ABŞ-da müəllimlərə silah paylanır, Azərbaycanda isə...

Baxış sayı:
2344

Ölkəmizdə kimlər silah gəzdirə bilər?..
ABŞ-ın Florida ştatının senatı müəllimlərə silah gəzdirməyə icazə verən qanun layihəsini təsdiq edib. Layihə 22 lehinə, 17 səs əleyhinə olmaqla qəbul edilib. Qeyd olunur ki, qanun məktəb müəllimlərinin və digər əməkdaşların silahlı hücumlardan müdafiə olunması və bu cür hücumlarının qarşısının alınması məqsədilə qəbul edilib. Sənəd ştat parlamentinin aşağı palatası tərəfindən təsdiq olunduqdan sonra imzalanması üçün qubernatora göndəriləcək.
Xatırladaq ki, ötən ilin fevralında Floridanın Parklend şəhərində məktəbdə baş vermiş atışma nəticəsində 17 nəfər həlak olub, 15 nəfər yaralanıb. 2009-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasında oxşar olay baş vermişdi. Həmin vaxt silahla təhsil ocağına hücum edən Fərda Qədirov 12 nəfəri qətlə yetirib, 13 nəfəri isə yaralamışdı.
Həmin günlərdə ölkədə təhsil ocaqlarına silahlı mühafizəçilərin yerləşdirilməsi geniş müzakirə edilən mövzulardan idi. Sonradan belə də oldu, ölkənin ən müxtəlif təhsil müəssisələrinə mühafizəçilər qoyuldu, amma onlara silah verilmədi.

Bəs Azərbaycanda kimlər silah gəzdirə bilər?

Azərbaycanda deputatlar xidməti silah gəzdirmək hüququna malikdirlər. Milli Məclis üzvlərinə silahın verilməsi ilk olaraq 1997-ci il dekabrın 30-da qəbul edilən “Xidməti və mülki silah haqqında” Qanunla tənzimlənib. 2001-ci ilin oktyabrında isə “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanuna əlavələr edilib. Bu qanunun 12.1-ci maddəsində deputatın təhlükəsizliyindən bəhs olunur.
“Deputatın təhlükəsizliyini təmin etmək məqsədi ilə ona Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada xidməti silah verilə bilər. Deputatın öz səlahiyyətlərini icra etdiyi bütün müddət ərzində qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda xidməti silahı saxlamaq, gəzdirmək və təyinatı üzrə istifadə etmək hüququ vardır, zəruri hallarda onun təhlükəsizliyi təmin edilir”, - deyə qanunda yazılır.
Azərbaycan Milli Məclisinin deputatları qanunla xidməti silah almaq üçün əvvəlcə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə müraciət etməlidir. Burada müraciətinə müsbət cavab verilən deputat daha sonra nazirliyin Təchizat İdarəsindən xidməti silah ala bilər. Qanunla hər bir silah alan deputat dövlətə müəyyən edilmiş rüsum ödəyir. Deputata silahla birgə 16 nömrələnmiş patron da verilir. Silah gəzdirmək istəyən parlament üzvü öncə onunla davranma qaydalarını bilməlidir. Bunun üçün həmin deputat DİN-in müvafiq qurumuna dəvət olunaraq təlimatlandırılır. DİN silah almaq istəyən deputatın sağlıq durumunu nəzərə alır.
Onu da qeyd edək ki, deputatlara silahla iclas zalına daxil olmaq qadağan edilib. Milli Məclisin üzvü iclas zalına daxil olmazdan öncə silahını nəzarətçiyə təhvil verməlidir.
Əvvəllər məhkum olunmuş, həqiqi hərbi xidmətdə olmayan, silahdan istifadə, silah gəzdirmə və daşıma qaydalarını bilməyən deputatlara silah verilməsini qanun məqbul hesab etmir.
Hazırda Azərbaycanda fəaliyyətdə olan deputatlarda silah yoxdur. Qanunun icrası ilə əlaqədar Daxili İşlər Nazirliyinin təlimatı qəbul edilib. Xidməti silahın verilməsi ilə bağlı deputatın müraciəti araşdırılarkən qanunvericiliyə və təlimata uyğun olaraq ölkədəki ictimai-siyasi vəziyyət, kriminogen durum nəzərə alınır. Əgər ölkədəki ictimai-siyasi vəziyyət və kriminogen durum deputatın silah gəzdirməsinə zərurət yaratmırsa, bu halda deputata xidməti silah verilmir. Bu baxımdan deputatlarda hazırda silah yoxdur. Deputatın öz səlahiyyətlərini icra etdiyi bütün müddət ərzində qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda xidməti silahı saxlamaq, gəzdirmək və təyinatı üzrə istifadə etmək hüququ var, zəruri hallarda onun təhlükəsizliyi təmin edilir.
Ümumilikdə isə vətəndaşlar DİN-ə müraciət edib müvafiq icazə almaqla ov silahları əldə edə bilərlər./musavat.com