PAŞİNYAN ARUTYUNYANLA QARABAĞIN "STATUSU" HAQDA DANIŞDI - "Bu məsələnin gündəlikdə qalmasına çalışmalıyıq”

Baxış sayı:
1123

Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan Qarabağ separatçılarının başçısı Arayik Arutyunyanla görüş keçirib.
"Azadlıq" radiosunun Erməni xidməti - Azatutyun yazır ki, bu, Paşinyanın Ermənistan parlament seçkilərindən və onun Moskvada iyulun 7-də Rusiya prezidenti Vladimir Putinlə danışıqlarından sonra Arutyunyanla ilk görüşü idi.
Ermənistan baş nazirinin ofisi iyulun 9-da xəbər verib ki, Paşinyan bu görüş zamanı Arutyunyana hazırkı vəziyyətlə bağlı təfərrüatlı məlumat verib.
Paşinyan görüş zamanı deyib:
“Vurğulamağı mühüm hesab edirəm ki, seçkiqabağı dövrdə mən qəti şəkildə 44 günlük müharibənin bütün tərəflərinin öyrənilməsinin vacibliyini bildirmişdim. Bizim elə bir format formaslaşdırmağımız və işi elə təşkil etməyimiz lazımdır ki, o etibarlı olsun. Çünki bir çox mühüm suallara cavablar verilməlidir”.
Paşinyan bildirib ki, 44 günlük müharibədən sonra Qarabağda normal həyatın bərpa olunması üçün kifayət qədər ciddi səylər göstərilib.
Baş nazir əvəzi daha sonra deyib:
“Bizim gündəliyimizdə Artsaxın (Qarabağ - red) statusunun dəqiqləşdirilməsi ən mühüm vəzifə olaraq qalır. Və biz deməliyik ki, 9 noyabrdan sonra ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanat verməklə, faktiki bu gündəliyi işçi gündəlik kimi irəli sürüblər. Biz də sonrakı hərəkətlərimizi dəqiqləşdirməli, yeni situasiyada müəyyən strategiya qəbul etməli, məqsədlərimizə yetməyin yollarını müəyyənləşdirməliyik”.
 
Sülhməramlılarla birlikdə

Arayik Arutyunyan deyib ki, hazırda Qarabağın sosial problemləri və Ermənistan hökumətinin sosial proqramlarının icrası tənzimlənir:
“Bugünkü sosial siyasət qətiyyətlə deməyə imkan verir ki, indi diqqət mərkəzində olmayan bir ailə də yoxdur və bütün bu işlər birmənalı şəkildə yalnız Ermənistan hökuməti tərəfindfən verilən vəsaitlər hesabına görülür. Hayastan ümumerməni fondunun topladığı vəsaitlər isə yaşayış evlərinin tikintisinə və infrastrukturun inkişafına xərclənir. Bugün Artsax (Qarabağ – red) böyük tikinti meydançasıdır. Bugün yaşayş problemi o qədər kəskindir ki, hətta günə bir mənzil tikilsə belə kifayət etməz. Bizim proqramımızı həyata keçirmək üçün sutkaya azı 4-5 mənzil tikilməlidir...”
Arutyunyan da Qarabağın statusu məsələsində ümidini ATƏT-in Minsk qrupuna bağladığını bildirib:
“Xoşbəxtlikdən, status prinsipi ATƏT-in Minsk qrupunun gündəliyində müharibədən əvvəl olduğu kimi qalır. Biz bu məsələnin gündəlikdə qalmasına çalışmalıyıq”.
Lakin Qarabağ separatçılarının başçısı dərhal deyib ki, “Artsaxın (Qarabağ – red) müstəqilliyə gedən yolu” müzakirə mövzusu deyil:
“Təhlükəsizliyə gəlincə isə deməliyəm ki, müdafiə ordusu sülhməramlılarla birlikdə vəziyyətə nəzarət edir. Coğrafiya mürəkkəbdir, amma xoşbəxtlikdən heç bir ciddi problem olmayıb”.
Xatırladaq ki, 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı.
44 günlük bu müharibə, sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb.
Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.
Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.
1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi./azadliq.org