“Gürcüstanda hakimiyyət dəyişikliyi mümkündür” - QABİL HÜSEYNLİ

Baxış sayı:
3322

Bir neçə gündür ki, Gürcüstanın paytaxtı Tiflisdə etiraz aksiyalarının keçirilməsi əslində, oktyabrda bu ölkədə keçiriləcək prezident seçkiləri ilə birbaşa əlaqəlidir. Baxmayaraq ki, 2017-ci ilin dekabr ayında Tiflisdə qətlə yetirilmiş iki gəncin işiylə bağlı təqsirləndirilən şəxslərin azadlığa buraxılması parlament binasının qarşısında etiraz aksiyasına səbəb olub, əslində, bir fərdə, bir ailəyə qarşı ədalətsizliyi “bu gün ona, sabah mənə” düşüncəsi ilə bütün cəmiyyətin ortaq problemi kimi qavrayan Gürcüstan cəmiyyəti həm də bu aksiyalarla hazırkı iqtidardan narazılıqlarını ifadə edirlər. Bununla da prezident seçkiləri öncəsi ölkədə siyasi stuasiyanın dəyişməsinə şərait yaradırlar.
Məsələ ilə bağlı Gürcüstanın baş prokuroru İrakli Şotadze istefa versə də, aksiyalara rəhbərlik edən qətlə yetirilmiş şagirdlərdən birinin atası Zaza Saralidze dünən bildirib ki, aksiyalar hökumət istefa verənə qədər davam edəcək. Göründüyü kimi, “Gürcü arzusu” blokunun təmsilçilərinin hələ seçkilərdən öncə hakimiyyətdən getməsi gündəmə gəlib ki, bu da Gürcüstanda prezident seçikiləri ərəfəsi vəziyyətin gərginləşdiyini ortaya qoyur.
Dünən Tiflis metropoliteninin bütün stansiyalarının fəaliyyətinin səhər saatlarından etibarən dayandırılması da onu göstərir ki, Gürcüstanda hakim rejimdən narazlıq ciddi şəkildə artıb. Buradan da aydın görünür ki, prezident seçkiləri öncəsi narazlıqların kəskin ifadə olunması siyasi maraqlara xidmət edir.
Qeyd edək ki, Tiflis metropoliteninin işçilərinin orta aylıq əməkhaqqı 1038 lari (421 dollar) təşkil edir. Metro işçiləri saatlıq əmək haqlarının 7 laridən 10 lariyə qədər artırılmasını tələb edirlər. Əmək haqlarının artırılmasını tələb edən metro işçiləri tələbləri yerinə yetirilməyənə qədər tətili davam etdirəcəklərini bildiriblər. Onlar aclıq askiyasına da başlamağı planlaşdırırlar.
Ədalətsiz məhkəmə qərarı ilə bağlı etiraz aksiyalarının davam etdiyi bir vaxtda metropoliten işçilərinin əməkhaqqının artırılması tələbi ilə Tiflisdə metronun fəlaiyyətini dayandırması da onu göstərir ki, prezident seçkiləri ilində Gürcüstanda siyasi sabitlik ciddi şəkildə pozula bilər. Çünki bundan sonra, başqa tələblərin də gündəmə gəlməsi ehtimalı var. Çünki Gürcüstanda siyasi prosesləri dəyişmək istəyən qüvvə var ki, bu da hər kəsə bəllidir. Bu, 3 il Ukrayanaya girişinə qadağa qoyulan keçmiş Gürcüstan prezidenti Mixail Saakaşvilidir ki, oktaybrda ölkədə keçiriləcək prezident seçkilərində nəyəsə nail olmağa ümidlidir.
Nəzərə alsaq ki, 1 ay öncə Saakaşvili Gürcüstana qayıtımaq, siyasi prosesləri dəyişmək niyyəti ilə bağlı sosial şəbəkələr vasitəsilə bəyantlar verib, o zaman qonşu ölkədə baş verən proseslərdə sabiq prezidentin barmağının olması istisna deyil.

“Proseslərin genişləndirilməsi perspektivləri var”

Tiflisdə keçirilən etiraz aksiyaları ilə bağlı keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli “Hürriyyət”ə dedi ki, burada ədalətsiz məhkəmə qərarı bəhanədir: “Bu, vəsilə rolunu oynayır. Məncə, əsas səbəb Gürcüstanda “Gürcü arzusu” blokunun apardığı siyasətdən ciddi narazılıqların olmasıdır. “Gürcü arzusu” bloku Rusiya ilə münasibətləri inkişaf etdirmək istəyir və bu istiqamətdə də müəyyən addımları atır. Ticarət əlaqələri yaranıb, vizalı da olsa, gediş-gəliş var və bu məsələləri daha da inkişaf etdirmək arzusundadır. Bütün bu proseslərə Rusiyada varlanmış Bidzina İvanaşivili rəhbərlik edir. Düzdür, Gürcüstanın Rusiya ilə əlaqələrinin daha da inkişaf etdirilməsində tərəfdarı olan Nino Burcanadze kimi bir partiya lideri də var. O, Rusiyanı bir nömrəli tərəfdaş kimi dəyərləndirir. Rusiya ilə münasibətlərin hərtərəfli olmasını istəyən xanım Qərblə münasibətlərə o qədər də isti yanaşmır. Amma bütün bunlara baxmayaraq, ölkədə “Gürcü arzusu” blokunun və onun rəhbəri milyarder Bidzina İvanaşivlinin siyasətindən narazı olan kütlə çoxdur. Zənnimcə, Saakaşvilinin bu proseslərdə müəyyən rolu var. Çünki o, təxminən bir ay bundan əvvəl Amsterdam şəhərində gürcü müxalifətinin nümayəndələri ilə görüşdü və görüşdən sonra bəyan etdi ki, onun əsas məqsədi Gürcütana qayıtmaqdır və Gürcüstanda siyasi prosesləri dəyişdirməkdir. İndi həmin siyasi proseslər başlayıb. Düzdür, siyasi proseslər hələ tam müxalifətin bütün palitrasını əhatə etmir, əhali hələ ona çox da geniş dəstək verməyib. Mətbuatın məlumatına görə, hələ ki, 2-3 min adam fəal hərəkət edir. Amma bu proseslərin genişləndirilməsi perspektivləri də var. Proseslər Saakaşvli ölkəyə gəlməklə inkişaf edə bilər. Yəqin ki, buna şəraitin olub-olmamasını araşdırmaq lazımdır. Prosesləri genişləndirmək üçün elektoratın fəal iştirakını təmin etmək lazımdır, hələ ki, buna nail olunmayıb”.

“Tiflisdə metronun fəaliyyətini dayandırması çox ciddi faktordur”

Q.Hüseynli vurğuladı ki, Tiflisdə metronun fəaliyyətini dayandırması ciddi hadisədir: “Çünki “Gürcü arzusu” bloku çox böyük vədlərlə hakimiyyətə gəlmişdi. Amma o verdiyi vədlərin heç 10 faizini yerinə yetirməyib, xüsusilə əhalinin maddi rifahının yüksəldilməsi, sosial təminatın, maaşların, müavinətlərin, təqaudlərin artırılması ilə bağlı verdiyi vədlərin heç birini yerinə yetirməyib. Bu nöqteyi-nəzərdən əhali kiminsə qızışdırması nəticəsində yox, sadəcə olaraq siyasi şüurunun diktəsi ilə, eyni zamanda Bidzina İvanaşvilinin verdiyi vədləri xatırlayaraq və onun yerinə yetirilmədiyini nəzərdə tutaraq proseslərə təkan verib. Tiflisdə metronun fəaliyyətini dayandırması çox ciddi faktordur. Bu, onu göstərir ki, əhalinin digər kateqoriyası, yəni avtobus sürcüləri və yaxud zəif də olsa fəaliyyət göstərən müxtəlif sənaye sahələrində çalışanlar da bu prosesə qatıla bilər. Dünən Rustaveli prospektindəki qurulmuş barikadaları polis yığışdıra bilmişdi və hərəkəti bərpa edə bilmişdi. Amma metro işçilərinin tətilə başlaması onu göstərir ki, Gürcüstanda proseslərin hələ sonu görünmür. Bu proseslər yeni bir güc, dalğa ilə davam edə bilər”.

“Bu prosesin davamlı olacağı qənaətindəyəm”

Q.Hüseynli diqqətə çatdırdı ki, “Gürcü arzusu” blokundan təşkil edilmiş mövcud hakimiyyətdə prezident baş nazirlə o qədər də yaxşı münasibətdə deyil: “Yəni onların arasında ziddiyyət var. Hər halda, parlamentar sistemə malik olan Gürcüstanda baş nazir və hakimiyyətin digər qolları “Gürcü arzusu” blokundan təşkil olunublar. Amma dediyim kimi, “Gürcü arzusu” blokundan ciddi narazılıqlar var. “Gürcüsü arzusu” bloku ölkənin büdcəsinin az qala 50 faizə qədərini Azərbaycandan alınan vəsaitlər, yəni tranzit xərclərinin və digər layihələr hesabına gələn gəlirlər hesabına formalaşdırmasına baxmayaraq, Ermənistanı blokadadan çıxaracaq addımlara yol atır. Bu yaxınlarda Gürcüstana səfər edən Ermənistanın baş naziri Paşinyan Cavaxetiya erməniləri ilə görüş təşkil etmişdi. Halbuki, Cavaxetiya erməniləri Abxaziyanın Gürcüstandan ayrılmasında böyük rol oynayan qüvvələrdən biri idi. Abxaziyada olan ermənilərin yaratdıqları qoşun kontingenti gürcülərə qarşı müharibənin sonuna kimi vuruşublar. Bütün bunlara baxmayaraq, prinsipsizlik edərək ona yaxşılıq edən Azərbyacana qarşı addımlar atmağa başlayıblar. Bu da bu hakimiyyətin prinsipsiz və riyakar bir hakimiyyət olduğunu ortaya çıxarır. Onlar öz xalqlarına qarşı da belə prinsipsizdirlər. Məsələn, Gürcüstanda olan bütün banklar Bidzina İvanaşvilinin nəzarəti altındadır, o banklardan milyonlarla pul əldə edir və özünün 5 milyardlıq varidatının üstünə yeni varidat gətirir. Xalq bunu bilməmiş deyil və yaxşı başa düşür ki, hakimiyyətdəki adamlar varlanmağa və verdiyi vədləri unutmağa başlayıblar. Elə buna görə də mən bu prosesin davamlı olacağı qənaətindəyəm. Bu, hətta Gürcüstanda hakimiyyət dəyişikliyinə də gətirə bilər”.

“Saakaşviliyə rəğbət bəsləyən siyasi qüvvələr az deyil”

“Saakaşvilinin proseslərə təsir imkanları nə dərəcədədir” sualına isə politoloq belə cavab verdi: “Əvvəla, Saakaşvilinin vaxtilə yaratdığı partiya parçalansa, bir hissəsi hakimyyətlə sövdələşsə də, yerdə qalan hissələr, (onların içərisində keçmiş azərbyacanlı deputat Azər Süleymanov da var) fəaliyyət göstərir. Və kifayət qədər də səmərəli fəaliyyət göstərir. Bundan başqa, Saakaşviliyə rəğbət bəsləyən siyasi qüvvələr az deyil. Zənnimcə, Saakaşvili həmin siyasi qüvvələr vasitəsilə hələ ki, zəif olan və formalaşma prosesi gedən siyasi qüvvələr blokunun yaradılmasına nail olub. Siyasi qüvvələr bloku elektoratı öz ətrafına cəmləməyə başlayıb. Mən bu blokun gələcəkdə ciddi dəstək alacağına inanıram və hesab edirəm ki, Qərb dairələrində “Gürcü arzusu” blokundan pəjmürdəlik var və onlar bu blokun Rusiyayönlü siyasətini rəğbətlə qarşılamırlar”.

Şamo EMİN