"Putinin reytinqinin artımını və prezident seçilməsini çeçen mücahidlər təmin etdi" - ELXAN ŞAHİNOĞLU

"Vladimir Putinin Rusiyada hakimiyyətə gəlişinin 20 ili tamam oldu. Boris Yeltsin 1999-cu ilin dekabrında televiziya ilə çıxışında prezident kürsüsünü o zamankı baş nazir Putinə ötürdüyünü elan etdi. O zaman Putinin reytinqi yüksək deyildi. Çünki o az tanınırdı, elə bir uğur hekayəsi yox idi". Hurriyyet.org xəbər verir ki, bu fikirlər "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğluna məxsusdur. Politoloqun sözlərinə görə, Putinin reytinqinin artımını və sonra prezident seçilməsini çeçen mücahidlər, o cümlədən Şamil Basayev təmin etdi: "Bəli, məhz ruslarla döyüşən Şamil Basayev. O döyüşçüləriylə Dağıstana hücum etməsəydi, bəlkə də Putini kürsüsündə bir başqası əvəz edəcəkdi. Ancaq Şamil Basayev Dağıstana hücum etməsiylə Putinə imkan verdi ki, Rusiyanın yeni lideri öz bacarığını göstərsin. Putin dağılmış vəziyyətdə olan Rusiya ordusunu toparlayaraq Dağıstandakı döyüşlərdə uğur qazandı, sonrakı mərhələdə Çeçenistana hücum başladı və Rusiya bu bölgə üzərindəki nəzarətini bərpa etdi. Beləliklə də Putin 2000-ci ilin martında keçirilən prezident seçkisində elə birinci turda ikən 52 faiz səslə prezident seçildi, yəni təxminən 40 milyon rusiyalı ona səs verdi. Putin 2024-cü ilə qədər prezident vəzifəsini icra edəcək". Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org