Ərdoğan Kiyevdə bir daha təkrarladı: böyük hədəf... – Şərh

Krım Ukrayna qədər Türkiyə üçün də qırmızı çizgidir, Ankara yarımadanın Rusiyaya “məxsusluğunu” heç zaman qəbul etməyəcək, bunu Türkiyə Prezidenti Kiyevdə bir daha təkrarladı. Ən əsası isə bu məsələdə hər iki dövləti bir-birinə dərin tellərlə bağlayan Krım türkləri amili var.
Muxalifet.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynaya səfərini şərh edərkən qeyd edib. Onun sözlərinə görə, Ukrayna Prezidenti Pyotr Poroşenkonun Türkiyə ilə mümkün olan bütün sahələrdə əməkdaşlıq etmək istədiyi hiss olunur:
"Poroşenko bu mənada Türkiyə-Rusiya əməkdaşlığından geri qalmaq istəmir. Əlbəttə, çətindir. Rusiyanın xarici siyasət və təhlükəsizlik siyasətinin qatı tənqidçilərindən olsam da, bu dövlətin Türkiyə ilə əməkdaşlığındakı potensialının Ukraynanın potensialını dəfələrlə üstələdiyini vurğulamaq məcburiyyətindəyəm. Məsələn, Rusiya Türkiyədə dəyəri on milyardlarla dollar həcmində olan atom elektrik stansiyası tikəcək. Amma Ukraynanın buna oxşar investsiya imkanları yoxdur".
Politoloq qeyd edib ki, lakin Türkiyə Ukrayna ilə əməkdaşlığın bütün sahələrində irəriləyiş əldə etməyin hesablarını diqqətə almalıdır:
“Türkiyə bütün yumurtaları eyni səbətə yığmamalıdır. Çünki Ukrayna böyük bazardır, Türkiyə şirkətləri üçün bu bazarda böyük imkanlar var. Prezidentlər Kiyevdəki görüşdə qarşılarında böyük hədəf qoydular: İki ölkə arasında ticarət mübadiləsi 10 milyard dollara çatdırılmalıdır. Ərdoğanın Ukraynaya səfərinin nəticəsi olaraq Kiyedə Yunus Əmrə Mədəniyyət Mərkəzi fəaliyyətə başlayacaq”.
Politoloq vurğulayıb ki, ümumiyyətlə prezidentlər Kiyevdə 9 saziş imzaladılar:
“Ukrayna xarici işlər naziri Pavlo Klimkin Bakıda səfərdə olan zaman Ukrayna-Türkiyə-Azərbaycan üçlü formatının yaradılmasıyla bağlı müsbət fikirlər səsləndirmişdi. Bu üçlü formatın da qısa zamanda reallaşması gözlənilir”.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Ukraynaya rəsmi səfər edib.