​PKK/YPG İLƏ ƏSƏD RAZILAŞDI

Baxış sayı:
4648

Muxalifet.az xəbər verir ki, PKK/YPG terror təşkilatı ilə Bəşər Əsədin rəhbərlik elədiyi Suriya hökuməti arasında razılaşma baş tutub – tərəflər hökumətin terrorçuların işğalı altında olan iki böyük su anbarından istifadə eləməsinə icazə verilməsi məsələsində razılıq əldə eləyiblər. Rakkadan olan etibarlı mənbələrin verdiyi xəbərə görə, bu razılaşma bir aylıq danışıqların nəticəsidir. Tabka Suriyanın ən böyük su anbarıdır, Tişrin su anbarı da Fərat çayının üzərində yerləşir. Razılaşmaya görə, hökumətə tabe olan briqadalar su anbarları idarələrində daimi şəkildə yerləşəcəklər. Bunun qarşılığında Suriya hökuməti PKK/YPG terror təşkilatının işğalı altındakı ərazilərə elektrik və su paylayacaq.
Digər tərəfdən isə PKK/YPG terror təşkilatı ilə hökumət arasında İraq sərhədindəki Deyr-əz-Zorda təşkilatın işğalı altında olan neft yataqlarının istismarı üçün də danışıqlar aparılır. Bu çərçivədə aralarında rus mütəxəssislərin də olduğu hökumət heyəti ölkənin ən böyük neft yatağı olan Əl Öməri də ziyarət edib. İyunun 2-də tərəflər arasında Əl Ömərdən çıxarılan neftin mübadilə edilməsi üçün razılaşma əldə edilmişdi. Rejim və PKK/YPG təqribən bir il əvvəl Suriyada təşkilatın işğal elədiyi Haseke rayonundakı sahələrdən çıxarılan neftin gəlirini paylaşmağı qərara almışdı. ABŞ-ın dəstəklədiyi terror təşkilatı Suriyadakı neft mənbələrinin təqribən 70 faizini işğal edib.
Suriya torpaqlarının dörddə birini işğal edən PKK/YPG, ABŞ-ın hərbi dəstəyi ilə ölkənin ən böyük üç su anbarını da ələ keçirmişdi. Fərat çayı üzərindəki su bəndləri ölkənin elektrik və suvarma ehtiyacının böyük bir qismini təmin edir.