ABŞ-ın Suriyada müşahidəçi olması nə anlama gəlir? - Analiz

Belçikanın paytaxtı Brüsseldə keçirilən NATO Müdafiə Nazirlərinin Toplantısı Suriyadakı yeni prosesin yol xəritəsi üçün də dönüş nöqtəsi ola bilər.
ABŞ-ın müdafiə nazirinin əvəzi Patrik Şanahanın şimali Suriyada "Milli Koalisiya" qüvvələrindən ibarət qrup yaradaraq təhlükəsiz bölgəni "izləmək" istədiklərini deməsi mübahisələri də bərabərində gətirib.
Ekspertlərə görə, Türkiyənin mövcud şərtlərdə belə bir təklifi qəbul etməsi haradasa qeyri-mümkündür. Ancaq Türkiyənin irəli sürdüyü şərtlərin ABŞ başda olmaqla, koalisiya qüvvələri tərəfindən qəbul edildiyi təqdirdə müşahidə variantı müzakirə oluna bilər.
Təqaüddə olan general Fəxri Erenel Koalisiya Qüvvələri kimi tanınan birliyin içində ABŞ-ın da olduğunu xatırladaraq həmin gücün hazırda hərəkət mərkəzinin İncirlik olduğuna diqqəti çəkib.
ABŞ-ın “MÜŞAHİDƏÇİ OLAQ” TƏKLİFİ NƏ MƏNAYA GƏLİR?
ABŞ-ın nəzərdə tutduğu monitorinqin, "Türkiyənin bölgədəki ünsürlərlə protokol imzaladığı təqdirdə imza altına alınan şərtlərin həyata keçirilib, keçirilmədiyinin nəzarəti olaraq açıqlana biləcəyini vurğulayan Erenel, belə davam edib:
“ABŞ-ın regionda onsuz da bazaları və öz əsgərləri var. “Mən bunları çəkib, yerinə koalisiya güclərini qoyum” deyir. Eyni bölgədə terror ünsürləri də var.
Bu səbəblə Türkiyə bunu qəbul etməyəcək. Türkiyənin bu mövqeyi qəbul etməsi üçün mütləq müəyyən şərtləri olacaq. Nədir bu şərtlər?
Hər şeydən əvvəl ABŞ-ın Türkiyəyə etibarlı işarələr verməsi lazımdır.
Bölgədəki terror ünsürlərini daha cənuba, dərin bir sahəyə yönəltməlidir.
ABŞ ilə koordinasiyalı hərəkət edən terror amillərinin nə şərt altında olursa, olsun Türk ordusuna hücum etməyəcəyi təmin edilməlidir.
Hazırda davam edən konstitusiya görüşlərində Türkiyənin cənubunda qurulacaq bir terror bölgəsinə imkan verilməyəcəyi yer almalıdır".
DEMOQRAFİK QURULUŞ ƏN MÜHÜM GÖSTƏRİCİLƏRDƏN BİRİDİR
Erenel həmçinin, Türkiyənin mütləq surətlə üzərində dayanacağı digər bir məsələnin də bölgədəki demoqrafik struktura dair münasibəti olacağını vurğulayaraq, "Əgər oranı kənardan gələn ünsürlər tərk edərsə, bölgə keçmişdə olduğu kimi, öz doğma demoqrafik quruluşuna qayıdarsa, bunun başqa bir nəticəsi də olacaq. Nədir bu? Ərazinin əsl sahibləri olan, ancaq hazırda Türkiyəyə sığınan minlərlə Suriyalı yenidən öz torpaqlarına qayıdacaq" deyib.
ABŞ HAZIRDA SİYASƏTİNİ BİRMƏNALI ŞƏKİLDƏ FORMALAŞDIRMADI
Türkiyənin bu təməl prinsipləri qəbul edildiyi təqdirdə ABŞ-ın təklif etdiyi müşahidəçi olmaq təklifinin müzakirə edilə biləcəyini qeyd edən Erenel, əks təqdirdə nələr ola biləcəyini belə yekunlaşdırıb:
“Əgər mövcud şərtlərdə Türkiyə belə bir şeyə “olar” deyərsə, o zaman əməliyyat başlamadan “bitdi” deməkdir. Çünki siz oraya “Koalisiya Qüvvələri gələ bilər” desəniz, onda terror amilləri ilə yanaşı, 5-6 müxtəlif millətin əsgəri ilə də məşğul olmaq məcburiyyətində qalarsınız.
ABŞ davamlı olaraq yarı yolda fikrini dəyişdirən və hələ də dəqiq bir fikə gəlmədiyi vəziyyətdə irəliləməyə çalışır. İndi ortaya atdıqları ideya bir növ Kiprdəki sülhməramlı qüvvə əsgərlərinə bənzəmiş olacaq.
Müxalifət.az