PUTİNLİ VƏ PUTİNSİZ RUSİYA – Əlisa Nicat yazır

...Bütün bunlar Rusiyada ona görə baş verir ki, hakimiyyətdə Putinin despotluğudur
 
Hər gün NTV –də saat 12-dən 16.00-a kimi açıq siyasi mübahisələr  gedir. Bu kanal 20-dən artıq rus telekanalında  yeganə salamat qalan açıq siyasi meydandır.
Bəri başdan deyək ki, haçansa Putin hakimiyyətdən kənarlaşdırılsa  (çünki özü heç vaxt getməyəcək, konstitusiyaya yeni-yeni maddələr əlavə edib sağ qalarsa, 90 yaşına kimi prezidentlikdən əl çəkməyəcəkdir), o gedəndən sonra dünyanın siyasi mənzərəsi tamam dəyişəcəkdir. Hər yanda demokratiya qalib gələcək, haqq-ədalət bərpa olunacaq, bütün müharibə ocaqları söndürüləcək, bir sözlə,  çox güman ki, bəşəriyyətin “Tövrat”da, “Bibliya”da  təsvir olunan “qızıl dövrü”  gələcəkdir.
Bu, öz yerində.  Qayıdaq NTV-dəki müzakirələrə. Yeri gəlmişkən, bizim savadsız, bəsit, tamamilə bəsirətsiz siyasi icmalçılarımız həmin verilişlərə baxıb çox şey öyrənə bilərdilər. Amma onlar yuxarıda əyləşənlərin daim mənafeyinə uyğun mühakimələrlə baş girələyirlər.
Bəli,  avqustun 24-də telekanalda  Almaniyada faşizmin baş qaldırması barədə mübahisələr getdi. Əslində Almaniyada heç vaxt faşizm olmamışdır, nasizm olmuşdur. Bunlar isə tamam başqa-başqa şeylərdir. Bizdə isə hamı bir ağızdan bir nəfər kimi səhərdən-axşamadək faşizm-faşizm deyib sayıqlayırlar. Nasizm də Almaniyada qadağan olunub. Heç bir nasizm partiyasının təbliğatı yoxdur. Doğrudur, kim istəsə  hər nə danışıb, hər nə də yazıb çap etdirə bilər. Lakin ona heç kim qulaq asmayacaq.  Amma verilişdə bütün ruslar  boğazlarını cırıb bağırırdılar ki, bəs Almaniyada faşizm baş qaldırır. Bu sözü 50-60 ildir ki, eşidirik. Amma heç bir faşizm və ya nasizm yoxdur. Əlbəttə Rusiyanın özünü nəzərə almasaq. Bağıranların içində bədnam və içiboş Proxanov xüsusilə  fəal idi.
Ən qəribəsi və heyrətamizi bu idi ki,  mübahisə zamanı ən şovinist ruslar nə desələr yaxşıdır? Deyirdilər ki, bəs vaxtilə Almaniyada faşizmi yaradan Hitleri də hakimiyyətə gətirən və hər cür silah-sursat və iqtisadi təminatla təmin edən kim olsa yaxşıdır, məhz Amerika Birləşmiş Ştatları.
Burada lap yandım-yaxıldım. Pah atonnan, hələ indiyə kimi yer üzündə bu qədər riyakarlıq, bu dərəcədə yalan və böhtan və bu mərtəbədə ədalətsizlik eşitməmişdim.
Halbuki rəşadətli Viktor Suvorovun kitablarında sənədlər və faktlarla sübut edilmişdir ki, hələ keçən əsrin 20-ci illərində SSRİ yaradılandan sonra ona hər cəhətdən – siyasi-iqtisadi, hətta hərbi cəhətdən daim kömək edən, yardım edən, onu hər növ ərzaq və sənaye-təsərrüfat məhsulları ilə təmin edən ölkə məhz ABŞ olmuşdur. Balaca uşaq da bilir ki, alman orduları Moskvaya qədər gəlmişdilər, SSRİ-nin məğlubiyyəti göz qabağında idi və Stalin sülh danışıqlarına başlamaq üçün hətta Almaiyaya nümayəndə heyəti də gönədərmişdi və hədsiz böyük ərazilər hesabına müharibə başa çatacaqdı da. Əgər iki ölkə - məhz ABŞ və İngiltərə  Stalinin köməyinə gəlməsəydilər. Məhz onların gecə-gündüz həm Şimal dənizləri, həm cənub dəhlizi, həm də İran vasitəsilə Rusiyaya göndərdiyi ağılagələn və ağılagəlməyən bütün sursatlar sayəsində və nəhayət ABŞ və İngiltərənin La-manşı keçib çox böyük qüvvə ilə arxadan Almaniyaya zərbə endirməsi nəticəsində Hitler geri çəkilməyə, tutduğu əraziləri təhvil verməyə məcbur oldu.
Bütün bunlar ola-ola sizi məhz Amerika bir millət kimi və dövlət kimi alçalmağa məhkum ikən ABŞ xilas edə, bu gün siz onu faşizmin dayağı hesab edəsiz? Bu böyda riyakarlıq heç bir ölçü və əndazəyə sığmır. Amma rus məmnuniyyətlə dilinə gətirib televiziyada belə,  bəyan etməkdən çəkinmir.
Bütün dünya bilir ki, 1933-cü ildə Almaniyada keçirilən seçkilərdə Hitler və  nasistlər 39 faiz, sosial-demokratlar 43 faiz, kommunistlər də 10 faiz səs topladılar. Məhz Stalin kommunistləri və onların başçısı Ernest Telmanı öz 10 faiz səslərini nasistlərə  verməyə məcbur etdi. Və nəticədə 49 faiz səslə Hitler hakimiyyətə gəldi.
Müharibə illərində atam Lənkəranın Səpnəkəran kəndində 5-6 kəndin icraiyyə komitəsinin sədri işləyirdi. Bakı-Astara yolu bu kəndin içindən keçdiyinə görə hər cür sursat və ərzaqla dolu sudobekkerlərin (nəhəng yük maşını) İrandan SSRİ-yə daxil olduğunu öz gözlərimlə görmüşəm. Uşaq kimi dayanıb maşınları sayardım. Maşınlar isə gecə-gündüz gələrdi.  Bəzən bir də görürdün maşınlardakı düyü kisələrinin partlaması nəticəsində yol boyu ağ, qəşəng, iri düyü dənələri sap kimi düzülür, camaat yollara axışıb düyü gilələrini ovuc-ovuc yığardılar.
Ümumiyyətlə, Ukraynanın böyük oğlu, rəşadətli və bəsirətli Viktor Suvorovun saysız kitablarında SSRİ-nin real tarixi əks olunub. ABŞ və İngiltərənin gah nala, gah mıxa vurması və əslində  Ruzveltin də, Çörçillin də Stalinin əlində oyuncaq olmasını Viktor Suvorov saysız faktlarla sübut edir.
Çox təəssüf ki, kütbeyin tərcüməçilərimiz V.Suvorovun gözəl kitablarını dilimizə tərcümə etmir, nəşriyyatlarımız da  həmin kitabları sifarişlə tərcümə etdirib nəşr etmək əvəzinə, hələ də Marksın bədnam “Kapital”ını, Tolstoyun “Anna Karenina”sını çap etməklə məşğuldurlar. Viktor Suvorovun həmin misilsiz kitablarının adlarını bir də yadınıza salıram:   “Sonuncu respublika” (məhdud sayda çoxlu texniki səhvlərlə çap olunub),  “Müqəddəs iş”, “Xilaskar”,  “Qələbə günü”,  “Təmizlənmə”,  “M. günü”  “Akvarium”,  “Buzqıran”,  “Sözümü geri götürüəm” (yeri gəlmişkən sonuncu kitab rusların fəxr etdikləri marşal Jukovun necə tamamilə kütbeyin və yaramaz bir adam olduğunu sübut edir) kitabları  öz tərcüməsini gözləyir.
Bütün bunlar Rusiyada ona görə baş verir ki, hakimiyyətdə Putinin despotluğudur.
 
Əlisa  NİCAT