Bakı meri vəzifəsi uğrunda savaş – YENİ İDDİALILAR KİMLƏRDİR...

Baxış sayı:
10573

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) rəhbəri vəzifəsi uğrunda hakimiyyət daxilindəki qruplar arasında cidd savaş gedir. Muxalifet.az etibarlı mənbəyə istinadən xəbər verir ki, son günlərə qədər bu posta iddialılardan biri kimi Gəncənin icra başçısı Elmar Vəliyevin adı çəkilirdisə, məlum olaylardan sonra yeni namizədlər ortaya çıxıb. İddia olunur ki, yeni iddiaçılardan biri “Bakı Ağ şəhər” layihəsinin və “Bakond” şirkətinin baş direktoru Ruslan Sadıxovdur. Ruslan Sadıxov Qeyd edək ki, R.Sadıxov Sumqayıt şəhər İcra hakimiyyəti başçısının 1-ci müavini Rövşən Sadıxovun qardaşıdır. Rövşən Sadıxov 2005-2006-cı illərdə İsmayıllı rayon İcra hakimiyyətinin başçısı vəzifəsində işləmişdir. O, keçmiş nazir Eldar Mahmudovun qudasıdır. Sadıxovlar əslən Laçın rayonundandır və keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin (OMON) başçısı, mərhum Rövşən Cavadovun qohumu kimi tanınırlar. Malik İsaqov Mənbə deyir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı postuna iddialı şəxslərdən ikincisi illərdir bu qurumda xüsusi səlahiyyətlərə sahib olan Nərminə İsaqovadır. Əslən Qubadlıdan olan N.İsaqovanın qardaşı Malik İsaqov hazırda eyniadlı rayonun icra başçısıdır. Bir sıra iddialara görə, Nərminə İsaqova hakimiyyətdə kifayət qədər əlaqələri olan xanımdır. Mediada yayılan məlumatlara əsasən, hazırda tikinti şirkətlərinə sərəncamların verilməsi birbaşa onun kurasiyasındadır. Təbii olaraq, sərəncamı vermək üçün tələb edilən qeyri-rəsmi ödənişin yığılması ilə da xanım İsaqovanın məşğul olduğu bildirilir. Zakir İbrahimov Yeri gəlmişkən, mediada Bakı meri vəzifəsinə iddialılar arasında “Azər Gold” QSC-nin sədri Zakir İbrahimovun da adı hallanır. Bildirilir ki, Zakir İbrahimovun qaynatası Kamran İmanov Müəllif Hüquqları İdarə Heyyətinin sədridir, özü isə vergilər Naziri Mikayıl Cabbarovun bacanağıdır. O, eyni zamanda sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin xüsusilə, onun qardaşı Rafiq Əliyevin ailəvi dostu və kadrı kimi tanınır. Çünki o, 1998-2004- cü illərdə Rafiq Əliyevin rəhbərlik etdiyi “Azpetrol MMC” də müxtəlif vəzifələrdə işləyib, sonra isə “Strateji araşdırmalar və ictimaiyyətlə əlaqələr” departamentinin direktoru olub. 2005-2009-cu illərdə Moldova Respublikasında Rafiq Əliyevə məxsus olan (bu gündə ona məxsus olan ) “Azpetrol SRL” və “EVR İTD” şirkətinin direktoru işləyib. O, 2009-cu ildə “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin olunub. Xatırladaq ki, 21 apreldə prezident İlham Əliyevin Nazirlər Kabinetinin yeni tərkibi haqqında məlum sərəncamından sonra Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov tutduğu vəzifədən azad olundu. Digər sərəncamla o, baş nazirin müavini təyin edildi. Həmin sərəncamdan bu günə qədər Bakı Şəhər İcra Hakimiyyəti başçısı postu boşdur. Hazırda müvəqqəti olaraq Bakı meriyasına Fidumə Hüseynova rəhbərlik edir. Günay Əsədova, Muxalifet.az