Putin Trampa məktub göndərdi: "Bu, gələcək təmasların mühümlüyünə işarədir"

Baxış sayı:
8140

ABŞ senatoru prezident Trampa Rusiya dövlət başçısı Vladimir Putindən məktub gətirdiyini bildirib.

Kentuki ştatında respublikaçı senator Rand Pol Rusiya qanunvericiləri ilə müzakirələr keçirib.

Twitter hesabında Pol yazıb ki, məktub gələcək təmasların mühümlüyünə işarədir. O, terrorizmlə mübarizə, qanuni daloq və mədəni mübadilələrin əhəmiyyətini önə çəkib.

Putin ötən ay Helsinki sammiti zamanı Trampı Rusiyaya dəvət edib. ABŞ prezidentinin Rusiya ilə bağlı mövqeyi tənqidlər mövzusudur.

ABŞ-ın tanınmış millət vəkillərindən respublikaçı senator Rand Pol avqustun 6-da Moskvaya səfəri zamanı deyib ki, Birləşmiş Ştatların Rusiya ilə daha çox dialoquna və kommunikasiya xətlərinin açıq saxlanmasına ehtiyac var:

"Mənim Rusiyaya gəlməkdə məqsədim bizim kommunikasiya xətlərinin açıq saxlanmasını istədiyimizi deməkdir. Bu o demək deyildir ki, bizim fikir ayrılıqlarımız yoxdur və ya bəzi hallarda olmayacaq, amma biz razılaşmadığımız məsələlərdə dönə-dönə müzakirə aparmalıyıq. Müzakirələr son dərəcə mühümdür, diplomatiya mühümdür”.

Pol Rusiyaya qarşı sərt sanksiyalar nəzərdə tutan 2017-ci il tarixli qanunun əleyhinə səs vermiş iki müllət vəkilindən biridir və o, Donald Trampın Rusiya ilə danışıqlar aparmaq niyyətini müdafiə edir.

Senator iyulun 16-da Helsinkidə görüşərkən davranışı tənqid olunan Trampı yenə də qızğın müdafiə edib.

Rusiya Federasiya Şurasında etdiyi çıxışda Pol deyib ki, Vaşinqton və Moskva danışıqlara başlamalıdırlar, çünki bu iki ölkə dünyanın bir çox qaynar nöqtələrində yaxın məsafədə mövqe tutublar:

"Düşünürəm ki, kommunikasiya xətlərini açıq saxlamamaq çox böyük səhv olardı. Dünya çox qarışıq bir yerdir”.

Polla görüşdə iştirak edən Rusiya millət vəkili, Federasiya Şurası Xarici İşlər Komitəsinin rəhbəri Konstantin Kosaçov deyib ki, iki ölkə arasında münasibətlərin düzəlməsinə ABŞ-ın Ukrayanaya görə Rusiya üzərinə qoyduğu sanksiyalar əngəl törədir:

"Bu sanksiyalar şübhəsiz ki, münasibətlərə mane olur, amma münasibətlər heç bir şəkildə dayandırılmamalıdır”.

Rusiya mediası bildirir ki, Pol Rusiya millət vəkillərini müzakirələr üçün Vaşinqtona dəvət edib.