“ABŞ terrorçulara silahdan sonra medal verdi” - FORPOST YARANMAQDADIR?

Baxış sayı:
4951

Separatçıların Suriyanın işğal edilmiş 150 yaşayış məntəqəsindəki “idarəçiliyinin” tanınması məqsədilə Dəməşqlə danışıq aparılır
ABŞ Xarici İşlər Nazirliyinin Suriya üzrə müşaviri Villiam Robak YPG-PKK terror təşkilatının mərasimində iştirak edib. Mərasimində YPG-nin musiqiçi qrupu ABŞ himnini çalıb. Robak bəzi terrorçulara medal verib. Türkiyənin terrorçulardan təmizlədiyi Afrin ilə bağlı şüarlar səsləndirilib. Qondarma “Zəfər abidəsi”nin açılışı olub.
PKK/YPG terror təşkilatına indiyə qədər minlərlə TIR dolusu silah və hərbi texnika verən, separatçı terror təşkilatına təlim keçib, “nizamlı ordu”ya bənzər bir təşkilat yaratmağa çalışan ABŞ Suriyada yeni addımlar atmağa başlayıb. ABŞ bu günə qədər xain təşkilata “İŞİD ilə döyüşürlər” bəhanəsi ilə dəstək verirdi. Lakin ötən həftənin son günlərində verilən açıqlamada artıq “İŞİD-in əlində torpaq qalmadığı” elan edildi. ABŞ-ın bundan sonrakı planının terror təşkilatını “qanuniləşdirmək” olduğu bildirilir.

Terrorçular amerikalı diplomat Villiam Robaka təşəkkürlərini bildiriblər

Terror təşkilatı internetdəki açıqlamasında Dəməşq hökumətini qurduqları qondarma idarəçilik orqalarını tanımağa çağırıb. Terror təşkilatının “rəhbərləri” şənbə günü keçirilən mərasimdə də türklərə qarşı nəzakətsiz şəkildə “Afrini tərk edin” çağırışı ediblər. Bu mərasim ABŞ ilə PKK arasındakı əməkdaşlığı bir daha nümayiş etdirmiş oldu.
Mərasimdə terror təşkilatının üzvlərindən ibarət qrup Amerikanın milli himnini çalıb. ABŞ Xarici İşlər Nazirliyinin Suriya üzrə müşaviri Villiam Robak mərasimdə iştirak edib. Robak terror təşkilatının başçıları olan Mazlum Kobani kod adlı Ferhat Abdi Şahin və Şahin Cilo ilə görüşüb. Təşkilat üzvlərini təbrik edib onlara medal verib. PKK/YPG üzvləri də amerikalı komandirlərə xatirə nişanları veriblər. Sonra isə PKK üzvləri ilə amerikalılar birlikdə qondarma zəfər abidəsinin açılışını ediblər.

Dəməşqlə təmasdadırlar

Türkcə Danışan Ölkələr Beynəlxalq Jurnalistlər Dərnəyinin baş katibi Güngör Yavuzaslan, son hadisələr barəsində Türkiyənin “Sözçü” qəzetinə belə bir açıqlama verib: “ABŞ-dan olan səlahiyytli nümayəndələr Menbiçdə və Fərat çayının şərq sahilində yerləşən 150 yaşayış məntəqəsində YPG terror təşkilatına və onun şaxəsi olan qondarma idarəçilərə dəstək verməyə davam edir. Bizim mənbələrimiz YPG rəhbərliyinin ötən günlərdə Suriyanın şimalındakı terror quruluşunun ABŞ nəzarətində fəaliyyətinə davam eləməsi istiqamətində işləri sürətləndirdiyini bildirib. Qarşıdakı günlərdə Dəməşq ilə terror təşkilatı arasında danışıqlar davam edə bilər. ABŞ PKK/YPG terror təşkilatını SDQ (Suriya Demoratik Qüvvələri) adı altında qanuniləşdirmək üçün diplomatik sahədə də çalışır”.