QUBADA BÖYÜK SAXTAKARLIQ – Məhkəmələr qanunu deyil, qanunsuzluğu müdafiə edib / Fotolar

Baxış sayı:
12901

Vəlvələ kənd sakini Niyazova Rəhigül Fiyaz qızının 22 il istifadəsində olan torpaq sahəsini qonşusu necə və hansı yollarla ələ keçirib...

Quba rayonu, Vəlvələ kənd sakini Niyazova Rəhigül Fiyaz qızı “Hürriyyət”in redaksiyasına gələrək, qarşılaşdığı haqsızlıqları dilə gətirib. Qonşusu Balakişiyev Qərib Bayram oğlu ilə aralarında torpaq problemi olan şikayətçi deyir ki, məhkəmələr ədaləti bərpa etmək yerinə, qanunsuz qərar çıxarıblar.

Rəhigül Niyazovanın sözlərinə görə, 2000-ci ildə qaynı Əliyev Eldar Aydın oğlu ailəsi ilə birlikdə Rusiyaya, oradan isə Qazaxıstana köçüb. Həmin tarixdən Vəlvələ kəndində qaynının və həyat yoldaşı Mahmudova İsminaz Əhməd qızının mülkiyyətində olan 1,24 ha torpaq sahəsi, özlərinin razılığı əsasında, onun tərəfindən istifadə olunub. 2022-ci ilə kimi həmin torpağı əkib-becərib, vaxtı-vaxtında verigisini də ödəyib. Hətta həmin torpağa görə ona dövlət tərəfindən subsidiya da verilib. Daha sonra - 2013-cü ildə qaynı və həyat yoldaşı öz adlarına olan torpaq sahəsini idarə etməsi və onun barəsində sərəncam verməsi üçün onun (Niyazova Rəhigül Fiyaz qızının – red.) adına etibarənamə göndərib. Bu etibarnamə 2038-ci ilədək qüvvədədir.

2008-ci ildə həmin torpaq sahəsinin yerləşdiyi ərazidən dövlət əhəmiyyətli su kanalı çəkilib. Qaynının mülkiyyətində olan 1,24 ha torpaq sahəsinin 5236 kv.m-i su kanalının ərazisinə düşdüyündən, dövlət tərəfindən ona təxminən 3 min dollar kompensasiya ödənilib. Qaynı rəhəmətə getdiyindən, həmin pulu bank vasitəsilə, onun bacısı Əliyeva Səlimə Aydın qızının adına ünvanlamaqla, mərhumun ailə üzvlərinə göndərib.

R.Niyazova bildirir ki, iki il əvvəl qonşusu Balakişiyev Qərib Bayram oğlu qaynı Əliyev Eldar Aydın oğlu və həyat yoldaşı Mahmudova İsminaz Əhməd qızının mülkiyyətində olan torpaq sahəsini satın aldığını bildirib və ondan həmin sahəyə daxil olmamağı tələb edib. Q.Balakişiyev iddia edib ki, torpağı 23.07.2005-ci il tarixində Quba rayon Dövlət Notariat Kontorunda bağlanılan 4-Ə-389 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında alıb. Hətta o, sonradan Əliyev Eldar Aydın oğlu və həyat yoldaşı Mahmudova İsminaz Əhməd qızının adına olan 7135 kv.m torpaq sahəsinə reyestrdən çıxarış da alıb.

Rəhigül Niyazova deyir ki, qaynına məxsus torpağa iddia edən qonşusundan bu sahəni hansı yolla əldə etdiyini, kimdən aldığını, Qazaxıstana gedib-getmədiyini soruşub. O isə Qazaxıstana getmədiyini, torpağı Azərbaycanda alqı-satqı yolu ilə aldığını iddia edib...

Rəhigül Niyazova bildirir ki, qaynı Əliyev Eldar Aydın oğlu və həyat yoldaşı Mahmudova İsminaz Əhməd qızı 2000-ci ildən sonra Azərbaycana gəlmədiyindən, onların adına olan torpaq sahəsi saxta yollarla mənimsənilib. Onun sözlərinə görə, istər  2005-ci ildə Quba rayon Dövlət Notariat Kontorunda bağlanılan alqı-satqı müqaviləsi, istər də həmin torpaq sahəsinə dair reyestrdən çıxarış saxtadır. Çünki nə 2007-ci ildə rəhmətə gedən qaynı, nə də onun həyat yoldaşı həmin torpağı satmayıblar, üstəlik, ondan başqa kimsəyə də etibarnəmə verməyiblər. Bu baxımdan, R.Niyazova hesab edir ki, sözügedən alqı-satqı müqaviləsi saxta yollarla köhnə tarixə bağlanılıb. Dediyinə görə, Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsi də bu sənədin saxta olduğunu təsdiq edib. Belə ki, Dövlət Notariat Arxivinin rəisi Fuad Əkbərovun imzası ilə vəkil sorğusuna verilən cavabda sözügedən (4-Ə-389 reyestr nömrəli) alqı-satqı müqaviləsinin arxivdə olmadığı qeyd olunub.

Eynilə, Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti rəisinin birinci müavini Azad Qasımov da quruma daxil olan soruğuya cavab olaraq bildirib ki, Əliyev Eldar Aydın oğlu və həyat yoldaşı Mahmudova İsminaz Əhməd qızının 2022-ci ildən 2023-cü il tarixinədək dövlət sərhədindən hərəkətləri barədə İAMAS bazasında məlumat qeydə alınmayıb.

R.Niyazova bütün bunlardan sonra Quba rayon Dövlət Notariat Kontorunda bağlanılan 23.07.2005-ci il tarixində 4-Ə-389 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı məhkəməyə müraciət edib. Quba Rayon Məhkəməsinin hakimi Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi ilə onun iddiasına baxılıb. Lakin hakim belə qərara gəlib ki, “Niyazova Rəhigül Fiyaz qızı həmin iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyildir”. Bu səbəbdən də onun iddiası qəbul edilməyib və qarşı tərəfin xeyrinə qərar çıxarılıb. Şikayətçi isə deyir ki, qaynı Əliyev Eldar Aydın oğlu və həyat yoldaşı Mahmudova İsminaz Əhməd qızı tərəfindən 2013-cü ildə ona verilən 25 illik etibarnamə əsasında sözügedən torpaq sahəsi üzərində bütün səlahiyyətlərə sahib olduğundan, məhkəmənin məlum qərarı tamamilə qanunsuzdur. Şikayətçi onu da vurğulayır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası və Ali Məhkəmənin Mülki Kollegiyası da birinci instansiyanın – Quba Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

“Biz Konstitusiya Məhkəməsinə müraciət edəcəyik. O da işə ədalətli baxmasa, Avropa İnsan Haqları Məhkəməsinə müraciət etməyə məcburuq. Doğrudur, bunun istəmirik, Azərbaycan bizim dövlətdir, öz problemimizi daxildə həll etmək istəyirik. Amma bu qədər də haqsızlıq olmaz”, - deyə şikayətçi vurğulayır.

Sonda isə Rəhigül Niyazova haqlı olara sual edir ki, əgər sözügedən torpaq sahəsi, iddia etdiyi kimi, 2005-ci ildən qonşusu Balakişiyev Qərib Bayram oğluna məxsus idisə, o halda niyə 2022-ci ilədək “öz yerinə” sahib çıxmayıb?  Niyə bu müddət ərzində dövlət tərəfindən ayrılan subsidiyalardan faydalanmaq istəməyib? Üstəlik, 2005-ci ildən bu torpağı almışdısa, bir hissəsi kanala düşdüyü üçün dövlət tərəfindən ayrılan kompensasiya niyə Balakişiyev Qərib Bayram oğluna deyil, ona verilib?

Əlbəttə, R.Niyazovanın rəsmi qurumlara ünvanladığı bu kimi sualları çoxdur. Lakin o hesab edir ki, hazırda rəsmi qurumlar da bu problemin həllində maraqlı deyillər. Çünki sözügedən alqı-satqı müqaviləsinin saxta olduğu təsdiqlənərsə, çoxları qanun qarşısında cavab verməli olacaq. O cümlədən, torpaq sahəsinə reyestrdən saxta çıxarış verən şəxslər də hüquq müstəvisində hesabat verməli olacaqlar. Ən azı  ona görə ki, Dövlət Notariat Arxivində kökü olmayan, saxta alqı-satqı müqaviləsi əsasında bu torpağa necə çıxarış verilib?!

Bu və digər səbəblərdən də istər məhkəmlər, istər də dövlət qurumları qanunsuzluğu, bir növ, müdafiə etməyə məcbur qalıblar. Rəhigül Niyazova isə öz hüquqları uğrunda sonadək mübarizə aparmaqda israrlıdır...

Hazırladı: Jalə FAMİLQIZI

Redaksiyadan: Mövzunu diqqətdə saxlayacağıq. Məqalədə adı keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.