“Qaçqınkom”da intihara cəhd etdi, ev verdilər - YENİLƏNİB

Gözdən əlil idmançı Natiq Novruzzadə: "4 aylıq kirayə pulumu da verdilər”
Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin binasından intihara cəhd olub.
“Bakupost” xəbər verir ki, məcburi köçkün, gözdən əlil idmançı Natiq Hüseynov mənzil problemləri ilə əlaqədar sədrin qəbuluna gəlib, məsələnin həll olunmadığını görən əlil binanın 4-cü mərtəbəsinə çıxaraq, şüşələri qırıb, qollarını kəsib.
Hadisədən dərhal sonra Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə cəlb olunub. Hadisə yerinə müğənni Manaf Ağayev də gələrək, onu intihar fikrindən daşındırıb.
Komitənin mətbuat xidmətindən bildirilib ki, şikayətçinin probleminin həllinə çalışılır: "Şikayətçinin əslində, mənzili var. Digər mənzili ilə bağlı yaranmış problemin həlli isə komitənin səlahiyyətlərinə aid deyil. Buna baxmayaraq, məsələni sədrimiz Rövşən Rzayev diqqətə götürüb. Vətəndaşımızın narazı qalmaması üçün lazım olan addımlar atılacaq”.
Qeyd edək ki, Qaçqın və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin binasında intihara cəhd edən məcburi köçkün, gözdən əlil idmançı Natiq Novruzzadənin problemi həll edilib.
N.Novruzzadə bu barədə “Qafqazinfo”ya məlumat verib. O qeyd edib ki, intihar cəhdindən sonra komitənin sədri Rövşən Rzayevin qəbulunda olub:
“Mənə Kürdəxanıda yeni tikilən binalardan 4 otaqlı mənzil verdi. Mənzilin sənədlərini də təqdim etdi. Dedi ki, bina oktyabr ayına kimi istifadəyə veriləcək. Bundan əlavə, 4 aylıq kirayə pulumu da verdilər”.
Onun sözlərinə bu ilin mart ayında Nizami rayonu Babək küçəsi – 87 ünvanında yerləşən evləri “Yusifoğlu” MMC tərəfindən sökülüb: “Həmin ünvanda 112 ailə məskunlaşmışdı. Onlardan 54-ü məcburi köçkün idi. 54 nəfərdən 27-sinin kompensasiyasını verdilər, bizi isə beş aydır ki, süründürürlər. Sonunda belə addım atmağa qərar verdim”.