Qalmaqallı direktor məmur bacısı imiş - “Qucaqlarda oturanlardan yazın”

Xəbər verdiyimiz kimi, Bakının Maştağa qəsəbəsində fəaliyyət göstərən 187 saylı orta məktəbin direktoru Nailə Məmmədovanın jurnalisti təhqir etməsiylə bağlı səsyazısı yayımlanıb. Səsyazısını axar.az saytı dərc edib.
 
azxeber.com xəbər verir ki, jurnalisti təhqir edən məktəb direktoru Nailə Məmmədova İctimai Nəzarət Koalisiyasının (İNK) sədri Rasim Məmmədovun bacısıdır.
 Təşkilat sədri sayta açıqlamasında faktı təsdiqləyib və deyib ki, 187 saylı orta məktəb Bakının ən nümunəvi məktəblərindəndir: "Nailə xanım mənim bacımdır, onun direktoru olduğu məktəb Bakının ən nümunəvi məktəblərindəndir. Məzunları arasında deputatlar, dövlət rəsmiləri var. Nailə xanım Maştağanın ən öndə gedən və sevilən ziyalılarındandır. O məktəb Sabunçu rayonunun akademiyası adlanır. İnsanlar çalışmalıdır ki, vicdanlı olsunlar. Yaxşı şeyləri qoyub, kiməsə qarşı kampaniya aparmaq düzgün deyil. Jurnalistlərə isə müraciət edirəm ki, əgər bacarırsınızsa, mini yubkalı, ağzında siqaret olan, qucaqlarda oturan direktorlardan yazın, bacımdan yox".
Rasim Məmmədov həmçinin qeyd edib ki, Nailə Məmmədovanın oğlu Xüsusi Dövlət Mühafizə Xidmətində (XDMX) çalışır: "Mənim bacım dövlətçiliyə sadiq övlad yetişdirib. Onun istər şagirdləri, istərsə də öz övladı dövlətin keşiyində durur. Nailə xanımın övladı XDMX-da işləyir".