"Malibu"da səslənən erməni mahnısı və 10 sutka həbs - DJ BUNU BİLİRMİŞ...

Nabranda yerləşən “Malibu” istirahət mərkəzində erməni mahnısının səsləndirilməsi ilə bağlı xəbərlər yayılıb. Məlumatlarda deyilir ki, iyulun 21-də axşam saatlarında Xudat Şəhər Polis Bölməsinə istirahət mərkəzində erməni mahnısının səsləndirilməsi ilə bağlı vətəndaşlardan şikayət daxil olub. Bölmənin rəisi Fəxrəddin Hacıyev də daxil olmaqla polislər mərkəzə gəlib, mahnını yarımçıq saxlayıblar. Mərkəzdə DJ kimi çalışan Abdul Xaliq oğlu Nağıyev polisə müqavimət ittihamı ilə saxlanılıb, Xaçmaz Rayon Məhkəməsinin qərarı ilə ona 10 sutka həbs cəzası verilib.
İstirahət mərkəzinin nəzarətçisi Ruslan Hüseynov isə virtualaz.org-a açıqlamasında onlarla münaqişədə olan şəxslər tərəfindən qəsdən qalmaqal yaradıldığını söyləyib. Onun sözlərinə görə, həmin gün türk müğənnisi Murad Yaprağın ifasında “Qəlbimi qırdın” mahnısı səsləndirilib. Mahnı türk dilində ifa olunduğundan ermənilərə məxsus olduğunu, türk dilinə tərcümə edildiyini bilməyiblər.
İnternetdə həmin mahnının iki versiyası var. Birində erməni müğənnisi ilə türk müğənnisi duet oxuyur, digər versiya Murad Yaprağın ifasındadır. Ruslan Hüseynov iddia edir ki, hadisədən sonra mərkəzə məxsus kompüter götürülüb, içərisinə mahnının erməni dilində olan versiyası yüklənib: “Mahnı kompüterə qalmaqaldan sonra yerləşdirilib, yükləmə tarixi isə silinib. Bizim erməni dilində mahnı səsləndirməkdə nə marağımız ola bilər?”
Nəzarətçi deyir ki, həbs olunan Abdul Nağıyev bu il işə götürülüb, öhdəsində azyaşlı uşaq olduğu üçün dolanmasına şərait yaradılıb.
Mərkəzin özünü təqdim etmək istəməyən əməkdaşı isə deyib ki, müştərilərdən biri ilə münaqişə yaşanıb, həmin şəxs də bu vasitə ilə mərkəzdən qisas alıb. Hətta dincələnənlərdən çoxu həmin şəxsin yüksək səslə rəhbərlikdən qisas alacağı hədəsini eşidib.
Saxlanılan Abdul Nağıyev isə “Qəlbimi qırdın” mahnısının ermənilərə məxsus olduğunu bildiyini etiraf edib.
Qeyd edək ki, istirahət mərkəzlərində erməni mahnısının oxunması ilk hadisə deyil. İyulun əvvəllərində Novxanıdakı istirahət mərkəzlərinin birində də erməni mahnısının səsləndirilməsinə dair yerli mətbuatda xəbərlər yayılmışdı.
Xudat Şəhər Polis Bölməsindən məsələyə münasibət bildirmək səlahiyyətində olmadıqlarını dedilər.