DÖVRƏNİZƏ BOYLANIN - Heç olmasa yaxın qonşularınızdan dərs alın...

Baxış sayı:
6823

Seçkilərdən zorən qalib çıxan Azərbaycan iqtidarının demokratik qüvvələrə qarşı əsassız iddiaları günü-gündən artmaqda, onun saxta qələbə nəşəsindən doğan təkəbbür və qüruru ifrat həddini aşmaqdadır. Ləyaqətli, vicdanlı, 10 illərlə ömrünü, gününü hər cür məşəqqətlərə dözərək, Azərbaycanın müstəqilliyi uğrunda mübarizəyə həsr edən insanlar, vətəndaş cəmiyyətinin əsas atributu sayılan azad mətbuat hər addımbaşı quduz hakimiyyətin yırtıcı hücumlarına tuş gəlməkdədir. İnsan haqlarından, demokratiya və ədalətdən dəm vura-vura Azərbaycan xalqına qarşı ədalətsiz, vicdansız münasibətdən, yersiz iddialardan əl çəkmirlər.
Hər halda hakimiyyət hərisliyinin diktə etdiyi bu təkəbbür və lovğalığın arxasında düşmən tapdağı altında qalan torpaqlarımızın azad edilməsinin zəfər və qalibiyyəti durmur. Cahillik və nadanlıqdan qaynaqlanan təkəbbür və lovğalığın Allah qarşısında böyük günah, bəndə qarşısında yekəxana rəftardan başqa bir şey olmadığı nəzər əhlinə yaxşı məlumdur. Məlumdur ki, misli görünməmiş saxtakarlıqla əldə etdiyiniz ucuz qələbələr 10 illərlə xalqımızın qanı bahasına mənimsədiyiniz paraların və ticari maraqlarını Azərbaycanda vassal həvəsi ilə təmin etdiyiniz dövlətlərin ikiüzlü siyasəti sayəsində ortaya gəlmişdir. Və əmin ola bilərsiniz ki, bu qələbənin başgicəlləndirici nəşəsi siz fikirləşdiyiniz zaman məsafəsi qədər olmayacaqdır. Köhnə bazara təzə nırx qoymaqla kosmetik dəyişikliklər etmək istədiyiniz rejimin çürük mahiyyəti əsla dəyişməyəcəkdir.
Hamıya yaxşı bəllidir ki, qloballaşan dünyanın  mütərəqqi qanunları ilə sizin donuq feodal qafanızın məhsulu olan hakimiyyətimiz və gerici idarəetmə üsullarınız arasında yerlə - göy qədər fərq mövcuddur. Üz tutduğunuz Qərb dünyası dövlətin və cəmiyyətin idarə olunmasında sivil davranış normalarına, ədalətli idarəetmə qaydalarına güvənc verdiyi halda siz yoldaş – cənablar Azərbaycan vətəndaşlarının azad və firavan yaşamaq haqqını, onun demokratik cəmiyyətin idarə olunmasında iştirakına təminat verən seçim hüququnu hər addım başı tapdalayır, insanlarımızı zora – haqsızlığa söykənən qaydalarla idarə etməkdən əl götürmürsünüz. Siz Avropasayağı zəngin yaşamaq hərisliyi ilə sələfinizin sizə miras qoyub – getdiyi feodal üsul – idarəçiliyi arasında çapalayırsınız. Haqqını yeyib, hüququnu tapdaladığınız çoxluqla harınlamış siz azlığın yaşam tərzi qədim Romadakı qul – quldar dövrünün yaşayış fərqini çoxdan ötmüşdür. Dəbdəbəli həyat tərzi, meşşan təbiətinizin toy – büsatına qurulmuş saraylar, öz rahatlığınızın təmin edilməsi naminə çəkdirdiyiniz yollarda saymazyana sürdüyünüz əcnəbi markalı maşınlar və sərvətindən dünyaya pay verdiyiniz ölkənin miskin günə düşən vətəndaşlarına həqarətli baxış, onlarla qul münasibətindən o yana getməyən rişxəndli rəftar, budur sizin içində at oynatdığınız Azərbaycanın  gerçək durumu. Dəyişmək gərək. Millətinə, xalqına ikili yanaşmaqdan uzaqlaşmaq gərək. Dövrənizə boylanın. Yaxın – uzaq qonşularınızdan dərs alın. Azad, demokratik seçki keçirilməsinin, demokratik yolla hakimiyyətə gəlməyən nə olduğunu görüb, dərk etmək üçün hələlik bizə əl çatmaz görünən Avropaya yox, ən azı qonşu erməni ellərində baş verən son olaylara nəzər salmaq yetər ki, millətə, xalqa sayğı ilə yanaşmağın nə olduğunu biləsiniz. Görəsiniz ki, hakimiyyətin bir nəsildən digərinə ötürülməsi hansı demokratik  prinsiplərə söykənir. Baxın, bu gün milli münaqişələrin kifayət qədər kök saldığı, iqtisadi problemlər məngənəsində sıxıldığı, Şimali Qafqazda müstəqil siyasət yürütməsinə qarşı şimal ayısının diş qıcadığı Ermənistan belə son anda özündə təpər tapır. Bir araya gələrək milli və dünyəvi dəyərlərə söykənən demokratik cəmiyyət qurmağa can atır.
Bizcə, ölkə vətəndaşlarına ikili prizmadan yanaşıb, ayrı – seçkilik  salmağın cəmiyyətin stabilliyinə xidmət etmədiyini nəhayət ki, iqtidar yetkinliləri başa düşməlidir. Və güman edirik ki, ölkə başçısı  onun ətrafında vurnuxan bir qrup talantçının təhriki ilə yox, zamanın diktəsi ilə ölkəmizdə vətəndaş cəmiyyətinin formalaşmasına və insan haqlarının qorunmasına yönəllik addımlar atmağa özündə təpər tapmalıdır.
 
Nuridə Quliyeva