“Rusiya kəşfiyyatının Azərbaycanda təxribat törətmək imkanları çox genişdir...” – KEÇMİŞ MTN ZABİTİ

“Bu partlayış səhlənkarlığın, məsuliyyətsizliyin nəticəsidir”
Azərbaycanda bəzi ekspertlər ötən bazar günü Xızıdakı hərbi hissədə baş verən partlayışın Rusiya xüsusi xidmət orqanları tərəfindən törədildiyini istisna etmirlər. Hadisənin baş vermə səbəbi kimi o əsas gətirilir ki, Moskva Azərbaycanın Borjomidə yanğını söndürməyə dəstək verməsindən narazı qalıb. O səbəbdən də hesab edilir ki, Gürcüstandakı yanğından sonra Azərbaycanda belə bir partlayışın baş verməsi təsadüf deyil, hər iki hadisə Rusiya tərəfindən törədilib.
Xızıda baş verən partlayışı hətta “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevin həbsi ilə əlaqələndirənlər də var. İddia olunur ki, Mehman Əliyevin həbsi ictimaiyyət tərəfindən narahazıçılıqla qarşılandığı üçün Rusiya xüsusi xidmət orqanları bu hadisəni törətməklə ölkədə siyasi gündəmi dəyişməyə cəhd ediblər.
“Mehman Əliyevlə bağlı proses 2018-ci ilin axırına qədər gedib çıxa bilər”
Mövzu ilə bağlı keçmiş MTN işçisi İlham İsmayıl isə Hurriyyet.org-a bildirib ki, Xızıdakı partlayışı Mehman Əliyevin həbsi ilə, yəni siyasi gündəmi dəyişmək cəhdi kimi dəyərləndirmək olmaz: “Siyasi gündəmi dəyişməyə ehtiyac yox idi. Yəni Mehman Əliyevin həbsi elə xırda hadisə deyil. Gündəmi dəyişmək üçün daha asan yollar var. Xızıdakı partlayış gündəmi dəyişmək üçün olan hadisə deyil. Yəni qəsdən törədilmiş hadisə deyil. Hətta qəsdən törədilmiş hadisə olsa da, Mehman Əliyevin həbsi ilə əlaqəsi yoxdur. Mehman Əliyevin həbsi xırda, keçici bir məsələ deyil ki, deyəsən, bu keçib gedəcək. Mehman Əliyev üçün ən azı 3 ay həbs qəti-imkan tədbiri seçiblərsə, bu proses 2018-ci ilin axırına qədər gedib çıxa bilər. Ona görə də Xızıdakı partlayışla Mehman Əliyevin həbsinin arasında heç bir əlaqə yoxdur. Hesab edirəm ki, bu hadisə səhlankarlıqdır. Mehman Əliyevə yetirilən diqqət orada silah anbarının qorunması üçün yetirilsəydi, yəqin ki, bu hadisə baş verməzdi, əhali də şok yaşamazdı. Bu partlayış çox sahələrdə olduğu kimi, bu sahədə də səhlənkarlığın, məsuliyyətsizliyin nəticəsidir”.
“Rusiya silahı satanda deyir ki, onu atma”
“Sosial şəbəkə istifadəçiləri, hətta bəzi politoloqlar Xızıdakı partlayışın Rusiya tərəfindən törədildiyini vurğulayırlar” fikrinə isə ekspetin cavabı belə oldu: “Rusiya nədən silah anbarını partlatsın? Bu, silah aldırtdırması üçün təzyiq vasitəsidir? Rusiyanın Azərbaycana elə təzyiq vasitələri var ki, kimisə göndərib, cəlb edib nəyisə partlatmaq, nəsə xəbər etməyə ehtiyac yoxdur. Adi sözlə, bir telefon zəngi ilə də hədələyə, təzyiq edə bilərlər. O sözü haranısa partlatmadan deyə də bilər ki, partladarıq, dağıdarıq. Yetərli olar ki, o təzyiq effekt versin, nə gözləyirlərsə, onu da alsınlar. Rusiyadan onsuz da silahlar alınır, hətta bəzən məcburən alınır. Özü də Rusiya silahı satanda deyir ki, onu atma. Yəni, atanda biz kimə atasıyıq, erməniyə tərəf, o da deyir atma, amma silahı al. Bu mənada bu partlayışın törədilməsində Rusiya məsələsi yoxdur. Yenə deyirəm, daha çox səhlənkarlığın nəticəsdir”.
“Rusiyameylli kadrlar çoxdan yerləşdirilib”
İ.İsmayıl qeyd etdi ki, Azərbaycan hakimiyyətində Rusiyameylli kadrlar kifayət qədər özlərinə yer ediblər, artıq xüsusi bir yerləşdirməyə də ehtiyac yoxdur: “Həm Milli Məclisdə, həm administrativ yerlərdə məmurlar kifayət dərəcədə var. Hətta onlar “beşinci kolon” dediyimizin başında gələnlərdir. Ona görə də, Rusiyanın o problemi yoxdur. Rusiyanın seçkilər öncəsi təzyiq vasitələri hələ başlamayıb. Çünki Rusiya özü seçkilərə gedir. 6 aydan sonra Rusiyada seçkidir. Rusiya yalnız onu edə bilər ki, müəyyən bir maliyyə dəstəyi olsun”.
“Siyasi baxımdan biz Gürcüstanı dəstəkləmirik”
“O ki qaldı bizim Gürcüstanı dəstəkləməyimizə, bizim Gürcüstanı dəstəkləməyimiz xüsusi olaraq nədə görsənir? Biz də Gürcüstan kimi NATO, Qərbyönümlü yolu seçmişik ki, biz onlara dəstək verək? Xeyr. Sadəcə qonşu kimi bir-birimizdən geopolitik nöqteyi-nəzərdən asılıyıq. Bizim müəyyən kəmərlər Gürcüstandan keçir. Gürcüstanla müəyyən əlaqələrimiz var. Biz Gürcüstanın Abxaziya, Cənubi Osetiya bölgəsini ona görə Gürcüstan torpaqları sayırıq ki, bizim də Qarabağ problemimiz var. Biz desək ki, Rusiya yaxşı eləyir Abxaziyanı tutub, dövlət kimi tanıyıb, həmin proses Qarbağla da bağlı ola bilər. Ona görə də bu aydın məsələdir, bzim Gürcüstanı dəstəkləməyimiz sırf iqtisadi baxımdandır. Siyasi baxımdan biz Gürcüstanı dəstəkləmirik”, - dedi keçmiş MTN əməkdaşı.
“Gecə-gündüz televiziyadan düşməyən şərhçilər ağızlarına su alıb otururlar”
Bütün bunlara rəğmən, İ.İsmayıl hesab edir ki, Rusiya kəşfiyyatının Azərbaycanda ciddi təxribat törətmək imkanları var: “Əlbəttə, özü də çox genişdir. O imkanların geniş olduğunu bilə-bilə rəsmilərimiz Rusiyadan o qədər çəkingən mövqedədir ki, hətta Amerika deyəndə ki, Qarabağ məsləsini mərhələli yolla həll etmək olar (Hoqlandın son çıxışını nəzərdə tutur-red.), buna reaksiya vermirlər, müzakirə etmirlər. Gecə-gündüz televiziyadan düşməyən şərhçilər ağızlarına su alıb otururlar. Təbii ki, göstəriş gəlmədiyinə görə. Ona görə də bilinir ki, Rusiyadan çəkingənliyin nəticəsi olaraq addım atmırlar. Rusiya Donbasda, Krımda nələr edə bilərsə, biz bilirik ki, Gürcüstanda, Azərbayanda da bu işləri görə bilər. Orta Asiya ölkələrində, hətta Belarusiyada da Rusiyanın bu imkanları var. Rusiya Azərbaycanda niyə hakimiyyət dəyişikliyi etsin ki?! Rusiyanı kifayət qədər qane edən, maraqlarına uyğun hərəkət edən bir hakimiyyət var. Rusiya kimi istəyir ki? Özü də Rusiyameylli belə bir siyasi qüvvə olduğunu görmürəm, elə bir şəxs də yoxdur. İkinci bir Rüstəm İbrahimbəyov peyda olası deyil. Rusiyanın elə çətin yollarla getmək fikri yoxdur. İndiki hakimiyyət Rusiyanın maraqlarını kifayət qədər təmin etdiyinə görə, Moskva Azərbaycanda hakimiyyət dəyişikliyi etməyəcək”.
RƏŞAD