İrandan Türkiyə sərhədi ilə bağlı MÜHÜM AÇIQLAMA

Baxış sayı:
3151

“NATO qüvvələri Suriya sərhədinə yerləşdirilə bilməz”

Muxalifət.az Hurriyyet.org-a istinadən xəbər verir ki, İranın ali dini lideri Ayətullah Əli Xamaneinin xarici siyasət üzrə müşaviri Əli Əkbər Vilayəti NATO-nun Türkiyə-Suriya sərhədində öz qüvvələrini yerləşdirməsinin “həyata keçməyəcək xəyal” olduğunu deyib. Vilayəti İranın Suriyadakı hərbi varlığı ilə bağlı qərarlarını İsrail ilə müzakirə eləməyəcəyini vurğulayıb.

Rusiyanın paytaxtı Moskvadakı Valdai klubunda çıxış edən Vilayəti İran hərbi müşavirlərinin Suriya və İraq hakimiyyətinin icazəsi və istəyi ilə həmin torpaqlarda olduğunu qeyd edib: “Həmin ölkələrin rəhbərlikləri hərbi müşavirlərimizə ehtiyac hiss eləmədiklərini dedikləri zaman İran zərrə qədər tərəddüd eləmədən oranı tərk edəcəkdir”.

Vilayəti İranın Suriyadakı varlığının İsrailə heç bir aidiyyatı olmadığını, bu məsələ ilə bağlı Rusiya və Suriya ilə razılaşdıqlarını söyləyib. Vilayəti bildirib ki, İran Amerikadan müdafiə olunmaqda Suriyaya yardım edəcəkdir. Qeyd edək ki, Vilayəti Moskva səfəri çərçivəsində Rusiya prezidenti Vladimir Putin ilə görüşmüşdü.