafiə Nazirliyinin rəsmi saytında qeyd olunur ki, Baltik dənizi, Belarus və Rusiyanın qərbindəki poliqonlarda keçiriləcək manevrlərdə 10 gəmi, 70 təyyarə və 250-dək tankla yanaşı digər texnika və silah növləri istifadə olunacaq.
Moskva təlimlərə 12.700 hərbçinin qatılacağını bildirib.
Almaniya isə Litva və Estoniya əsgərlərin sayının 100 mindən artıq ola biləcəyini hesab edir.
Cümə axşamı günü öz fransalı həmkarı ilə görüşən Almaniyanın müdafiə naziri Rusiyanın rəsmi rəqəmlərini sual altına alaraq, təlimlərə 100 mindən artıq hərbi heyətin qatılacağını deyib, Reuters agentliyi xəbər verir.
"Şübhəsiz ki, biz Rusiyanın imkanları və qüdrətinin nümayişini müşahidə edirik", - Ursula von der Leyen Tallində Aİ müdafiə nazirlərinin toplantısı vaxtı müxbirlərə bildirib.
Fransanın müdafiə naziri Florence Parly isə Aİ və NATO sərhədlərindəki manevrləri düşünülmüş "hədə strategiyası" kimi təsvir edib.
Təlimlərə üç NATO eksperti dəvət edilsə də, NATO rəhbəri Jens Stoltenberg tədbirin şəffaflıq tələblərinə cavab vermədiyini bildirir, AFP icmalında qeyd olunur.
Rusiya israr edir ki, sayı 13 mindən aşağı olan əsgəri qüvvənin iştirakı ilə keçirilən təlimlərdə beynəlxalq müşahidəçilərin dəvət olunması məcburi deyil.
2014-cü ildə Krımın ilhaqı və Ukraynanın şərqində başlanan münaqişə ardınca NATO ilə Rusiya arasında əlaqələr gərgin olaraq qalır.
Son illər ərzində Şimali Alyans Rusiyanın mümkün təcavüzü ilə bağlı narahatlıq izhar edən Baltik ölkələrlə Polşa ərazisinə 4 minə yaxın əlavə qüvvə yerləşdirib.
Bu ilin əvvəlində Bakıda ABŞ SQ qərargah rəisləri komitəsinin sədri, general Joseph Dunfordla Rusiya SQ Baş Qərargah rəisi Valeri Gerasimovun görüşü keçirilmişdi.