Qondarma "prezident" Bako Saakyanın “andiçmə mərasimi" keçirilib

Bu gündən Bako Sahakyanın qondarma "Dağlıq Qarabağ Rejiminin prezidenti" vəzifəsində ən azı daha üç il müddətinə fəaliyyəti başlayır.
 
Cümə axşamı qondarma “DQR parlamentinin fövqəladə iclasında" onun inauqurasiya mərasimi keçirilib.
Sahakyan əlini 17-ci əsrin incili və "DQR Konstitusiyasına" qoyub, "DQR-in suverenliyi və ərazi bütövlüyünü" qoruyub saxlamağa and içib.
Bako Sahakyanın vəzifədə ikinci, son və müddəti başa çatdıqdan sonra onun yenidən vəzifəsində qalmasına bu ilin əvvəlində keçirilən "konstitusiya referendumu" nəticəsində, "tam prezident idarəçilik sisteminin" tətbiq edilməsi imkan verir.
Yeni "konstitusiya" üzrə, "prezident" ümumxalq seçkilər vasitəsilə deyil, parlament üzvlərinin səsverməsi nəticəsində seçilir.
Yeni "konstitusiya" Bako Sahakyana keçid mərhələsi adlandırılan üç ildən sonra yenidən namizədliyini prezident seçkilərində irəli sürməyə imkan verir.
"Konstitusiyaya" əsasən, "DQR Hökuməti" istefa verməli, yaxın 20 gün müddətində Bako Sahakyan yeni "hökumət kabinetini" tərtib etməli və ona özü də rəhbərlik etməlidir. Baş nazir vəzifəsi ləğv olunur, yeni dövlət naziri vəzifəsi təsis edilir.
Rəsmi Bakı Azərbaycanın işğal olunmuş ərazilərində seçkilər keçirməyi "növbəti təxribat" kimi qiymətləndirib. Azərbaycan XİN-in sözçüsü Hikmət Hacıyev bildirib ki, "qanunsuz parlament tərəfindən saxta prezident seçkisinin keçirilməsi özünü gülünc vəziyyətinə qoymaqdan və öz-özünü aldatmaqdan başqa bir şey deyildir."
1994-cü ildə Rusiyanın vasitəçiliyilə imzalanmış atəşkəs razılaşmasından sonra Dağlıq Qarabağ və ətrafındakı Azərbaycan əraziləri erməni silahlılarının əlinə keçib. BMT erməni silahlı qüvvələrinin geri çəkilmələrini tələb edib. Həmin dövrdən bəri tez-tez atəşkəs pozulması halları baş verir və tərəflər münaqişənin həll edilməməsinə görə bir-birini ittiham edir.