Qarabağ qazisindən Ombudsmana etiraz

Ombudsman polisin 1-ci dərəcəli qaziyə işgəncə verməsini niyə özü araşdırmır?
2022-ci ilin sentyabrın 3-də körpə nəvələrimə stress yaşadaraq Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin 10 nəfərdən çox polis əməkdaşının 66 yaşlı 1-ci dərəcəli DİN-in Qarabağ qazisini şöbəyə aparıb qollarını arxadan qandallayıb işgəncə verməsi nəticəsində 9 qabırğasını sındırmasına, ağ ciyərində hematoma əmələ gətirməsinə , tibbi yardıma qadağa qoymasına, məhkəmə qərarı olmadan 2 sutka azadlıqdan məhrum etməsinə, evində -yataq otağında axtarış aparılıb kompüterini, pulunu, sənədlərini oğurlamasına Ombudsmanın yanaşması anlaşılan deyil.
2 sutkalıq işgəncə girovluğundan çıxan kimi Ombudsmanın 916 çağrı mərkəzinə şikayət edən qoca qazinin şikayətində qeyd etdiyi faktların yoxlanılması DİN-in 1-ci müavini Seyfulla Əzimovdan xahiş edilib. Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı 13.09.2022-ci il tarixli məktubunda “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya qanununun 12.2.5 maddəsini rəhbər tutub. Halbuki həmin 12.2.5 maddəsində yazılıb ki, yoxlama, qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən orqana və ya vəzifəli şəxsə tapşırıla bilməz. Bəs niyə 1-ci dərəcəli Qarabağ əlilinin, onun körpə nəvələrinin işgəncəyə, stressə, psixoloji travmaya uğramaları haqqında DİN-in Nizami polisindən şikayətini yoxlamaq DİN-in özünə tapşırılıb? Özü də Ombudsmanın özünün DİN -in 1-ci şəxsinə yox, aparat rəhbərinin DİN-in 1-ci müavininə xahişi ilə?
Bir neçə il qabaq Rusiyada ağır cinayətdə şübhəli bilinən bir soydaşımızın əliqandallı vilayət daxili işlər nazirinin qəbuluna gətirilməsi Azərbaycan Ombudsmanını bəyanatla çıxış etməyə vadar etmişdi. İndi Bakıda Nizami polisi 1-ci dərəcəli Qarabağ əlilini qollarını arxadan qandallayıb nəinki nazirin qəbuluna, heç polis, bölmə rəisinin də yanına aparmır, sadəcə onların göstərişi ilə işgəncə verib, 9 qabırğasını sındırır, Ombudsmanın səsi çıxmır. Niyə? 1-ci dərəcəli Qarabağ qazisinin qolları qandallı həkimin covid , rentgen testinə aparılması necə, insan hüquqları pozuntusu deyil? Tutaq ki, polisin şöbədəki təpikləyib qol-qabırğanı sındırması əməliyyatı kamera quraşdırılmayan növbətçi hissədə baş verib, həkimə , istintaq təcridxanasına aparılanda ki görüntülər kameranın yaddaşındadır!? Eyni zamanda zorakı həbsin həyata keçirildiyi marketin qarşısında iki videokamera var. Ombudsman niyə işgəncə yerinə birbaşa girmək, yoxlama aparmaq hüququndan yararlanmır, niyə polis ofislərində videokamerasız işgəncə yerlərinin olmasına göz yumur? Niyə saxlanılan şəxslərin Ombudsmanın 916 çağrı mərkəzinə şikayət etmək hüququna saxlama kamerasının əməkdaşları imkan vermir? Onda bu işgəncə faktı ilə bağlı Ombudsmanın 916 çağrı mərkəzinə müraciət etmək barədə bildiriş niyə dustaqxana divarlarından asılıb?
Bir sözlə, Ombudsmanın insan hüquqlarının qorunmasında işi bəyanat verməkdən o yana keçmir. Ona görə də insan hüquqları pozulanların haqlı etirazı ilə üzləşir. Bir ölkədə ki Ombudsman özü polisin cəriməsi ilə tənbeh oluna, hansı polis işgəncəsinə son qoymaqdan, hansı insan hüququndan, azadlıqdan danışmaq olar?
Məğrur BƏDƏLSOY